Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsil məktəbi

Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsil məktəbi Təhsil

03.09.2026-cı il tarixdə məktəbimizdə 2026-2027-ci tədris ilinin ilk Pedaqoji şura iclası keçirildi. İclasda aşağıdakı m...
03/09/2026

03.09.2026-cı il tarixdə məktəbimizdə 2026-2027-ci tədris ilinin ilk Pedaqoji şura iclası keçirildi. İclasda aşağıdakı məsələlər gündəlik müzakirə mövzusu oldu.

✅2025-2026-cı tədris ilində IV,VI,IX və Xl siniflərin imtahan nəticələrinin təhlili

✅2026-2027-ci tədris ilinə hazırlıq

✅Daxili intizam qaydalarının, növbətçilərin və iş rejiminin təyin edilməsi, dərs cədvəlinin təsdiqi

✅Müəllimlərin dərs yükünün bölünməsi,metodiki şuranın sədri və üzvlərinin təyini, sinif rəhbərlərinin və sinif komplektlərinin təsdiqi

✅Qarşıda duran digər cari məsələlər

Pedaqoji kollektivə yeni tədris ilində uğurlar, fəaliyyətlərində əzmkarlıq və yüksək nailiyyətlər arzulandı.
Yeni tədris ilimiz uğurlu olsun!

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi

29/08/2026
Azərbaycan və Özbəkistan qardaşlığıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəki...
27/08/2026

Azərbaycan və Özbəkistan qardaşlığı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana həyata keçirdiyi dövlət səfəri iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığın və dostluq əlaqələrinin ən yüksək zirvədə olduğunu bir daha nümayiş etdirdi. Səfər çərçivəsində mətbuata verilən bəyanatlar və imzalanan sənədlər Azərbaycan-Özbəkistan münasibətlərinin sadəcə sözdə deyil, konkret və irimiqyaslı layihələrlə daha da gücləndiyini sübut edir. Prezident İlham Əliyev öz çıxışında Özbəkistanın, xüsusən də paytaxt Daşkəndin hazırda böyük bir yüksəliş dövrü yaşadığını xüsusi vurğulayaraq, bu inkişafın Prezident Şavkat Mirziyoyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, vaxtilə iqtisadi əsasların sıfırdan formalaşdırıldığı bir ölkə bu gün sənayesi şaxələndirilmiş, investisiya cəlbediciliyi yüksək olan və dünya birliyində böyük hörmətə malik güclü bir dövlətə çevrilib.
İki ölkə arasında iqtisadi əməkdaşlıq görünməmiş bir sürətlə inkişaf edir. Əvvəllər birgə layihələrin olmamasına baxmayaraq, hazırda Azərbaycan və Özbəkistan bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə doğru inamla irəliləyir və bu hədəf artıq uzaq xəyal deyil, yaxın gələcəyin reallığı kimi dəyərləndirilir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına fəal qoşulması regionun geoiqtisadi potensialını daha da artırıb və bu gün Mərkəzi Asiya ilə Azərbaycan vahid, böyük inkişaf imkanlarına malik geoiqtisadi məkana çevrilib. Ölkələrimiz hazırda energetika, nəqliyyat, turizm, kənd təsərrüfatı, dağ-mədən, avtomobil sənayesi və bank sektorunda sıx əməkdaşlıq edir. Aparıcı Azərbaycan bankının və SOCAR-ın Özbəkistan bazarına daxil olması, o cümlədən neft-qaz kəşfiyyatı sahəsindəki birgə layihələrin son mərhələyə qədəm qoyması bu əlaqələrin miqyasını açıq şəkildə göstərir.
Münasibətlərimizin əsasında dayanan ən mühüm amillərdən biri də qarşılıqlı mənəvi dəstək və sarsılmaz qardaşlıq telləridir. Prezident İlham Əliyev Özbəkistanın işğaldan azad edilmiş Azərbaycan ərazilərində, xüsusən də Qarabağda bərpa işlərinə verdiyi töhfələri böyük minnətdarlıqla qeyd etdi. Füzuli şəhərində Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinin fəaliyyətə başlaması Özbəkistanın qardaşlıq dəstəyinin bariz nümunəsidir. Səfər çərçivəsində təşkil olunan regionlararası əməkdaşlıq forumu da tərəflər arasında səylərin birləşdirilməsi və yeni sinerjilərin yaradılması baxımından mühüm əhəmiyyət kəsb etdi.
Dövlət səfərinin ən yaddaqalan məqamlarından biri də Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclasının keçirilməsi və əməkdaşlığın bütün spektrini əhatə edən yeni sənədlərin imzalanması oldu. Həmçinin, dövlət başçılarının qarşılıqlı olaraq ali ordenlərlə təltif edilməsi mərasimi baş tutdu. Prezident Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə ali dərəcəli "Dostluq" ordenini, Prezident İlham Əliyev isə özbəkistanlı həmkarına "Heydər Əliyev" ordenini təqdim etdi. Bu, iki xalq və dövlət rəhbərləri arasındakı dərin ehtiramın rəmzi idi. Sonda Prezident İlham Əliyevin qardaş ölkə rəhbərini Azərbaycana dövlət səfərinə dəvət etməsi, gələcəkdə bu strateji və sarsılmaz birliyin daha da dərinləşəcəyinin əsas təminatıdır.
Günel Mustafayeva


