Ucar RİHB-nın Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi

Ucar RİHB-nın Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Qazıqumlaq KİƏD

Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı...
14/08/2026

Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvan Muxtar Respublikasının gələcək inkişaf prioritetlərini müəyyən edən mühüm mesajlarla yadda qaldı. Dövlət başçısının qeyd etdiyi kimi, Prezident kimi Naxçıvana 17-ci səfər də muxtar respublikanın sosial-iqtisadi, hərbi, enerji, nəqliyyat və mədəni inkişafı baxımından əhəmiyyətli tədbirlərlə müşayiət olunub. Səfər çərçivəsində həyata keçirilən layihələr və səsləndirilən fikirlər Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Prezident İlham Əliyevin müsahibəsində əsas diqqət yetirilən məsələlərdən biri Naxçıvanın təhlükəsizliyinin daha da möhkəmləndirilməsi oldu. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması onun strateji əhəmiyyətini daha da artırır. Bu baxımdan muxtar respublikanın müdafiə potensialının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Əlahiddə Ordunun yaradılması, müasir hərbi texnika ilə təchizat və yeni komando qüvvələrinin formalaşdırılması Naxçıvanın müdafiə imkanlarının davamlı şəkildə artırıldığını göstərir. Dövlət başçısının sözləri ilə desək, bu gün Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir və Naxçıvanın hərbi potensialı bundan sonra da gücləndiriləcək. Müsahibənin mühüm istiqamətlərindən biri də Naxçıvanın enerji təhlükəsizliyi və gələcəkdə enerji ixrac edən bölgəyə çevrilməsi ilə bağlı planlardır. Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlinin qoyulmasını mühüm hadisə kimi qiymətləndirərək burada yeni sənaye müəssisələrinin və iş yerlərinin yaradılacağını bildirdi. Sənaye Parkının tərkib hissəsi kimi 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası nəzərdə tutulur. Bu stansiya Naxçıvanın mövcud generasiya gücünü əhəmiyyətli dərəcədə artıracaq və həm daxili tələbatın etibarlı qarşılanmasına, həm də gələcəkdə elektrik enerjisinin ixracına imkan yaradacaq.
Naxçıvanın bərpaolunan enerji potensialı da xüsusilə vurğulandı. Günəş enerjisinin istehsalı baxımından Naxçıvanın Azərbaycanın ən əlverişli ərazilərindən biri olduğu qeyd edildi. Artıq 600 hektardan çox ərazi müəyyənləşdirilib və burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılması planlaşdırılır. Təkcə Günəş enerjisinin istehsalının gələcəkdə ən azı 500 meqavat, hətta 1000 meqavata çata biləcəyi bildirilir. Bu isə Naxçıvanın enerji təhlükəsizliyindən enerji ixracatçısına çevrilməsi istiqamətində mühüm addımdır. Bərpaolunan enerji layihələrinin genişləndirilməsi ilə yanaşı, enerji saxlanc sistemlərinin yaradılması da diqqət mərkəzindədir. Naxçıvanda ilkin mərhələdə ən azı 100 meqavat gücündə batareya saxlanc qurğusunun yaradılması planlaşdırılır. Bu cür müasir texnologiyalar Günəş və su elektrik stansiyalarından əldə olunan enerjinin səmərəli şəkildə toplanmasına və lazım gəldikdə sistemə ötürülməsinə imkan verəcək. Beləliklə, Naxçıvanda müasir, dayanıqlı və çevik enerji sistemi formalaşdırılması hədəflənir.
Naxçıvanın enerji imkanlarının artırılması həm də regional əməkdaşlıq və ixrac perspektivləri baxımından əhəmiyyətlidir. Muxtar respublikanın İran və Türkiyə ilə elektrik əlaqələrinin mövcud olması gələcəkdə daha böyük həcmdə enerjinin ixracına imkan yarada bilər. Eyni zamanda, Ermənistan ərazisindən keçəcək enerji xətlərinin yaradılması ideyası Naxçıvanın daha geniş regional enerji sisteminə inteqrasiyasını təmin edə bilər. Bu yanaşma Zəngəzur dəhlizinə yalnız nəqliyyat layihəsi kimi deyil, enerji, rabitə və digər infrastruktur istiqamətlərini özündə birləşdirən genişmiqyaslı regional layihə kimi baxıldığını göstərir.
