M.Şabanov adına Katex 3 saylı tam orta məktəb

M.Şabanov adına Katex 3 saylı tam orta məktəb Balakən rayonu Katex kəndi M.Şabanov adına Katex 3 nömrəli tam orta ümumtəhsil məktəbi

Məktəb kollektivi adından ali məktəblərə qəbul olan bütün məzunlarımızı ürəkdən təbrik edirik!Bu uğur sizin zəhmətinizin...
24/08/2026

Məktəb kollektivi adından ali məktəblərə qəbul olan bütün məzunlarımızı ürəkdən təbrik edirik!
Bu uğur sizin zəhmətinizin, əzminizin və müəllimlərinizin əməyinin gözəl nəticəsidir.
Sizlərlə fəxr edir, gələcək təhsil və həyat yolunuzda hər birinizə böyük uğurlar arzulayırıq.
İnanırıq ki, qazandığınız bilik və təcrübə ilə gələcəkdə ölkəmizə layiqli vətəndaşlar kimi xidmət edəcəksiniz.
Yolunuz daim açıq, uğurlarınız bol, arzularınız gerçək olsun! 🎓🌟

Laçın şəhəri günü- Tarixi Zəfərin daha bir simvoluLaçın şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. 2022-ci il av...
24/08/2026

Laçın şəhəri günü- Tarixi Zəfərin daha bir simvolu

Laçın şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. 2022-ci il avqustun 26-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqına bu möhtəşəm xəbəri çatdırdı.
“Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”, - Ali Baş Komandan bu tarixi sözləri ilə hamımızı sevindirdi.
1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu (1 şəhər, 1 qəsəbə və 125 kənd) 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub. Belə əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib.
2020-ci il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən İkinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi.
Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsini Azərbaycanın hərbi və diplomatik qələbəsidir.
Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna dəfələrlə səfər edib. 2023-cü il avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinnin, mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib.
2025-ci il may ayında 11,2 ha ərazidə “Laçın” İstirahət Kompleksi istifadəyə verilib. May ayının 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdöğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib, sonra iki qardaş ölkənin rəhbərləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.
Həmçinin ötən il mayın 28-də Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib. Həmin gün Laçında hər üç dövlətin rəhbərlərinin iştirakı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib.
Nəhayət bu il iyulun 11-də Prezident İlham Əliyev Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib və “Həkəriçay” su anbarının təməlini qoyub.
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir.
Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq. Artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb, kotteclər tikilib. Burada çimərlik də fəaliyyət göstərəcək. İnsanların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub.
Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək.
Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunub və bu istiqamətdə işlər davam etdirilir.
Bu gün Laçın şəhərinin küçələri ilə gəzərkən genişmiqyaslı quruculuq işləri ilə yanaşı 30 ildən sonra doğma yurdlarına qayıtmış laçınlıların çöhrəsində qürur və sevinc ifadəsinin şahidi olur, yeni həyatın başlandığını göstərən evlərdən, həyətlərdən insanların danışıq və gülüş səslərini eşidirik.
Dövlət başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.
Ali Baş Komandan İlham Əliyev 2023-cü il “Laçın Şəhəri Günü” bayram tədbirindəki çıxışında söyləmişdir: “Xatırlayıram, 50 yaşım tamam olanda mən laçınlılarla Qarabağda, Qarabağın Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində görüşmüşdüm və onlara demişdim ki, - yeni köçkün şəhərciyi açılırdı, - dövlət sizi daha yaxşı şəraitlə təmin edir, ancaq torpaqlarımız azad olunandan sonra sizin üçün Laçında daha gözəl şərait yaradacağıq və belə də oldu. Əlli yaşımı Ağcabədidə laçınlılarla qeyd etmişəm, 60 yaşımı Şuşada qeyd etmişəm, Cıdır düzündə, bu gün də Laçın Şəhəri Günündə sizinlə birlikdə bu bayram tədbirlərində iştirak edirəm. Bu böyük xoşbəxtlikdir, mənim üçün, sizin üçün, hər birimiz üçün. Biz xoşbəxt günləri yaşayırıq və əminəm ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük”.

Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixəvə strateji tərəfdaşlığa əsaslanırAzərbaycan Respublikasının Prezidenti ...
22/08/2026

Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixə
və strateji tərəfdaşlığa əsaslanır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin bugünkü səviyyəsini və gələcək inkişaf istiqamətlərini qiymətləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Müsahibə yalnız ikitərəfli əlaqələrin ayrı-ayrı sahələrinə dair məlumatların təqdimatı deyil, eyni zamanda Azərbaycan–Özbəkistan münasibətlərinin hansı strateji məzmun qazandığını və bu münasibətlərin Türk dünyası, Mərkəzi Asiya və bütövlükdə Avrasiya geosiyasətində hansı imkanlar yaratdığını göstərən mühüm siyasi mesajlar toplusudur.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəsini göstərməklə yanaşı, bütövlükdə Türk dünyasının gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi mesajlarla zəngindir. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan ilə Özbəkistan arasında münasibətlər artıq ənənəvi dostluq və strateji tərəfdaşlıq çərçivəsini aşaraq müttəfiqlik, ortaq geosiyasi maraqlar və uzunmüddətli strateji hədəflər üzərində qurulan yeni mərhələyə daxil olub.
Azərbaycan və Özbəkistan münasibətlərinin ən mühüm xüsusiyyəti onların yalnız siyasi maraqlara söykənməməsidir. Ortaq tariximiz, dilimiz, mədəniyyətimiz, mənəvi dəyərlərimiz və xalqlarımız arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət dövlətlərarası münasibətlərin möhkəm ictimai və mənəvi bazasını təşkil edir.
Prezident İlham Əliyevin müsahibəsində də xüsusi vurğulandığı kimi, məhz bu möhkəm təməl üzərində qurulan münasibətlər son illərdə ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəlib.
Bu yüksəlişdə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimad və səmimi dostluq münasibətlərinin xüsusi rolu vardır. Son beş ildə dövlət başçıları səviyyəsində 15 qarşılıqlı səfərin həyata keçirilməsi münasibətlərin intensivliyini göstərən olduqca mühüm göstəricidir.
Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü modeli Türk dünyasında dövlətlərarası əməkdaşlığın uğurlu nümunələrindən biri kimi qiymətləndirilməlidir. Burada tarixi bağlılıq konkret siyasi iradə, iqtisadi maraqlar və ortaq gələcək vizyon ilə tamamlanır.
2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana, 2025-ci ildə isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfərləri zamanı imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” bu tarixi yaxınlığa artıq konkret hüquqi-siyasi məzmun verir.
Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm üstünlüklərindən biri siyasi dialoqun iqtisadi əməkdaşlığa çevrilməsidir. Artıq söhbət yalnız qarşılıqlı ticarətdən deyil, ortaq investisiyalardan, birgə istehsaldan, energetika, nəqliyyat və logistika layihələrindən gedir.
2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması bu dinamikanın real iqtisadi ifadəsidir. Eyni zamanda, 500 milyon dollar ümumi kapitalla yaradılmış Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti qarşılıqlı investisiyaların genişləndirilməsi üçün mühüm institusional platformaya çevrilib.
Bu faktlar bir həqiqəti təsdiqləyir: Azərbaycan və Özbəkistan artıq yalnız ticarət tərəfdaşları deyil. İki ölkə birgə iqtisadi məkanın elementlərini formalaşdırmağa başlayan strateji tərəfdaşlardır.
Energetika sahəsində əməkdaşlığın genişlənməsi, xüsusilə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaradılmış “Yaşıl Dəhliz Birliyi”nin fəaliyyəti isə münasibətlərin gələcəyə hesablandığını göstərir. Xəzər üzərindən Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Azərbaycan vasitəsilə Qərb istiqamətinə çıxarılması perspektivi ölkəmizin regional enerji mərkəzi kimi rolunu daha da gücləndirir.
Prezident İlham Əliyevin müsahibəsində diqqəti cəlb edən ən mühüm strateji istiqamətlərdən biri nəqliyyat və logistika məsələsidir.
Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi iki ölkəni Şərqlə Qərbi birləşdirən marşrutların təbii tərəfdaşlarına çevirir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP ilə inteqrasiyası perspektivi isə bütövlükdə Avrasiya nəqliyyat xəritəsini dəyişdirə biləcək miqyasda layihədir.
Burada Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətin strateji nəticəsini xüsusilə görmək lazımdır. Azərbaycan artıq yalnız Cənubi Qafqaz ölkəsi kimi çıxış etmir. Ölkəmiz Mərkəzi Asiya–Xəzər–Cənubi Qafqaz–Türkiyə–Avropa geosiyasi və geoiqtisadi xəttinin əsas birləşdirici həlqələrindən birinə çevrilib.
Bu baxımdan Orta Dəhlizin əhəmiyyəti sırf tranzit gəlirləri ilə ölçülməməlidir. Bu dəhliz türk dövlətlərini coğrafi, iqtisadi və nəticə etibarilə siyasi baxımdan bir-birinə daha sıx bağlayan strateji infrastrukturdur.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən ən mühüm geosiyasi məqamlardan biri Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlıdır.
Azərbaycanın bu formata qoşulması nəticəsində əvvəllər “C5” kimi xarakterizə olunan əməkdaşlıq mexanizmi faktiki olaraq “C6” formatına çevrilib.
Azərbaycan coğrafi baxımdan Xəzərin qərb sahilində yerləşsə də, siyasi, tarixi, mədəni və iqtisadi baxımdan Mərkəzi Asiya ilə getdikcə daha sıx inteqrasiya olunur. Beləliklə, Xəzər dənizi artıq ayırıcı coğrafi məkan deyil, Azərbaycanla Mərkəzi Asiyanı birləşdirən strateji körpüyə çevrilir.
Prezident İlham Əliyevin ardıcıl xarici siyasətinin mühüm nəticələrindən biri məhz budur: Azərbaycan müxtəlif regionların kəsişməsində yerləşən dövlətdən həmin regionları birləşdirən siyasi və iqtisadi mərkəzə çevrilir.
Azərbaycan–Özbəkistan münasibətlərini Türk dünyasında gedən böyük inteqrasiya prosesindən kənarda qiymətləndirmək mümkün deyil.
Prezident İlham Əliyevin müsahibəsində Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlı verilən mesajlar xüsusi əhəmiyyət daşıyır. Qəbələdə keçirilmiş TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə təşkilatın möhkəmləndirilməsi, Türk dünyasında daha sıx birliyin təmin olunması, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması və qlobal arenada təsir və güc mərkəzinə çevrilməsi istiqamətində mühüm qərarların qəbul edilməsi təsadüfi deyil. Bu, Türk Dövlətləri Təşkilatının gələcəyi haqqında kifayət qədər aydın strateji baxışdır.
Dünyada yeni güc mərkəzlərinin formalaşdığı, ənənəvi beynəlxalq münasibətlər sisteminin ciddi transformasiya keçirdiyi bir dövrdə Türk dünyasının böyük demoqrafik potensialı, zəngin enerji ehtiyatları, Şərqlə Qərb arasındakı strateji coğrafiyası və ortaq tarixi-mədəni bazası onun beynəlxalq münasibətlər sistemində çəkisini artırır.
Azərbaycan və Özbəkistan bu prosesin aparıcı dövlətləri sırasındadır. Ölkələrimizin TDT çərçivəsində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat-logistika imkanlarının və humanitar əməkdaşlığın inkişafına verdiyi töhfə Türk dünyasında inteqrasiyanın real məzmun qazanmasına xidmət edir.
Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu və milli maraqlara əsaslanan siyasətin nəticəsində Azərbaycan regionda prosesləri müşahidə edən deyil, yeni əməkdaşlıq formatlarının formalaşmasında iştirak edən, təşəbbüs irəli sürən və müxtəlif geosiyasi məkanları birləşdirən dövlət mövqeyindədir.
Azərbaycan–Özbəkistan müttəfiqliyinin güclənməsi də məhz bu siyasətin mühüm tərkib hissəsidir. İki qardaş dövlət arasında yüksələn strateji tərəfdaşlıq Azərbaycan və Özbəkistan xalqlarının rifahına xidmət etməklə yanaşı, Türk dünyasının birliyini möhkəmləndirir, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni əməkdaşlıq məkanı yaradır və Avrasiyanın gələcək siyasi-iqtisadi arxitekturasının formalaşmasına mühüm töhfə verir.
Bu baxımdan Prezident İlham Əliyevin Özbəkistan mediasına verdiyi müsahibə təkcə Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü mənzərəsi deyil, eyni zamanda Azərbaycanın Türk dünyası və Mərkəzi Asiya ilə bağlı uzunmüddətli strateji baxışının ifadəsidir.