Qarşılıqlı etimad mühiti Azərbaycan-Özbəkistan əlaqələrinin sürətli inkişafına təkan verirAzərbaycan ilə Özbəkistan aras...
27/08/2026

Qarşılıqlı etimad mühiti Azərbaycan-Özbəkistan əlaqələrinin sürətli inkişafına təkan verir
Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin yüksək səviyyəsi özünü yalnız siyasi bəyanatlarda və dövlət başçılarının görüşlərində deyil, həm də konkret layihələrdə, investisiyalarda və regionlararası əməkdaşlıqda göstərir. Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri bu baxımdan mühüm nəticələrlə yadda qaldı. Səfər çərçivəsində bir sıra layihələrin açılışının və təməlinin qoyulması, regionlararası əməkdaşlığın müzakirəsi və gələcək fəaliyyət planlarının müəyyənləşdirilməsi iki ölkə arasında tərəfdaşlığın artıq praktiki mərhələdə inkişaf etdiyini nümayiş etdirdi.
Səfər çərçivəsində keçirilən görüşlər zamanı iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi xüsusi vurğulandı. Qeyd olundu ki, həyata keçirilən təşəbbüslər təkcə iqtisadi göstəricilərin artmasına deyil, həm də iki ölkənin sahibkarları arasında işgüzar əlaqələrin güclənməsinə şərait yaradır. Kənd təsərrüfatı və emal sənayesindən tutmuş avtomobil və tekstil sənayesinə qədər geniş bir istiqamətdə əməkdaşlıq aparılır. Neft-qaz və geoloji kəşfiyyat sahəsindəki layihələrə diqqət yetirilməsi əlaqələrin daha yeni müstəviyə keçdiyini göstərir. Azərbaycanın Özbəkistan bazarında satış şəbəkəsinin genişləndirilməsi iqtisadi münasibətlərin dərinləşməsinə xidmət edir.
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində onlayn formada iştirak etdilər. Tədbir çərçivəsində “Davr Bank” (AR Beynəlxalq Bankı), Gips zavodu (“Matanat-A”), “Landau” adına STEAM (Science, Technology, Engineering, and Mathematics) iki məktəb (“Landau Education Group”) layihələrinin açılışı olub. Həmçinin SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsinin, “Sea Breeze Uzbekistan” yaşayış və istirahət kompleksinin (“Agalarov Development”), “Baku City” yaşayış kompleksinin (“TuranAZ”), Gümüş tərkibli filizin emalı üzrə zənginləşdirmə fabrikinin (“Sur Gold and Silver Project”) və Meyvə bağlarının (“Gold Fresh Fruits”) layihələrinin təməliqoyma mərasimi keçirilib.
Azərbaycan və Özbəkistanı birləşdirən əsas amillərdən biri xalqlarımızın tarixi və mədəni yaxınlığıdır. Həmçinin, dövlət başçılarının qarşılıqlı etimad mühiti əlaqələrin sürətli inkişafına təkan verir.
Xüsusi qeyd etməyə dəyər ki, Prezident Şavkat Mirziyoyevin Qarabağın bərpasına göstərdiyi diqqət olduqca dəyərlidir. Füzuli şəhərində inşa olunan 960 şagird yerlik məktəb və Xankəndidə yaradılan tikiş fabriki iki ölkə arasındakı dostluğun sözdə deyil, əməldə olduğunun sübutudur. Belə layihələr işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına verilən mühüm dəstəkdir.
Prezident İlham Əliyevin səfəri çərçivəsində Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclasının keçirilməsi münasibətlərin strateji xarakter daşıdığını bir daha təsdiqlədi və bu format gələcək hədəflərin müəyyənləşdirilməsi və görülən işlərin əlaqələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Digər yaddaqalan məqam isə dövlət başçılarının qarşılıqlı təltifləri oldu. Prezident İlham Əliyevə Özbəkistanın ali dərəcəli “Dostluq” ordeninin verilməsi, eləcə də Özbəkistan liderinə “Heydər Əliyev” ordeninin təqdim edilməsi qarşılıqlı hörmətin rəmzi ifadəsidir.
Lalə Qafarova


