Qusar rayon Yuxarı Tahircal kənd ümumi orta məktəbi

Qusar rayon Yuxarı Tahircal kənd ümumi orta məktəbi Qusar rayonu Yuxarı Tahircal kənd ümumi orta ümumtəhsil məktəbi

31 iyul 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstan Respublikasına dövlət səfəri...
02/08/2026

31 iyul 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstan Respublikasına dövlət səfəri çərçivəsində Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə keçirilən görüşdən sonra mətbuata birgə bəyanatla çıxış edib.
Prezident İlham Əliyev bəyanatında Azərbaycan ilə Qırğızıstan arasında mövcud olan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədədir və qarşılıqlı etimada əsaslanan əlaqələr bütün istiqamətlər üzrə dinamik şəkildə genişlənməkdədir.
Bəyanatda iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat-logistika, enerji, sənaye, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğu bildirilib. Xüsusilə Orta Dəhlizin inkişafı, regional nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi və beynəlxalq yükdaşımaların artırılması istiqamətində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.
Prezident İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edərək, türk dövlətləri arasında həmrəyliyin, qarşılıqlı dəstəyin və ortaq dəyərlərin qorunmasının regionda sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsində mühüm rol oynadığını bildirib.
Dövlət başçısı Azərbaycanın beynəlxalq əməkdaşlığa sadiqliyini, dost və qardaş ölkələrlə əlaqələrin daha da möhkəmləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verərək, dost ölkələrin bu prosesdə iştirakını yüksək qiymətləndirdiyini ifadə edib.
Prezident İlham Əliyev bəyanatının sonunda Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini bildirib və göstərilən yüksək qonaqpərvərliyə görə Qırğızıstan tərəfinə təşəkkür edib.
Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, dost və tərəfdaş dövlətlərlə əlaqələrinin genişlənməsinə mühüm töhfə verir.

🇦🇿 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili GünüBu gün xalqımızın milli-mənəvi dəyərlərinin, zəngin mədəni irsi...
01/08/2026