Naxçıvan Azərbaycan dövlətçilik və mədəniyyət tarixininmühüm mərkəzlərindən biridirAzərbaycan Respublikasının Prezidenti...
14/08/2026

Naxçıvan Azərbaycan dövlətçilik və mədəniyyət tarixinin
mühüm mərkəzlərindən biridir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 11-də Naxçıvana 17-ci səfəri respublikamızın siyasi, iqtisadi və sosial həyatında mühüm hadisəyə çevrildi. Səfər zamanı Prezident İlham Əliyevin iştirakı ilə həyata keçirilən açılış və təməlqoyma mərasimləri göstərdi ki, qədim Azərbaycan yurdu Naxçıvanın inkişafı, yüksəlişi və təhlükəsizliyi hər zaman ölkə rəhbərinin xüsusi diqqət mərkəzindədir. Bu, həm də muxtar respublikanın inkişafının sürətli, davamlı və dinamik olduğunun əyani göstəricisidir.
Naxçıvan Azərbaycan dövlətçilik və mədəniyyət tarixinin mühüm mərkəzlərindən biridir. Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə bu məqam xüsusi şəkildə vurğulanır. Müsahibədə Naxçıvanın tarixi-mədəni irsinin qorunması, milli kimliyin yaşadılması, Ümummilli Lider Heydər Əliyev irsi, şəhərsalma, yaşıl enerji, turizm, yeni idarəetmə modeli və Qarabağla Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası bir-biri ilə bağlı şəkildə təqdim edilir.
Naxçıvanın inkişafında ilk baxışdan fərqli görünən iki istiqamətin — milli kimliyin qorunması ilə müasir texnologiyaların tətbiqinin — əslində bir-birini tamamlaması diqqət çəkir. Bir tərəfdə Möminə xatun məqbərəsi, Əcəmi Naxçıvaninin memarlıq irsi, digər tərəfdə Günəş elektrik stansiyaları, batareya saxlanc sistemləri, elektrik avtobusları və müasir şəhər planlaşdırılması dayanır. Bu iki istiqamət birlikdə Naxçıvanın həm keçmişinə, həm də gələcəyinə əsaslanan inkişaf modelini formalaşdırır.
Naxçıvanın tarixi-mədəni irsi onun ən böyük üstünlüklərindən biridir. Prezident İlham Əliyevin müsahibəsində Naxçıvanın qədim Atabəylər dövlətinin paytaxtı olduğu və bu dövrə, eləcə də sonrakı mərhələlərə aid dünya əhəmiyyətli abidələrin mövcudluğu qeyd olunur. Bu irs yalnız keçmişin yadigarı deyil, həm də müasir Azərbaycanın milli identikliyinin mühüm elementlərindən biridir. Möminə xatun məqbərəsinin bərpasına xüsusi diqqət yetirilməsi də bunun göstəricisidir. Əcəmi Naxçıvaninin irsinin yaşadılması bu siyasətin başqa bir mühüm nümunəsidir. Bu yanaşma göstərir ki, şəhərsalma yalnız yeni binaların tikilməsi deyil, həm də mövcud tarixi simanın qorunması prosesidir.