Laçının yeni inkişaf salnaməsi: Zəfərdən dirçəlişəLaçın Azərbaycan tarixində yalnız coğrafi məkan olmaqla yanaşı, həm də...
27/08/2026

Laçının yeni inkişaf salnaməsi: Zəfərdən dirçəlişə
Laçın Azərbaycan tarixində yalnız coğrafi məkan olmaqla yanaşı, həm də milli yaddaşın, strateji iradənin və Böyük Qayıdışın rəmzlərindən biridir. Bu gün Laçın haqqında danışarkən söhbət yalnız işğaldan azad edilmiş bir şəhərin bərpasından getmir. Burada Azərbaycanın postmüharibə dövründə formalaşdırdığı yeni inkişaf modelinin – təhlükəsizlik, məskunlaşma, infrastruktur, yaşıl enerji, sənayeləşmə, turizm və regional bağlantıların vahid məkanda birləşdirildiyi kompleks siyasətin nəticələrini görmək mümkündür.
Bir vaxtlar işğalın ağır nəticələri ilə üzləşmiş Laçın artıq tamamilə fərqli mənzərə yaradır. Şəhərin küçələrində yeni həyat canlanır, yaşayış məhəllələri salınır, sosial obyektlər istifadəyə verilir, istehsal müəssisələri yaradılır, enerji infrastrukturu inkişaf etdirilir. Ən mühümü isə illərlə doğma yurd həsrəti çəkən insanlar öz evlərinə qayıdırlar. Laçının bugünkü dirçəlişi Azərbaycanın Zəfərdən sonra qarşıya qoyduğu əsas məqsədlərdən birinin – işğaldan azad edilmiş ərazilərin bərpası və insanların öz doğma torpaqlarına qaytarılması məqsədinin ardıcıl şəkildə həyata keçirildiyini nümayiş etdirir.
Laçın Azərbaycanın qədim yaşayış məskənlərindən biri olmaqla zəngin tarixə və özünəməxsus təbii-coğrafi xüsusiyyətlərə malikdir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinin Laçın adlandırılması və şəhər statusu alması ilə şəhərin müasir inzibati tarixində yeni mərhələ başlayıb. 1930-cu il avqustun 8-də Laçın rayonunun yaradılması ilə şəhər rayonun inzibati mərkəzinə çevrilib. Laçının coğrafi mövqeyi onun tarix boyu əhəmiyyətini müəyyənləşdirən əsas amillərdən biri olub. Rayonun dağlıq ərazisi, zəngin meşələri, yaylaqları, çayları və təbii ehtiyatları həm iqtisadi, həm də strateji baxımdan böyük potensiala malikdir.
Laçının tarixində yeni səhifə 2020-ci ildə yazıldı, Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər işğalın sona çatmasına və ölkəmizin ərazi bütövlüyünün bərpasına doğru həlledici addımların atılmasına imkan verdi. 2020-ci il dekabrın 1-də Laçın rayonu üçtərəfli Bəyanata əsasən Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, uzun illər davam edən işğal dövrü başa çatdı və Laçının qarşısında tamamilə yeni inkişaf perspektivləri yarandı.