Müsahibədə Zəngəzur dəhlizinin yaradılması məsələsinə xüsusi yer ayrıldı. Prezident İlham Əliyev bu təşəbbüsün Azərbaycanın uzun illər ərzində qarşıya qoyduğu əsas məqsədlərdən biri olduğunu bildirdi. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra TRIPP layihəsinin icrasına başlanması bu istiqamətdə yeni mərhələnin əsasını qoyub. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat bağlantısının yaradılması ölkəmizin iqtisadi və geostrateji mövqeyini daha da gücləndirəcək.
Bu baxımdan Horadiz–Ağbənd avtomobil yolunun tikintisinin başa çatmaq üzrə olması, dəmir yolu layihələrinin sürətləndirilməsi və Naxçıvan dəmir yolunun reabilitasiyası xüsusi əhəmiyyət daşıyır. Yeni texniki-iqtisadi əsaslandırmaya əsasən Naxçıvan ərazisində dəmir yolunun uzunluğunun 194 kilometr olması və xəttin gələcəkdə 15 milyon tonadək yükdaşıma qabiliyyətinə çatdırılması nəzərdə tutulur. Bu, Naxçıvanın yalnız Azərbaycan daxilində deyil, beynəlxalq nəqliyyat sistemində mühüm qovşaqlardan birinə çevrilməsi üçün geniş imkanlar yaradır. Naxçıvanın strateji mövqeyi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində mühüm üstünlük yaradır. Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanın Azərbaycan ərazisinin digər hissələri ilə birləşdirilməsi, Culfa istiqamətindən İranla dəmir yolu bağlantısının mövcudluğu bölgənin beynəlxalq tranzit imkanlarını artırır. Gələcəkdə böyük həcmdə yüklərin Naxçıvandan keçməsi iqtisadi fəallığın yüksəlməsinə, yeni iş yerlərinin yaranmasına və xidmət sektorunun genişlənməsinə səbəb ola bilər.
Dövlət başçısının diqqət yetirdiyi digər mühüm istiqamət sosial-iqtisadi inkişafdır. Naxçıvan Sənaye Parkının yaradılması, müasir sənaye komplekslərinin qurulması, kənd təsərrüfatının inkişafı, suvarma layihələrinin həyata keçirilməsi və yeni iş yerlərinin açılması muxtar respublikanın iqtisadi potensialının tam şəkildə reallaşdırılmasına xidmət edir. Qarşıdakı dövrdə yüzlərlə artezian quyusunun qazılması, müasir suvarma sistemlərinin qurulması və istifadəsiz qalan torpaqların su ilə təmin edilməsi kənd təsərrüfatının inkişafına ciddi təkan verə bilər.
Nəqliyyat infrastrukturunun yenilənməsi də Naxçıvanın gündəlik həyatına birbaşa təsir edən məsələlərdəndir. Yeni elektrik avtobuslarının istifadəyə verilməsi şəhər nəqliyyatının müasirləşdirilməsi ilə yanaşı, ekoloji baxımdan da əhəmiyyətlidir. Rayonlararası və şəhərlərarası nəqliyyatın yaxşılaşdırılması məqsədilə 217 müasir avtobusun alınması, həmçinin 420 kilometr müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri nəzərdə tutulur. Bu tədbirlər 26 yaşayış məntəqəsində yaşayan təxminən 160 min insanın nəqliyyat imkanlarının yaxşılaşdırılmasına xidmət edəcək.
Naxçıvanın inkişafında tarixi-mədəni irsin qorunması da xüsusi yer tutur. Möminə xatun məqbərəsinin bərpası, Əcəmi Naxçıvaninin xatirəsinə abidənin ucaldılması və digər tarixi-mədəni obyektlərin konservasiyası Naxçıvanın zəngin keçmişinə dövlət səviyyəsində göstərilən diqqətin nümunəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, sosial-iqtisadi inkişaf və enerji təhlükəsizliyi ilə yanaşı, milli kimlik, tarix, mədəniyyət, dil və ədəbiyyat da dövlət siyasətinin əsas dayaqlarındandır.
Turizmin inkişafı da Naxçıvan üçün böyük perspektivlər açır. Qədim tarixi abidələri, zəngin mədəni irsi, təmiz havası və təbii gözəllikləri muxtar respublikanı mühüm turizm məkanına çevirə bilər. Bu istiqamətdə əsas problemlərdən biri olan müasir mehmanxana infrastrukturunun inkişaf etdirilməsi məqsədilə Naxçıvan şəhərində beşulduzlu yeni mehmanxananın təməlinin qoyulması mühüm addımdır.
Bütün bunlarla yanaşı, Prezidentin müsahibəsində Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsi də diqqət çəkən məqamlardan oldu. Hər üç bölgənin strateji əhəmiyyəti, enerji və nəqliyyat imkanları, tarixi bağlılığı və gələcək inkişaf perspektivləri nəzərə alınaraq onların qarşılıqlı əlaqəsinin gücləndirilməsi hədəflənir. Naxçıvanda Prezidentin xüsusi nümayəndəliyinin yaradılması da idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm struktur islahatı kimi qiymətləndirilir.

