28/07/2026
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi “Həmkarımızı tanıyaq” layihəsi çərçivəsində növbəti videoçarxını təqdim edir.
28 iyul – Ümumdünya Təbiəti Mühafizə Günü münasibətilə hazırlanmış videoçarx ölkəmizin zəngin təbii irsinin qorunmasında mühüm rol oynayan Qızılağac Milli Parkının fəaliyyətini əks etdirir.
Layihə çərçivəsində üzv təşkilatların fəaliyyət istiqamətləri, orada çalışan həmkarlar ittifaqı üzvlərinin əməyi, əmək hüquqlarının qorunması, əmək şəraiti, eləcə də üzvlərin həmkarlar ittifaqı tərəfindən həyata keçirilən sosial layihələrdə iştirakı ilə bağlı görüntülər mütəmadi olaraq ictimaiyyətə təqdim olunur.
Layihənin əsas məqsədi üzv təşkilatların fəaliyyətini geniş ictimaiyyətə tanıtmaq, müəssisələri həmkarlar ittifaqı üzvlüyünə təşviq etmək, həmçinin üzvlər arasında həmrəylik ruhunu daha da möhkəmləndirməkdir.
Qızılağac Milli Parkı Azərbaycanın unikal biomüxtəlifliyə malik təbiət ərazilərindən biri olmaqla nadir flora və fauna növlərinin mühafizəsində mühüm əhəmiyyət kəsb edir. Milli park beynəlxalq əhəmiyyətli su-bataqlıq ekosistemlərinin qorunmasına xidmət edir və köçəri quşların əsas məskunlaşma məkanlarından biridir. Burada həyata keçirilən mühafizə tədbirləri ölkəmizin ekoloji təhlükəsizliyinin təmin olunmasına və təbii sərvətlərimizin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir.