28/05/2026
Lənkəran şəhər Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsində “Erkən peşə yönümü və psixososial inkişaf proqramı”na start verilib.
Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tapşırığı əsasında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün erkən peşə yönümü və psixososial inkişaf proqramı” adlı layihənin icrasına başlanılıb.
Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqların psixoloji vəziyyətinin qiymətləndirilməsi, onların maraq və bacarıqlarının müəyyən olunması, eləcə də uyğun peşə istiqamətlərinə yönləndirilməsinin təmin edilməsidir. Proqram çərçivəsində uşaqların fərdi xüsusiyyətlərinin öyrənilməsi, psixososial inkişafının dəstəklənməsi və gələcək peşə seçimlərinə hazırlığının artırılması istiqamətində kompleks fəaliyyətlər həyata keçirilir.
Layihə psixoloji diaqnostika, peşə yönümü üzrə qiymətləndirmə və praktiki bacarıqların inkişafını əhatə edən çoxşaxəli yanaşma əsasında təşkil olunub. İlkin mərhələdə proqramın icrasına Lənkəran şəhər Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsində başlanılıb.
Layihə çərçivəsində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin psixoloqları Uşaq evi sosial xidmət müəssisəsinin 42 sakini ilə fərdi və qrup şəklində fəaliyyətlər həyata keçirib. Aparılmış qiymətləndirmələr nəticəsində uşaqların maraq dairələri, potensial bacarıqları, peşə meyilləri və psixososial inkişaf xüsusiyyətləri müəyyənləşdirilib.