Azərbaycan-Qırğızıstan münasibətləri ən yüksək zirvədəSon illərdə Azərbaycan və Qırğızıstan prezidentlərinin qarşılıqlı ...
03/08/2026

Azərbaycan-Qırğızıstan münasibətləri ən yüksək zirvədə

Son illərdə Azərbaycan və Qırğızıstan prezidentlərinin qarşılıqlı səfərləri xalqlarımızı və ölkələrimizi bir-birinə daha da yaxınlaşdırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğızıstan Respublikasına səfərləri Azərbaycan ilə Qırğızıstan arasında siyasi, iqtisadi və humanitar münasibətlərin inkişafında mühüm rol oynayır. Ortaq tarixə, dilə, mədəniyyətə və türk həmrəyliyi prinsiplərinə söykənən bu əlaqələr son illərdə yeni məzmun qazanaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Dövlət başçıları arasında formalaşmış yüksək etimad mühiti əməkdaşlığın bütün istiqamətlər üzrə genişlənməsinə əlverişli şərait yaratmışdır. Mətbuata verilən bəyanatda Qırğızıstan Prezidenti Sadır Japarovun Nizami Gəncəvinin "Qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir" fikrinə istinad edərək, "Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb" deməsi ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirir.
Zirvə görüşündə qəbul olunan Çolpon-Ata Bəyannaməsi isə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyən mühüm siyasi sənəddir. Bəyannamədə ortaq tarixi, mədəni və mənəvi dəyərlərə əsaslanan əməkdaşlığın inkişafı, beynəlxalq hüququn prinsiplərinə sadiqlik, suverenlik və ərazi bütövlüyünə hörmət bir daha təsdiqlənir. Sənəddə nəqliyyat-logistika, enerji, yaşıl enerji, rəqəmsal transformasiya, innovasiya, elm və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi əsas prioritetlər kimi müəyyən edilir. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin möhkəmləndirilməsi, Orta Dəhlizin inkişafı və Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi baxımından Bəyannamənin xüsusi əhəmiyyəti vurğulanır.
S əfərin mühüm siyasi nəticələrindən biri də Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsinə görə Prezident cənab İlham Əliyevin Mərkəzi Asiya dövlət başçılarına təşəkkürünü ifadə etməsi oldu. Bu qərar Azərbaycanın Mərkəzi Asiya siyasətində yeni mərhələnin başlandığını göstərir. Coğrafi baxımdan Cənubi Qafqaz dövləti olan Azərbaycan artıq siyasi, iqtisadi, enerji və nəqliyyat baxımından Mərkəzi Asiyanın ayrılmaz tərəfdaşına çevrilir. Xəzər dənizi üzərindən formalaşan Orta Dəhliz, Şərq-Qərb nəqliyyat marşrutu, enerji əməkdaşlığı, rəqəmsal bağlantılar və logistika layihələri Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin strateji xarakter daşıdığını bir daha təsdiqləyir.
İqtisadi əməkdaşlıqla yanaşı, humanitar əlaqələrin genişlənməsi də xüsusi əhəmiyyət kəsb edir. Təhsil, elm, mədəniyyət, turizm və gənclər siyasəti sahələrində həyata keçirilən proqramlar xalqlar arasında qarşılıqlı etimadı daha da möhkəmləndirir. Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən təşəbbüslər ortaq mədəni irsin qorunmasına, elmi mübadiləyə və gələcək nəsillər arasında türk həmrəyliyi ideyasının güclənməsinə xidmət edir.
Prezident İlham Əliyevin diqqət çəkdiyi mühüm məqamlardan biri də Qarabağın bərpasına qardaş Qırğızıstanın verdiyi töhfə olub: "Ağdam rayonunda inşa edilən və böyük Qırğız xalqının qəhrəmanı Manasın adını daşıyan müasir məktəb iki xalq arasında dostluğun, qardaşlığın və ortaq mədəni irsin rəmzinə çevrilmişdir. Bu layihə yalnız təhsil infrastrukturu deyil, həm də Azərbaycan ilə Qırğızıstan arasında humanitar əməkdaşlığın, qarşılıqlı etimadın və türk dünyasının həmrəyliyinin parlaq nümunəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bu gün Azərbaycan Şərqlə Qərb arasında etibarlı körpü, türk dövlətləri arasında əməkdaşlığın təşəbbüskarı və regional sabitliyin mühüm təminatçılarından biri kimi çıxış edir. Bu siyasət həm ölkəmizin beynəlxalq nüfuzunu artırır, həm də iqtisadi inkişafına yeni imkanlar açır.
31 iyul 2026-cı il dövlət səfəri göstərdi ki, Bakı ilə Bişkek arasında münasibətlər artıq dostluq və tərəfdaşlıq mərhələsini geridə qoyaraq müttəfiqlik səviyyəsinə yüksəlib. Bu yeni mərhələ yalnız iki ölkənin deyil, bütövlükdə Türk dünyasının siyasi həmrəyliyinin, iqtisadi inteqrasiyasının və regional təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə mühüm töhfə verəcək. Azərbaycanın Mərkəzi Asiya istiqamətində artan fəallığı, Qırğızıstanla münasibətlərin strateji dərinləşməsi, imzalanan sənədlər, investisiya layihələri, humanitar təşəbbüslər və Çolpon-Ata Bəyannaməsi göstərir ki, qarşıdakı illərdə bu əməkdaşlıq daha geniş regional layihələrin əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək. Bu isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasətin növbəti mühüm uğuru kimi tarixə düşəcək.