Prezident İlham Əliyevin sözlərinə görə, sosial-iqtisadi inkişaf və enerji təhlükəsizliyi vacib olsa da, bütün işlərin təməlində milli kimlik, milli ruh, mədəniyyət, dil, ədəbiyyat və tarix dayanır. Bu yanaşma inkişafın yalnız maddi göstəricilərdən ibarət olmadığını, onun mənəvi və tarixi əsaslarının da qorunmasının vacibliyini göstərir.
Naxçıvanın Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyev kimi böyük şəxsiyyət bəxş etməsi də müsahibədə xüsusi qeyd edilir. Bu məqam Naxçıvanın Azərbaycan dövlətçilik tarixindəki yerini bir daha önə çıxarır. Ulu Öndər Heydər Əliyev irsi Naxçıvanın yalnız keçmişi ilə bağlı deyil; müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynayan siyasi xəttin tarixi kökləri baxımından da əhəmiyyətlidir.
Naxçıvanın gələcək inkişafında tarix və müasirliyin vəhdəti şəhərsalma siyasətində də özünü göstərir. Naxçıvan şəhərinin Baş planının hazırlanması ilə bağlı təqdim olunan işlər müasir şəhər mühitinin formalaşdırılması üçün yeni imkanlar yaradır. Burada məqsəd şəhəri yalnız böyütmək deyil, onun yaşayış, nəqliyyat, sosial və ictimai məkanlarını müasir tələblər əsasında təşkil etməkdir.
Qarabağ və Şərqi Zəngəzur ilə vahid inkişaf konsepsiyası da bu mənada mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin fikrincə, bu ərazilər tarixi və coğrafi baxımdan bir-biri ilə əlaqəli məkandır. Zəngilanla Ordubad arasındakı 42 kilometrlik məsafə bu yaxınlığın praktiki ifadələrindən biridir. Bu coğrafiyanın vahid, nümunəvi inkişaf diyarı kimi nəzərdə tutulması yeni regional planlaşdırma baxışını ortaya qoyur.
Bu vahid konsepsiyanın mühüm hissəsi yaşıl inkişaf modelidir. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi ilə yanaşı, Naxçıvanın da yaşıl enerji bölgəsi olması xüsusi vurğulanır. Burada istehsal olunan enerjinin əksəriyyətinin bərpaolunan enerji hesabına əldə edilməsi, Günəş və su elektrik stansiyalarının inkişaf etdirilməsi bu modelin əsasını təşkil edir.
Naxçıvanın yaşıl enerji potensialı onun gələcək iqtisadi strukturunda mühüm dəyişiklik yarada bilər. Ənənəvi enerji mənbələri ilə yanaşı, Günəş və su enerjisindən istifadənin genişləndirilməsi həm ekoloji, həm iqtisadi, həm də strateji üstünlüklər yaradır. Prezidentin müsahibəsində Günəş enerjisinin potensialının ən azı 500 meqavat, hətta 1000 meqavat ola biləcəyi vurğulanır.
Bərpaolunan enerji layihələrinin digər əhəmiyyətli tərəfi investorlar üçün yaratdığı imkanlardır. Prezidentin qeyd etdiyi kimi, özəl sektorun bu layihələrə maraq göstərməsi onların iqtisadi cəhətdən cəlbedici olmasını nümayiş etdirir. Dövlət dəstəyi, investisiya iqlimi və artan enerji ixrac imkanları Naxçıvanı gələcəkdə investorlar üçün daha maraqlı məkana çevirə bilər.