Laçının azad olunması uğrunda döyüşlərdə iştirak edən hərbi qulluqçuların şücaəti dövlət tərəfindən yüksək qiymətləndirilib. 8418 hərbi qulluqçunun “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi həmin Zəfərin arxasında dayanan qəhrəmanlığın dövlət səviyyəsində qiymətləndirilməsinin ifadəsidir.
26 avqustun Laçın Şəhəri Günü kimi təsis edilməsi Zəfər tariximizin mühüm səhifəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi həmin ərazilərin tarixi yaddaşının və yeni inkişaf mərhələsinin dövlət səviyyəsində qeyd olunmasına xidmət edir.
Laçının bərpasının əsas məqsəd insanları doğma torpaqlarına qaytarmaq və burada təhlükəsiz, rahat və layiqli həyat şəraiti yaratmaqdır. 31 il ərzində doğma şəhərindən ayrı düşmüş insanların yenidən Laçında məskunlaşması Böyük Qayıdışın ən təsirli nümunələrindən biridir. 2026-cı ilin iyuluna qədər Laçın şəhərinə 614 ailənin, yəni 2264 nəfərin daimi məskunlaşması təmin edilib. Zabux, Sus və Bəylik kəndlərinə də yüzlərlə ailənin köçürülməsi həyata keçirilib. Bu rəqəmlərin arxasında ayrı-ayrı ailələrin, insanların və nəsillərin uzun illər davam edən yurd həsrətinin sona çatması dayanır.
Laçının təbii gözəllikləri onun gələcək turizm inkişafı üçün böyük potensiala malik olduğunu göstərir. Rayonda hotellərin, istirahət komplekslərinin, bulvarların və digər turizm obyektlərinin yaradılması bu istiqamətdə atılan addımlardandır. Laçın Beynəlxalq Hava Limanı, Kəlbəcər-Laçın avtomobil yolu, enerji layihələri və “Həkəriçay” su anbarı kimi layihələr rayonun regional əhəmiyyətini artırır.
26 Avqust – Laçın Şəhəri Günü Azərbaycan xalqının Zəfər iradəsinin, tarixi ədalətin bərpasının və Böyük Qayıdışın təcəssümüdür. Laçın bu gün öz tarixini yenidən yazır. Bu tarixin əsas amilləri isə Zəfər, qayıdış, quruculuq, inkişaf və gələcəkdir. Laçının dağlarında yenidən həyatın canlanması, doğma evlərin işıqlarının yanması və sakinlərin öz yurdlarında gələcəyə planlar qurması Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi böyük tarixi missiyanın ən aydın göstəricilərindəndir.
Hüseyinova Turan