🇦🇿 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
Bu gün xalqımızın milli-mənəvi dəyərlərinin, zəngin mədəni irsinin və milli kimliyinin əsas sütunlarından biri olan Azərbaycan dilinə və Azərbaycan əlifbasına həsr olunmuş əlamətdar gündür.
Azərbaycan dili dövlətçiliyimizin, milli birliyimizin və mənəvi dəyərlərimizin ən mühüm rəmzlərindən biridir. Ana dilimizin saflığını qorumaq, onu düzgün və zəngin şəkildə yaşatmaq hər birimizin müqəddəs borcudur.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və qorunması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət bu gün də uğurla davam etdirilir. Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi, latın qrafikalı Azərbaycan əlifbasının geniş tətbiqi milli-mədəni irsimizin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Qusar şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbi kollektivi olaraq bütün xalqımızı 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə ürəkdən təbrik edir, hər kəsə ana dilimizə sonsuz sevgi, ehtiram və sədaqət arzulayırıq.
🇦🇿 Dilimiz milli sərvətimiz, əlifbamız isə milli kimliyimizin ayrılmaz rəmzidir!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsm...
23/07/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri ölkəmizin Avropa istiqamətində həyata keçirdiyi çoxşaxəli xarici siyasətin növbəti mühüm uğuru kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan mühüm sənədlər və dövlət başçısının mətbuata verdiyi bəyanat göstərdi ki, Azərbaycan ilə Almaniya arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu mərhələ qarşılıqlı etimada, siyasi dialoqun dərinləşdirilməsinə, iqtisadi tərəfdaşlığın genişləndirilməsinə, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, yaşıl enerji, innovasiya və regional təhlükəsizlik kimi strateji istiqamətlər üzrə əməkdaşlığın sistemli şəkildə inkişaf etdirilməsinə əsaslanır.
Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan artıq yalnız Cənubi Qafqazın aparıcı dövləti deyil, Avropa ilə Asiya arasında mühüm geosiyasi və geoiqtisadi mərkəzlərdən biri kimi qəbul edilir. Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi balanslaşdırılmış, milli maraqlara söykənən və praqmatik xarici siyasət nəticəsində ölkəmiz həm Şərq, həm Qərb, həm də qlobal Cənub dövlətləri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurmağa nail olub. Almaniya kimi Avropa İttifaqının siyasi və iqtisadi baxımdan aparıcı dövləti ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də məhz bu uğurlu siyasətin məntiqi nəticəsidir.
Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi, bu gün imzalanmış sənədlər Azərbaycan–Almaniya münasibətlərini yeni səviyyəyə qaldıracaq. Dövlət başçısı bildirdi ki, hər iki ölkə uzun müddətdir strateji dialoqun başlanmasını arzulayırdı və artıq bu məqsədə nail olunub. İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair imzalanmış Birgə Bəyannamə münasibətlərin gələcək inkişafının siyasi yol xəritəsini müəyyən edən fundamental sənəd kimi böyük əhəmiyyət daşıyır. Bu sənəd iki ölkə arasında siyasi məsləhətləşmələrin daha intensiv aparılmasına, iqtisadi əməkdaşlığın genişləndirilməsinə, yüksək texnologiyalar, sənaye, elm, təhsil və innovasiya sahələrində yeni layihələrin həyata keçirilməsinə geniş imkanlar açır.
Azərbaycan və Almaniya arasında formalaşan strateji dialoq yalnız ikitərəfli münasibətlər baxımından deyil, Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi də xüsusi əhəmiyyət daşıyır. Almaniya Avropa İttifaqının ən güclü iqtisadiyyatına malik olmaqla yanaşı, qitənin siyasi qərarlarının formalaşdırılmasında da aparıcı rol oynayır. Belə bir dövlətlə münasibətlərin strateji xarakter alması Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmləndiyini, ölkəmizin etibarlı tərəfdaş kimi qəbul olunduğunu nümayiş etdirir.
Son illərdə Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlıq davamlı inkişaf edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda 200-dən çox Almaniya şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Bu şirkətlər sənaye, maşınqayırma, tikinti, nəqliyyat, logistika, kənd təsərrüfatı, informasiya texnologiyaları, maliyyə və xidmət sektorlarında mühüm layihələr həyata keçirirlər. Dövlət başçısı əminliyini ifadə etdi ki, rəsmi səfərdən sonra Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti daha da genişlənəcək. Qarşılıqlı investisiya qoyuluşu ilə bağlı konkret təkliflərin irəli sürülməsi, biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi və yeni iqtisadi layihələrin hazırlanması bunu deməyə əsas verir.
Səfər zamanı Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və fəaliyyətinə dair Birgə Bəyannamənin imzalanması iqtisadi münasibətlərin institusional inkişafı baxımından mühüm hadisədir. Bu qurum sahibkarlar arasında birbaşa əlaqələrin genişlənməsinə, yeni investisiya layihələrinin hazırlanmasına, texnologiya transferinə və birgə istehsal müəssisələrinin yaradılmasına geniş imkanlar yaradacaq. Azərbaycanın əlverişli investisiya mühiti, sabit siyasi şəraiti və geniş nəqliyyat imkanları Almaniya biznes dairələrinin marağını daha da artırır.
Prezident İlham Əliyevin bəyanatında enerji əməkdaşlığı xüsusi yer tutdu. Dövlət başçısının da qeyd etdiyi kimi, bu ildən etibarən Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlayıb. Bununla da Azərbaycan qazı artıq Avropa İttifaqına üzv on ölkəyə çatdırılır. Bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha təsdiqləyir. Son illərdə qlobal enerji bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi nüfuzu daha da artıb. Ölkəmiz siyasi vəziyyətdən asılı olmayaraq bütün müqavilə öhdəliklərini vaxtında yerinə yetirməklə etibarlı tərəfdaş imicini möhkəmləndirib.