Enerji təhlükəsizliyindən enerji ixracına keçid Naxçıvanın regional rolunu da dəyişir. Bu region artıq yalnız öz tələbatını ödəyən enerji sistemi deyil, böyük həcmdə elektrik enerjisi istehsal edə biləcək və qonşu bazarlara ixrac edə biləcək məkan kimi düşünülür. Türkiyə və İran istiqamətlərində ötürücü xətlərin imkanlarının artırılması, gələcəkdə Avropaya çıxış ehtimalının nəzərdən keçirilməsi bu strategiyanın uzunmüddətli istiqamətlərindəndir.
Naxçıvanın yaşıl inkişaf modelinin mühüm komponentlərindən biri də ekoloji turizmdir. Muxtar respublikanın təmiz havası, təbiəti və mənzərəli əraziləri turizm üçün geniş imkanlar yaradır. Tarixi abidələrlə təbii məkanların birləşdirilməsi Naxçıvanın turizm məhsulunu daha zəngin edə bilər. Bunun üçün hotel və xidmət infrastrukturunun genişləndirilməsi vacibdir. Şəhərin mərkəzində yeni beşulduzlu mehmanxananın təməlinin qoyulması bu istiqamətdə ilkin addımlardan biridir.
Turizmin inkişafı həm də mədəni irsin qorunmasına əlavə stimul verə bilər. Tarixi abidələrə artan maraq onların konservasiyasına və bərpasına diqqəti artırır. Beləliklə, mədəni irs və turizm arasında qarşılıqlı əlaqə yaranır: qorunan irs turisti cəlb edir, turizmdən yaranan iqtisadi imkanlar isə bu irsin qorunmasına xidmət edə bilər.
Naxçıvanın gələcək modeli enerji, nəqliyyat, iqtisadiyyat və mədəniyyətin vahid sistemdə birləşdirilməsinə əsaslanır. Zəngəzur dəhlizi açıldıqda təkcə dəmir yolu və avtomobil yolları deyil, enerji xətləri və fiber-optik kabellərin də keçməsi imkanının olması bu modelin çoxşaxəli xarakterini nümayiş etdirir.
Naxçıvanın kənd təsərrüfatı potensialı da bu konsepsiyaya daxil edilir. Müasir suvarma sistemlərinin yaradılması, artezian quyularının qazılması və suvarılmayan torpaqların istifadəyə verilməsi regionda kənd təsərrüfatının inkişafına yeni imkanlar yarada bilər.
Sənaye Parkının yaradılması ilə kənd təsərrüfatının inkişafının birləşdirilməsi regionun daxili iqtisadi əlaqələrini də gücləndirə bilər. Aqrar istehsalın artması emal və logistika tələb edir. Nəqliyyat dəhlizlərinin genişlənməsi isə məhsulların bazarlara çıxmasını asanlaşdıra bilər. Bu zaman Naxçıvanın kənd təsərrüfatı həm daxili təminatda, həm də ixrac yönümlü fəaliyyətlərdə daha böyük rol oynaya bilər.
Naxçıvanın inkişafında sosial məsələlərin xüsusi yer tutması da bu modelin insan yönümlü xarakterini göstərir. DOST Mərkəzi, ASAN xidmət, uşaq bağçaları, yeni avtobuslar və yollar yalnız texniki layihələr deyil, insanların dövlət və iqtisadi imkanlara çıxışını yaxşılaşdıran addımlardır.