26 Avqust - Laçın Şəhəri Günü26 avqust Azərbaycan xalqının yaddaşında xüsusi məna daşıyan günlərdən biridir. Bu tarix 20...
27/08/2026

26 Avqust - Laçın Şəhəri Günü
26 avqust Azərbaycan xalqının yaddaşında xüsusi məna daşıyan günlərdən biridir. Bu tarix 2022-ci ildən etibarən Laçının öz doğma sakinlərinə qovuşmasının, Azərbaycan bayrağının bu qədim torpaqlarda yenidən dalğalanmasının və üç onillikdən artıq davam edən həsrətin sona çatmasının rəmzi kimi tariximizə daxil olub. Azərbaycan Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqust Laçın Şəhəri Günü elan edilib.
2020-ci ildə əldə olunan Zəfər Laçının taleyində də köklü dönüş yaratdı. Həmin ilin dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Bununla Laçının tarixində tamamilə yeni bir mərhələ başladı. 26 Avqustun Laçın Şəhəri Günü kimi qeyd olunması da məhz bu tarixi dönüşün əhəmiyyətindən irəli gəlir. Bu gün işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən qurulmasının, yeni tarixin formalaşmasının və gələcəyə doğru atılan addımların rəmzlərindən biri kimi qəbul olunur.
Bu gün Laçına gələn insan tamamilə yenilənmiş bir mənzərə ilə qarşılaşır. Dağların arasında yeni yaşayış binaları və fərdi evlər yüksəlir, küçələr salınır, məktəblər fəaliyyət göstərir, uşaqlar yenidən Laçın torpağında təhsil alırlar. Həyətlərdə həyat canlanır, Həkəri çayının sahilində istirahət məkanları və bulvar yaradılır, yeni müəssisələr fəaliyyətə başlayır. Şəhər sanki uzun illər davam edən sükutdan sonra yenidən həyata qovuşur. Lakin burada baş verənlər sadəcə tikinti və abadlıq işləri deyil. Bu, illərlə yaddaşlarda qorunan həyatın yenidən gerçəkliyə çevrilməsidir. Laçında inşa edilən hər evin arxasında ayrıca bir ailənin taleyi dayanır. Hər yeni mənzil illərlə gözlənilən doğma yurda qayıdış arzusunun gerçəkləşməsidir.
Rayonun nəqliyyat imkanları da sürətlə yenilənir. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi şəhərin ölkənin digər bölgələri və xarici məkanlarla əlaqəsini genişləndirir. Kəlbəcər-Laçın avtomobil yolunda yeni tunellərin və körpülərin inşası isə rayonun quru nəqliyyatı baxımından əlçatanlığını artırır. Bu layihələr Laçını həm Azərbaycanın müxtəlif bölgələri ilə, həm də daha geniş regional və beynəlxalq əlaqələr sistemi ilə birləşdirir.
Laçının iqtisadi həyatında da ciddi canlanma müşahidə olunur. Mebel fabriki, tikiş və ayaqqabı istehsalı müəssisələri, aqro-sənaye parkı, balıqçılıq təsərrüfatı və digər layihələrin həyata keçirilməsi göstərir ki, rayon yalnız yaşayış üçün deyil, həm də əmək fəaliyyəti və istehsal üçün yenidən qurulur. Bu məsələ Böyük Qayıdışın davamlılığı baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki insanın doğma torpağına qayıtması yalnız evlə təmin olunması demək deyil. Davamlı həyat üçün iş yeri, gəlir mənbəyi, məktəb, sosial xidmətlər, mədəni mühit və rahat yaşayış şəraiti də mövcud olmalıdır. Laçının bərpa siyasətində bütün bu amillərin kompleks şəkildə nəzərə alınması diqqət çəkir.
Bu gün Laçının küçələrində yalnız yeni binalar, yollar və abadlıq elementləri görünmür. Burada Azərbaycanın Zəfərdən sonrakı yeni həyatının mənzərəsi formalaşır. Vaxtilə məcburi köçkün kimi yaşayan insanlar artıq Laçının daimi sakinlərinə çevrilirlər. Dağıdılmış məktəblərin yerində uşaqların səsi eşidilir, işğal illərində Azərbaycan bayrağının görünmədiyi torpaqlarda bu gün üçrəngli bayraq dalğalanır. Bir vaxtlar yalnız xatirələrdə qorunan küçələr indi yenidən insanlarla canlanır. Laçının ən böyük uğuru da məhz budur. Çünki torpağın azad edilməsi böyük Zəfərdirsə, həmin torpaqda həyatı yenidən qurmaq, insanları geri qaytarmaq və gələcəyi burada formalaşdırmaq Zəfərin davamıdır. Laçın hazırda bu davamlı quruculuğun ən canlı nümunələrindən biridir.
Cəmalə Əliyeva


Azad edilmiş Laçının müasir inkişaf mərhələsi26 avqust tarixi ölkəmizin həyatında ən əlamətdar günlərdən biri – Laçın şə...
27/08/2026