1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüDil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən v...
31/07/2026

1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü

Dil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur. Çünki milli varlığımızı mədəni təməllərə bağlayan dilimizdir. Bu dil millətimizin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas amillərdən biridir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Çünki bir milləti ayaqda tutan milli dəyərlərin başında dil gəlir. Millətin milli dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur.
Bütün əsrlərdə böyük mütəfəkkirlər dilimizə layiq olduğu dəyəri vermişlər. Hələ XI əsrdə Mahmud Kaşğarlı dilimizin ərəbcədən, XV əsrdə Əlişir Nəvai farscadan zəngin, gözəl, qüdrətli və şirin bir dil olduğunu isbat etmişdir. Qədim və orta əsrlərdə ən ali məqamlarda yad dillərin hökmranlıq sürdüyü dönəmdə - XIII əsrdə İzzədin Həsənoğlu qəzəllərini o dövrün “hakim” dillərində deyil, məhz ana dilində yazmağa üstünlük verdi. İmadəddin Nəsiminin fəlsəfi şeirləri, Qazi Bürhanəddinin tuyuğları, Şah İsmayıl Xətainin divanı, ustad Füzulinin “nəzmi-nazik” poetik inciləri məhz Azərbaycan dilində yazılıb, ana dilimizin bütün gözəlliklərini, zəriflik və incəliklərini, insan ruhunu ovsunlayan musiqili təsirini özündə əks etdirib. Ona görə ki, hər millətin mədəniyyətinin böyüklüyü sözlüyündə olan kəlmə xəzinəsi, yəni lüğət tərkibinin zənginliyi ilə ölçülür. Milli sərvətimiz olan dilimizi ağırlaşdırmamaq, yadlaşdırmamaq, təmizliyini qorumaq, onu zənginləşdirmək qayğısına qalmaq hər birimizin vətəndaşlıq borcudur. Bütün dönəmlərdə ziyalılarımız, xüsusilə də şair və yazıçılarımız Azərbaycan dilinin saflığı uğrunda qətiyyətlə mübarizə aparıblar. Lüğət tərkibinin məna çalarlarının zənginliyinə görə, dünyanın ən mədəni xalqlarının dil səviyyəsinə yüksəlmiş ana dilimizin mühafizəsi ilə əlaqədar milli ruhlu ziyalılar əllərindən gələni əsirgəmədilər. Səməd Vurğun, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Əli Tudə, Anar, Xəlil Rza Ulutürk, Məmməd Araz dillə bağlı möhtəşəm əsərlər yaratdılar. Xalq yazıçısı Mirzə İbrahimov dil uğrunda mübarizədə dövrün ziddiyyətləri, təzyiqləri ilə üzləşərək vəzifəsindən azad edildi, sərt münasibətlərlə üzləşdi, amma əqidəsindən dönmədi. Zaman böyük yazıçının arzularını təsdiqlədi. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsində böyük xidmətlər göstərdi. Dilin inkişafı ilə bağlı Ulu Öndərin müntəzəm olaraq verdiyi fərman və sərəncamlarda, eləcə də tövsiyələrdə, çıxış və məruzələrdə vaxtaşırı bu məsələdə ortaya çıxan ciddi problemlərin həlli vacib sayılırdı.