Beləliklə, Naxçıvanın gələcək obrazı keçmişlə gələcək arasında qurulan körpü kimi təsəvvür olunur. Bir tərəfdə Möminə xatun məqbərəsi və Əcəmi Naxçıvani irsi, digər tərəfdə günəş elektrik stansiyaları, batareya saxlanc sistemləri, elektrik avtobusları, yeni Baş plan və müasir idarəetmə. Bu iki istiqamət bir-birinə zidd deyil. Əksinə, müasir dövlətçilik anlayışında tarixi irsin qorunması gələcəyə doğru inkişafın mənəvi dayağıdır.
Bütün bunlar Naxçıvanın inkişaf modelinə daha geniş baxmağı tələb edir. Burada məqsəd sadəcə yeni obyektlər tikmək və infrastruktur qurmaq deyil. Məqsəd iqtisadi cəhətdən güclü, enerji baxımından təhlükəsiz, nəqliyyat baxımından əlçatan, sosial baxımdan rahat, mədəni irsinə sahib çıxan və müasir idarəetmə mexanizmləri ilə idarə olunan region yaratmaqdır.
Bu model Qarabağ və Şərqi Zəngəzurla əlaqələndirilərək daha geniş milli inkişaf konsepsiyasının bir hissəsinə çevrilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkənin müxtəlif iqtisadi rayonları üçün xüsusi inkişaf planlarının olması Azərbaycanın ümumi inkişaf siyasətinin regional xüsusiyyətləri nəzərə aldığını göstərir.
Bu baxımdan 11 avqust 2026-cı il müsahibəsi yalnız görülmüş işlərin təqdimatı deyil, Naxçıvanın gələcəyinin konseptual təsviridir. Bu təsvirin mərkəzində dayanan fikir Naxçıvanın öz coğrafi və tarixi xüsusiyyətlərindən istifadə etməklə daha böyük regional əhəmiyyət qazanmasıdır.
Naxçıvanın tarixi onun kimliyidir, enerji potensialı onun iqtisadi imkanlarından biridir, nəqliyyat mövqeyi onun regional üstünlüyüdür, sənaye və kənd təsərrüfatı onun istehsal bazasıdır, turizm onun xidmət iqtisadiyyatıdır, yeni şəhərsalma modeli isə onun müasir simasıdır. Bu istiqamətlər vahid sistemdə birləşdirildikdə Naxçıvanın qarşısında tamamilə yeni imkanlar açılır.
Nəticədə Naxçıvanın inkişafı yalnız bir muxtar respublikanın inkişafı kimi deyil, Azərbaycanın yeni regional və geoiqtisadi imkanlarının formalaşmasının bir hissəsi kimi qiymətləndirilə bilər. Burada əsas xətt aydındır: milli kimliyi qorumaq, təhlükəsizliyi möhkəmləndirmək, iqtisadiyyatı şaxələndirmək, enerji və nəqliyyat imkanlarını artırmaq, insan üçün daha rahat mühit yaratmaq və Naxçıvanın mövcud potensialını regional üstünlüyə çevirmək.
Bu, keçmişi unutmadan gələcəyə yönələn inkişaf modelidir. Naxçıvanın qarşısında duran əsas perspektiv isə məhz bu modelin sistemli, sürətli və ardıcıl şəkildə həyata keçirilməsi ilə bağlıdır.