Azad edilmiş Laçının müasir inkişaf mərhələsi
26 avqust tarixi ölkəmizin həyatında ən əlamətdar günlərdən biri – Laçın şəhəri günü kimi qeyd olunur. 1923-cü ildə şəhər, 1930-cu ildə isə inzibati ərazi vahidi statusu alan Laçın uzun illər özünün zəngin təbiəti, meşə massivləri və strateji əhəmiyyəti ilə seçilib. Təəssüf ki, 1992-ci ilin may ayında Ermənistan tərəfindən işğal edilən bu ərazi böyük dağıntılara, tarixi abidələrin, məktəblərin və səhiyyə ocaqlarının məhvinə, əhalinin isə etnik təmizləməyə məruz qalmasına səbəb oldu. İşğal dövründə qeyri-qanuni məskunlaşma və təbii sərvətlərin talanması kimi cinayətlər törədilsə də, 2020-ci ildə Vətən müharibəsində qazanılan qələbə nəticəsində ədalət bərpa olundu. 2022-ci il avqustun 26-da Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri tam nəzarətə götürüldü və məhz bu tarixi hadisəyə əsasən, bu gün Laçın şəhəri günü kimi təsis edildi.
Bu gün Laçın tamamilə yeni və müasir inkişaf dövrünü yaşayır. Ən önəmlisi odur ki, laçınlılar 30 ildən çox davam edən həsrətdən sonra öz doğma yurdlarına qayıdırlar. Həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Laçın şəhəri ilə yanaşı, Zabux, Sus və Bəylik kəndlərində yüzlərlə ailənin daimi məskunlaşması təmin edilib. Ümumilikdə rayonda 1000-dən çox ev tikilib və ya bərpa edilib, sakinlərin rahat yaşaması üçün məktəblər, uşaq bağçaları və digər sosial obyektlər istifadəyə verilib. Laçın şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Plan “15 dəqiqəlik şəhər” prinsipi əsasında hazırlanıb ki, bu da insanların gündəlik tələbatlarını evlərinə yaxın məsafədə, rahat şəkildə ödəməsinə imkan yaradır.
Bərpa prosesində ekoloji mühitin qorunması və iqtisadi dirçəliş əsas hədəflərdəndir. Hazırda Laçının elektrik enerjisinə olan tələbatı tamamilə yaşıl enerji hesabına ödənilir. Həkəri, Hoçaz və Zabux çayları üzərində qurulan və müasir SCADA sisteminə inteqrasiya olunan çoxsaylı su elektrik stansiyaları həm rayonu işıqlandırır, həm də ölkənin ümumi enerji sisteminə öz töhfəsini verir. Paralel olaraq, bölgədə yeni iş yerləri yaradan sənaye və kənd təsərrüfatı müəssisələri fəaliyyətə başlayıb. “Laçın Aqro-Sənaye Parkı”nda yerləşən mebel, ayaqqabı və tikiş fabrikləri, eləcə də Qarabağda ilk nərəyetişdirmə təsərrüfatı olan “Həkəri Balıq Təsərrüfatı” yerli əhalinin daimi məşğulluğunu təmin edir.
Rayonun yol və nəqliyyat infrastrukturu da sürətlə yenilənir və genişləndirilir. Çoxsaylı tunelləri olan yeni Kəlbəcər-Laçın yolu və dəniz səviyyəsindən ən hündürdə yerləşən, 2025-ci ilin mayında istifadəyə verilmiş Laçın Beynəlxalq Hava Limanı bölgənin gələcək turizm və logistika imkanlarını xeyli artırır. Artıq turistlərin və yerli sakinlərin istirahəti üçün Zerti kəndində “Laçın” İstirahət Kompleksi, Həkəri çayı kənarında bulvar və asma körpü yaradılıb, kanat yolunun isə təməli qoyulub. Mədəni həyatın canlanması da diqqətdən kənarda qalmayıb. Bölgənin tarixini və təbiətini tərənnüm edəcək “Hoçazfilm” yaradıcılıq studiyası fəaliyyətə başlayıb və 2025-ci ildə Laçının “MDB-nin mədəniyyət paytaxtı” kimi qonaqları qəbul etməsi şəhərin mədəni əhəmiyyətini beynəlxalq səviyyəyə qaldırıb.
Bütün bu genişmiqyaslı işlər Prezident İlham Əliyevin birbaşa diqqəti və mütəmadi səfərləri sayəsində reallaşır. Dövlət başçısının 2021-ci ildən başlayaraq 2026-cı ilin iyul ayına qədər Laçına etdiyi hər bir səfər yeni infrastruktur layihələrinin, təhsil, səhiyyə, sənaye obyektlərinin və 700 min nəfəri içməli su ilə təmin edəcək "Həkəriçay" su anbarı kimi strateji təyinatlı mərkəzlərin təməlqoyma və ya açılış mərasimləri ilə yadda qalıb. Bu gün Laçın sadəcə keçmişin izlərini silmir, həm də gələcəyə hesablanmış, dayanıqlı və müasir bir şəhər kimi yenidən doğulur.
Tutu Kamalqızı


26/08/2026

Zəfər tariximiz – Laçın Şəhəri Günü! 🇦🇿

Address

Qaradag

Alerts

Be the first to know and let us send you an email when Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share