Hər bir milli dəyər, ələlxüsus da, ana dili nə qədər xalqın keçmişini, qədimliyini özündə əxz etdirsə də, dövlət və rəhbərlik qayğısı olmadan ikinci planda durur və məişət dili səddini keçə bilmir, ali məqamlarda təmsil olunma iqtidarından məhrum olur. Milli dəyərlərimizə fəaliyyəti boyu himayədarlıq edən böyük rəhbərimiz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldiyi elə ilk gündən ana dilimizə layiq olduğu statusu verdi və bunu bütün fəaliyyəti boyu ən yüksək səviyyədə davam etdirdi.
Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub. Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edir. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açır və kürsü dili səviyyəsinə qalxır.
Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. Zamanına görə, sərt sovet ideologiyası şəraitində əsl qəhrəmanlıq və uzaqgörənlik nümunəsidir. Həmin dövrdə Azərbaycanda ana dili - dövlət dili uğrunda mübarizə milli istiqlal mübarizəsinin ana xəttini təşkil edib.
Müstəqillik ərəfəsi və onun ilk illərində dilin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indi də təəssüf doğurur. 1995-ci ildə qəbul edilən konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 2001-ci il iyunun 18-də Ümummilli Lider Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Bu sənəd ana dilimizin inkişafı üçün böyük imkanlar yaratdı. Həmçinin, Ulu Öndərin Azərbaycan Respublikasına rəhbərliyinin müstəqillik dövrünü əhatə edən ikinci mərhələsində “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” (9 avqust 2001-ci il) sərəncamı yeni tarixi mərhələdə dövlət dili siyasətinin miqyasını daha da genişləndirib.
Xalqın dilinin inkişaf etdirilməsinə, zənginləşdirilməsinə göstərilən diqqət və qayğı onun milli-mənəvi varlığının qorunub saxlanılması və daha da möhkəmləndirilməsi deməkdir. Bu mənada son yarım əsrdə Azərbaycanda ardıcıl olaraq dövlət dili siyasətinin uğurla həyata keçirilməsi xalqın təkamülündə dil faktoruna verilən böyük önəmi qabarıq şəkildə nəzərə çarpdırır.
Bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il və “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də milli ana dilimizin inkişafına böyük qayğının təzahürüdür. Eyni zamanda çoxəsrlik Azərbaycan ədəbiyyatı və xarici ölkə ədəbiyyatı nümayəndələrinin böyük tirajla nəşr edilib yayılması mühüm tarixi hadisədir.
Ana dilimiz əsrlərin qan yaddaşı, daş hafizəsidir. Heç bir dilin təsirində əriməyən, şirinliyini, axıcılığını, anlaşıqlılığını itirməyən, illər, əsrlər keçdikcə daha da cilalaşan və öz layiqli qiymətini alan dildir. Bizim hər birimiz bu dilin saflığının qorunmasının qayğısına qalmalıyıq.

Almaniya hökumətinin rolunu biz yüksək qiymətləndiririkAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2026...
23/07/2026

