28/02/2026
Patrul.az tərəfindən Bakı şəhəri, Zərifə Əliyeva küçəsində hərəkətdə olan 99-AA-160 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı nəqliyyat vasitəsindən tullantının yolun hərəkət hissəsinə atılmasını əks etdirən videogörüntü ictimayiləşdirilmişdi.
Məsələ ilə bağlı sorğumuza cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, sözügedən nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsinə (nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılması) əsasən inzibati protokol tərtib olunub.
Xatırladaq ki, nəqliyyat vasitəsindən tullantı atılması həm ekoloji baxımdan, həm də ictimai qaydanın qorunması nöqteyi-nəzərindən qanunvericiliyə ziddir və inzibati məsuliyyət yaradır.
Patrul.az olaraq ictimai nəzarət mexanizmi çərçivəsində bu kimi halları diqqətdə saxlayır və vətəndaşların iştirakı ilə şəhər mühitinin qorunmasına yönəlmiş fəaliyyətimizi davam etdiririk.