11/08/2026
Azərbaycan–Qırğızıstan münasibətləri yeni müttəfiqlik mərhələsindəAzərbaycan ilə Qırğızıstan arasında dostluq və qardaşl...
11/08/2026

Azərbaycan–Qırğızıstan münasibətləri yeni müttəfiqlik mərhələsində

Azərbaycan ilə Qırğızıstan arasında dostluq və qardaşlıq münasibətləri ortaq tarixi, dil, mədəniyyət və milli-mənəvi dəyərlər üzərində formalaşaraq illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlərin təməlində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Müstəqilliyin ilk illərində məhz onun siyasi iradəsi sayəsində Azərbaycan ilə Qırğızıstan arasında diplomatik münasibətlər möhkəmləndirildi və 1995-ci ildə imzalanan Dostluq və Əməkdaşlıq haqqında Müqavilə iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaratdı.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə Azərbaycan regionun aparıcı dövləti, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və nüfuzlu söz sahibi kimi mövqeyini daha da möhkəmləndirib. Bu siyasət dost və qardaş ölkələrlə, xüsusilə Türk dünyası dövlətləri ilə münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edib.
Bu baxımdan Prezident İlham Əliyevin iyulun 30-da Qırğız Respublikasına etdiyi dövlət səfəri xüsusi əhəmiyyət daşıyır. Çolpon-Ata şəhərində Prezident İlham Əliyevlə Qırğızıstan Prezidenti Sadır Japarov arasında keçirilən təkbətək görüş, eləcə də Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının üçüncü iclası münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm siyasi hadisə oldu. Səfər çərçivəsində imzalanan "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı" və "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" iki ölkənin əlaqələrinin artıq strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldiyini nümayiş etdirdi.
Son illər Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər dinamik inkişaf edərək yeni məzmun qazanıb. Dövlət başçıları arasında formalaşmış yüksək etimad və səmimi münasibətlər, hökumətlərarası əməkdaşlıq mexanizmlərinin səmərəli fəaliyyəti, beynəlxalq və regional təşkilatlar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstək ikitərəfli əməkdaşlığın strateji xarakterini daha da gücləndirib. Tərəflər iqtisadiyyat, nəqliyyat, logistika, investisiya, kənd təsərrüfatı, enerji və rəqəmsal inkişaf kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl addımlar atırlar.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində keçirilən Dövlətlərarası Şuranın üçüncü iclası yalnız siyasi dialoqun möhkəmləndirilməsi deyil, həm də iqtisadi əlaqələrin genişləndirilməsi, humanitar əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu görüşlər bir daha göstərdi ki, Azərbaycan və Qırğızıstan qarşılıqlı etimada əsaslanan münasibətlərini daha da inkişaf etdirməkdə qətiyyətlidir.
İki ölkə arasında humanitar əməkdaşlıq münasibətlərin ayrılmaz hissəsini təşkil edir. Təhsil, elm, mədəniyyət, gənclər siyasəti və idman sahələrində həyata keçirilən birgə layihələr xalqlar arasında qarşılıqlı hörmət və etimadın möhkəmlənməsinə xidmət edir. Xüsusilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma prosesində Qırğızıstanın fəal iştirakı bu dostluğun əməli təzahürüdür.
Bu baxımdan Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstanın dəstəyi ilə inşa olunan Ayköl Manas adına tam orta məktəb xüsusi əhəmiyyət daşıyır. Müasir standartlara cavab verən bu təhsil ocağı yalnız bölgənin təhsil infrastrukturunun inkişafına töhfə vermir, həm də Azərbaycan və Qırğızıstan xalqları arasında qardaşlıq münasibətlərinin gələcək nəsillərə ötürülməsinin rəmzi kimi çıxış edir. Məktəbin tikintisi Qırğızıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin dirçəldilməsinə verdiyi dəstəyin bariz nümunəsidir və Türk dünyasında həmrəyliyin praktik ifadəsi kimi yüksək qiymətləndirilir.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma proqramlarında dost ölkələrin iştirakı həmin ərazilərin beynəlxalq əməkdaşlıq məkanına çevrildiyini göstərir. Bu proses həm də Türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı dəstəyin gücləndiyini nümayiş etdirir.
Bu gün Azərbaycan–Qırğızıstan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması iki ölkənin gələcək əməkdaşlığı üçün yeni perspektivlər açır. Siyasi dialoqun, iqtisadi əlaqələrin və humanitar əməkdaşlığın daha da genişlənməsi Türk dünyasının birliyinin möhkəmlənməsinə, regionda sülhün, sabitliyin və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verəcək. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha sübut etdi ki, Azərbaycan və Qırğızıstan ortaq dəyərlərə söykənən münasibətlərini gələcəkdə də yüksələn xətt üzrə inkişaf etdirmək əzmindədirlər.

Address

Katex

Website

Alerts

Be the first to know and let us send you an email when M.Şabanov adına Katex 3 saylı tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to M.Şabanov adına Katex 3 saylı tam orta məktəb:

Shortcuts

Share

Category