Almaniya hökumətinin rolunu biz yüksək qiymətləndiririk

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycan–Almaniya əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, imzalanmış sənədlər ikitərəfli əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və strateji dialoqun başlanmasına zəmin yaradacaq. Xüsusilə “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mühüm hüquqi əsas rolunu oynayacaq.
Səfər zamanı iqtisadi əməkdaşlığın inkişafı xüsusi diqqət mərkəzində oldu. Hazırda 200-dən çox Almaniya şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir və yeni sərmayələrin cəlb olunması üçün konkret təkliflər irəli sürülüb. Bununla yanaşı, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması sahibkarlar arasında əlaqələrin genişlənməsinə, investisiya imkanlarının artmasına və qarşılıqlı iqtisadi münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək. Enerji sahəsində əməkdaşlıq da strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu ildən etibarən Azərbaycan təbii qazının Almaniyaya ixracına başlanılıb. Bununla Azərbaycanın qazı artıq Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır. Eyni zamanda, ölkəmiz Almaniyaya neft ixrac edir və gələcəkdə yaşıl enerji layihələri vasitəsilə Avropanın enerji təhlükəsizliyinə daha böyük töhfə verməyi hədəfləyir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da görüşlərin əsas mövzularından biri olub. Azərbaycan Şərqlə Qərb arasında etibarlı tranzit mərkəzi kimi mövqeyini möhkəmləndirir, Orta Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayır. Bu istiqamətdə Almaniyanın qabaqcıl təcrübəsinin tətbiqi və birgə işçi qruplarının yaradılması gələcək layihələrin uğurlu icrasına imkan verəcək.
Prezident İlham Əliyev çıxışında regionda sülh və sabitliyin təmin olunması istiqamətində əldə olunan nailiyyətlərə də toxundu. O, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması, sülh prosesinin irəliləməsi və Almaniyanın bu prosesə verdiyi töhfəni yüksək qiymətləndirdi. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, sülh gündəliyinin təşəbbüskarı olduğunu və regionda əməkdaşlığın genişləndirilməsi üçün ardıcıl addımlar atdığını vurğuladı. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və imzalanan strateji sənədlər Azərbaycan–Almaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir. Bu səfər siyasi dialoqun güclənməsinə, iqtisadi və enerji əməkdaşlığının genişlənməsinə, nəqliyyat və tranzit imkanlarının inkişafına, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.

Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında ...
22/07/2026

Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb

Azərbaycan xalqının milli dirçəliş dövrünə qədəm qoyması, dövlət və dövlətçilik dəyərlərinin formalaşması, milli şüurun oyanışı və özünüdərk prosesində milli mətbuatın rolu böyük və əvəzolunmazdır.
Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 151 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. Bu qəzetin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, ikiillik ömür yaşasa da, o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.
Bu gün yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir.
Azərbaycanda mətbuatın, ümumiyyətlə, kütləvi informasiya vasitələrinin hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin bu sahəyə yüksək səviyyəli diqqəti və media nümayəndələrinin söz, fikir və özünüifadə azadlığından sərbəst surətdə istifadə etməsi üçün hüquqi əsasların, həmçinin əlverişli şəraitin mövcud olmasıdır. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib, hər bir yazılı və elektron KİV özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir.
Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.
Əminliklə deyə bilərik ki, cənab Prezident İlham Əliyevin savaş günlərində dünyanın media orqanlarına verdiyi çoxsaylı müsahibələrdə səsləndirdiyi prinsipial mövqe jurnalistlərimizi həm qətiyyətləndirdi, həm də dövlətimizin başçısının irəli sürdüyü tezislər onları xaricdən edilən informasiya təxribatlarına qarşı mübarizənin müsəlləh əsgərinə çevirdi.
Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar.
Bu sərəncam həm vətəndaşlarımızda barəsində söz açdığımız “Media savadlılığı”nın möhkəmləndirilməsi, həm də milli mətbuatımızın tariximizdə oynadığı rolun daha dolğun şəkildə çatdırılması naminə çağırışa çevrilməlidir. Prezident İlham Əliyev fəaliyyətində dəfələrlə göstərib ki, jurnalistlərin dostudur.
Ən çətin, ən ağır dönəmlərdə belə, mətbuatın yanında olub, medianın sosial-iqtisadi rifahının yaxşılaşdırılması üçün mühüm addımlar atıb. Bu gün də bu sərəncam bir daha təsdiqlədi ki, Azərbaycan dövləti milli söz azadlığının qorunmasına və mətbuatın inkişafına ciddi önəm verir.

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Azərbaycanın strateji inkişaf prioritetləri haqqında danışıb Azərb...
15/07/2026

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Azərbaycanın strateji inkişaf prioritetləri haqqında danışıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzu, həyata keçirilən uğurlu daxili və xarici siyasət, regional əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, sülh gündəliyi və qlobal çağırışlarla bağlı mühüm mesajlar səsləndirib.

