22/07/2026
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfəri çərçivəsində işğaldan azad edilmiş Kəlbəcər rayonunda olub. Nümayəndə heyəti Kəlbəcər şəhərində və İstisu ərazisində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, infrastruktur layihələri, regionun sosial-iqtisadi inkişafı və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində görülən tədbirlərlə yaxından tanış olub.
Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev tərəfindən qonaqlara rayonda həyata keçirilən bərpa-quruculuq layihələri, yaradılan müasir infrastruktur, əhalinin mərhələli şəkildə doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində görülən işlər, eləcə də qarşıda duran inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir şəhərsalma prinsipləri əsasında genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işləri ardıcıl şəkildə davam etdirilir.