29/08/2026
Avqustun 28-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Lerik rayon Heydər Əliyev Mərkəzinin və Uşaq Səfirlər Məclisinin Lerik nümayəndəliyinin birgə təşkilatçılığı ilə Lerik rayon Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Qərbi Azərbaycan abidələri: tarixi irsə baxış” mövzusunda görüş və “İrəvan: gizlədilmiş həqiqətlər” adlı sənədli filmin nümayişi keçirilib.
Görüşdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, Lerik rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Uşaq Səfirlər Məclisinin Lerik rayonu üzrə nümayəndələri və fəal gənclər iştirak ediblər.
Tədbir çərçivəsində Uşaq Səfirlər Məclisinin Lerik rayonu üzrə nümayəndələri Cavanşir Qurbanzadə və Gülay Məhərrəmzadə, məktəb nümayəndəsi Xəyyam Nurullayev, Gənc diplomatlar təşəbbüs qrupunun sədri Amil Mərdin tərəfindən “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti, şəhərsalma və memarlıq sahəsində görülən işlər, tarixi abidələrin mühafizəsinin vacibliyi barədə təqdimatlar edilib. Mövzu əyani slaydlar və təqdimatlar vasitəsilə iştirakçıların diqqətinə çatdırılıb.
Daha sonra Qərbi Azərbaycanın tarixi-mədəni irsi, bölgədə yerləşən qədim yaşayış məskənləri və memarlıq nümunələri haqqında məlumatlar səsləndirilib. Tarixi irsin öyrənilməsi, qorunması və gələcək nəsillərə düzgün şəkildə çatdırılmasının əhəmiyyəti vurğulanıb.
Görüşün davamında “İrəvan: gizlədilmiş həqiqətlər” adlı sənədli film nümayiş etdirilib. Filmin nümayişindən sonra iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Maarifləndirici görüş gənclərin tarixi yaddaşının gücləndirilməsi, milli-mədəni irsə bağlılığının artırılması, tarixi abidələrə və memarlıq nümunələrinə diqqətin yönəldilməsi baxımından əhəmiyyətli olub.