Dövlətimizin başçısı vurğulayıb ki, artıq ənənə halını alan Şuşa Qlobal Media Forumu qısa müddət ərzində beynəlxalq media ictimaiyyəti üçün nüfuzlu platformaya çevrilib. Forum müxtəlif ölkələrdən media nümayəndələrini, ekspertləri və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirməklə yanaşı, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin, bölgədə formalaşan yeni reallıqların dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursunu uğurla davam etdirdiyini, ölkəmizin regional sabitliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfələr verdiyini bildirib.

Qeyd olunub ki, son illərdə həyata keçirilən iri enerji və nəqliyyat layihələri Azərbaycanın Avrasiya məkanında etibarlı tərəfdaş və mühüm tranzit mərkəzi kimi mövqeyini daha da gücləndirib. Bu gün ölkəmiz enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin inkişafı və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində beynəlxalq tərəfdaşları ilə uğurlu fəaliyyətini davam etdirir.

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin dəyişməz olduğunu vurğulayaraq, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyini, regionda dayanıqlı sülhün və qarşılıqlı etimadın formalaşmasının tərəfdarı olduğunu diqqətə çatdırıb.

Əminəm ki, bundan sonra da bu münasibətlər uğurla inkişaf edəcəkAzərbaycanın xarici siyasətində Avropa ölkələri ilə müna...
15/07/2026

Əminəm ki, bundan sonra da bu münasibətlər uğurla inkişaf edəcək

Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə münasibətlər mühüm yer tutur. Xüsusilə ölkəmizin Şərqi Avropa dövlətləri ilə əlaqələri davamlı olaraq genişlənir. Bu baxımdan, Azərbaycan-Slovakiya münasibətləri xüsusi vurğulanmalıdır.
Son illər Azərbaycanla Slovakiya arasında əməkdaşlıq güclənməkdədir. 2024-cü ilin may ayında Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə münasibətlərimizi yeni səviyyəyə yüksəldib. Bu sənəd iki ölkə arasında siyasi, iqtisadi, mədəni və ekoloji sahələrdə əməkdaşlığı daha da gücləndirməyi hədəfləyir.
İyulun 14-də Slovakiya Prezidenti Peter Pelleqrininin ölkəmizə rəsmi səfəri də iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə xidmət edir. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə əhəmiyyətli təsir göstərəcək. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. Dövlətimizin başçısı 2024-cü ildə imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənı xatırladaraq sənədin icrasından məmnunluq ifadə edib. Nəzərə alaq ki, Slovakiya Prezidentinin səfəri zamanı iqtisadi-ticari əlaqələr, energetika, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr müzakirə mövzusu olub.
Slovakiya Qarabağın bərpasında fəal iştirak edir. Belə ki, Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti "Ağıllı kənd" layihəsini icra edir. Dövlət başçıları Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoyublar. Bu məktəb Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunub. Daha bir Avropa ölkəsinin işğaldan azad olunmuş ərazilərimizin bərpasında iştirakı əsl dostluq nümunəsidir.
Slovakiya ilə əlaqələr Avropa İttifaqı kontekstində də müstəqil və milli maraqlara əsaslanan siyasətin nümunəsidir. Diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir. Slovakiya nümunəsi həm də onu göstərir ki, İttifaqın üzvü olan ölkələr milli maraqları qorumaqla bərabər, eyni zamanda, blokun ümumi siyasətinə uyğun əməkdaşlıq apara bilirlər. Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır və sülhün iqtisadi dividendlərinin reallaşmasına şərait yaradır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri olaraq bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir.
Avropa ölkəsi olan Slovakiyanın liderinin ölkəmizə rəsmi səfərinin Şuşa şəhərindən başlaması xüsusilə diqqətəlayiqdir. Bu, o deməkdir ki, artıq Şuşa yalnız tarixi-mədəni məkan deyil, həm də beynəlxalq tədbirlərin, xarici ölkələrin qəbul olunduğu şəhərdir. Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumu isə qarşılıqlı iqtisadi əlaqələrimizin güclənməsinə böyük təkan verəcək.

Address

Ucar Rayon Qazıqumlaq Kəndi
Kazykumlak
AZ6111

Telephone

+994555033305

Website

Alerts

Be the first to know and let us send you an email when Ucar RİHB-nın Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ucar RİHB-nın Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi:

Shortcuts

Share