Azərbaycan yalnız təbii qaz və neft ixrac edən ölkə kimi deyil, həm də yaşıl enerji sahəsində Avropanın gələcək tərəfdaşlarından biri kimi çıxış edir. Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan olunması, Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsi, günəş və külək elektrik stansiyalarının tikintisi ölkəmizin enerji strategiyasının yeni mərhələyə keçdiyini göstərir. Almaniyanın alternativ enerji texnologiyaları sahəsində zəngin təcrübəsi bu istiqamətdə əməkdaşlıq üçün geniş perspektivlər yaradır.
Müasir dövrdə qlobal iqtisadiyyatın əsas dayaqlarından biri nəqliyyat və logistika marşrutlarıdır. Prezident İlham Əliyevin çıxışında bu məsələyə toxunaraq vurğuladığı kimi, Almaniya şirkətləri logistika və nəqliyyat sahəsində böyük uğurlar əldə ediblər və Azərbaycan bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri nəticəsində Azərbaycan Avropa ilə Asiya arasında əsas tranzit qovşaqlarından birinə çevrilib. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir avtomobil magistralları və beynəlxalq hava limanları Orta Dəhlizin səmərəli fəaliyyətini təmin edən mühüm layihələrdir.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olması ölkəmizin Avropa ilə Mərkəzi Asiya arasında strateji körpü rolunu daha da gücləndirib. Bu baxımdan Almaniya ilə logistika və tranzit sahəsində əməkdaşlıq həm iqtisadi, həm də geosiyasi baxımdan xüsusi əhəmiyyət kəsb edir. İmzalanmış Birgə Bəyannamənin icrası məqsədilə bir neçə işçi qrupunun yaradılması barədə əldə olunan razılıq da tərəflərin bu istiqamətdə konkret fəaliyyətə üstünlük verdiyini göstərir.
Prezident İlham Əliyevin bəyanatında Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqlar da geniş şəkildə əks olundu. Dövlət başçısı bildirdi ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və imzası ilə qəbul edilmiş Birgə Bəyannamə faktiki olaraq otuz il davam etmiş Ermənistan–Azərbaycan münaqişəsinə son qoydu. Bu, regionun tarixində yeni səhifənin başlanğıcıdır. Azərbaycan sülh prosesinə yalnız siyasi bəyanatlarla deyil, konkret addımlarla da töhfə verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan tərəfindən Ermənistana benzin və dizel yanacağının tədarükü həyata keçirilir, eyni zamanda Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin daşınması sürətlə artır. Qısa müddət ərzində 40 min tondan artıq yükün ölkəmizin ərazisindən tranzit daşınması yeni əməkdaşlıq mühitinin real nəticəsidir.
Dövlət başçısı Almaniyanın bu prosesdə oynadığı rolu da yüksək qiymətləndirdi. O vurğuladı ki, Almaniyada xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlər və Berlinin sülh dialoquna verdiyi dəstək etimad mühitinin formalaşmasına mühüm töhfə verib. Bu yanaşma Almaniyanın Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsində maraqlı olduğunu nümayiş etdirir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlərə də toxundu. O vurğuladı ki, Azərbaycan öz gücü hesabına işğala son qoydu, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdi, BMT Təhlükəsizlik Şurasının uzun illər icra edilməyən dörd qətnaməsinin həyata keçirilməsini təmin etdi və bundan sonra regionda sülh təşəbbüslərinin müəllifi kimi çıxış etdi. Bu gün Azərbaycanın irəli sürdüyü əməkdaşlıq və qarşılıqlı fayda prinsipləri regionda yeni münasibətlər sisteminin formalaşmasına xidmət edir.
Prezident İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərin inkişafına da toxunaraq qeyd etdi ki, bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərləri xüsusi siyasi əhəmiyyət daşıyır. Bu səfərlər Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətinin göstəricisidir. Almaniyanın Avropa İttifaqında aparıcı mövqeyi nəzərə alınarsa, Berlinin bu münasibətlərin gələcək inkişafına verəcəyi töhfə xüsusi əhəmiyyət kəsb edir.
Səfərin ən mühüm nəticələrindən biri Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts tərəfindən "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin imzalanması oldu. Eyni zamanda, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və fəaliyyətinə dair Birgə Bəyannamənin qəbul edilməsi iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün yeni institusional mexanizmlər formalaşdırdı. Bu sənədlər qarşıdakı illərdə siyasi dialoqun dərinləşdirilməsini, ticarət dövriyyəsinin artırılmasını, qarşılıqlı investisiyaların genişləndirilməsini, enerji və yaşıl texnologiyalar, rəqəmsal iqtisadiyyat, sənaye kooperasiyası, elm və təhsil sahələrində əməkdaşlığın yeni mərhələyə keçməsini təmin edəcək.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri bir daha təsdiqlədi ki, Azərbaycanın həyata keçirdiyi müstəqil, milli maraqlara əsaslanan və uzaqgörən xarici siyasət kursu ölkəmizin beynəlxalq mövqeyini davamlı şəkildə gücləndirir. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında, regionda davamlı sülhün möhkəmləndirilməsində və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayan etibarlı tərəfdaş kimi çıxış edir. Almaniya ilə strateji tərəfdaşlığın yeni mərhələsi isə bu siyasətin uğurlu nəticəsi olmaqla yanaşı, gələcək illərdə Azərbaycan–Avropa münasibətlərinin daha da dərinləşəcəyinin mühüm göstəricisidir.

22 İyul - Milli Mətbuat Günü ilə əlaqədar “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqil...
22/07/2026

22 İyul - Milli Mətbuat Günü ilə əlaqədar

“Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”
Ulu Öndər Heydər Əliyev

“Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.”
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

“Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır.
Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir. XlX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü olmuş, insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr vermişdir.”
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə
ünvanladığı təbrik məktubundan
22.07.2022

- Milli mətbuat yolunda atılan ilk addım - “Əkinçi” qəzeti.
1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub;

- Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.
Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. 1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir;

- Anadilli mətbuat.
“Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar. 1896-cı ildən Həsən bəyin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli “Kaspi” qəzeti də mövzu və məfkurə baxımından Zərdabi istəklərinin daşıyıcısına çevrildi;

- İslahatlar dayanıqlı inkişafa səbəb oldu.
Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür;

- Senzuranın ləğvi.
Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi;

- Mətbuat azadlığı prinsipləri.
Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranmışdır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur (https://e-qanun.az/framework/15193);

- Yeni dövrün çağırışları.
Respublikamızın tarixi inkişafında əldə olunmuş yüksək səviyyə milli mediamız qarşısında da yeni vəzifələr qoyur. “Bu gün Azərbaycan mətbuat müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır" – Prezident İlham Əliyev;

- Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir parçasıdır.
Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib;

- Milli mətbuatın inkişafına yönəlmiş mühüm təşəbbüslər.
Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135, 140, 145 və 150 (https://e-qanun.az/framework/59450) illik yubileyləri ölkə miqyasında geniş qeyd olunmuşdur. Bu yubileylər milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsini və nəsillərin varisliyini qəbul etməklə, mediamızın sabahkı hüdudlarına aydın baxışı təmin etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 3 fevral tarixində “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis olunmuşdur (https://e-qanun.az/framework/59033);

“XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı. Məhz buna görə də 150 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir.”
“Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından

- Qanunvericilik bazası.
Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir;

- “Media haqqında” AR Qanunu.
30 dekabr 2021-ci ildə qəbul olunmuş Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. “Media haqqında” AR Qanununun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyir;

- Media və Yayım Şurasının yaradılması.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında vahid qurumun – Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur. Bununla bağlı “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara müvafiq dəyişikliklərin edilməsi barədə qanun layihəsi 2026-cı il iyulun 14-ü Milli Məclisdə qəbul olunub. Qanun layihəsində müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurətinin yarandığı vurğulanır. Bu isə çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir.
Media və Yayım Şurasının yurisdiksiyasına media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək; jurnalistlərin peşəkarlığını və məsuliyyətini artırmaq, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə tədbirlər həyata keçirmək, həmçinin media nümayəndələri üçün müsabiqələr təşkil etmək; audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirmək; media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində tədbirlər görmək; dezinformasiyanın yayılmasının qarşısının almaq, o cümlədən onun aşkarlanması, qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görmək və s. daxil olacaq;

- İnternet qəzetçilik inkişaf edir və yeni mərhələyə keçir.
Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər;

- Azadlığın təməl prinsipi.
Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib;

- Jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması diqqət mərkəzindədir.
Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövləti başçısının diqqət mərkəzində olduğuna görə, KİV-lərə birdəfəlik yardımlar göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilmişdir. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir. 2022-ci ildə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişiklikliyə əsasən Media Reyestrinə daxil edilmiş ən azı 5 il jurnalist işləyən və gənc ailənin üzvü olan şəxs, həmçinin ən azı 15 il jurnalist işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir;

- Media subyektlərinə verilən vergi güzəşti və azadolmaları.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişiklik nəticəsində 2023-cü il yanvarın 1-dən media subyektlərinin məhz media ilə bağlı fəaliyyətdən əldə etdikləri gəlirləri, o cümlədən reklam gəlirləri, habelə media subyektlərinə MEDİA Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir (mənfəət) və sadələşdirilmiş vergilərdən 6 il müddətinə azad edilib. Həmçinin, rəqabətə davamlı milli media məhsullarının istehsalının stimullaşdırılması məqsədilə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də həmin tarixdən 6 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Habelə, Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi də 2023-cü ilin 1 yanvar tarixindən 6 il müddətinə əlavə dəyər vergisindən azad edilib;

- “Jurnalistlərin dostu” mükafatları.
Azərbaycan Prezidentlərinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümü deməkdir. Həm Ulu Öndər Heydər Əliyev və həm də Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar və mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər;

- Milli informasiya resursları.
Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir;

- Peşəkar jurnalistika.
Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar;

- Cəmiyyətdə demokratik münasibətlərinin inkişafı ölkədə azad mətbuatın inkişafı ilə əlaqəlidir.
Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün heç zaman qayğısını əsirgəmir. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir;

- Demokratiyanın fundamental şərti.
Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir: “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur”;

- Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib.
Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır;

- Fədakar Azərbaycan jurnalisti.
Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür;

- Azərbaycan ilə Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu 2021-ci il fevralın 1-də Milli Məclis tərəfindən təsdiq edilmişdir. Razılaşmaya əsasən iki ölkənin mediasının əlaqəli şəkildə hərəkəti baxımından səmərəli fəaliyyət göstərməsi məqsədilə Birgə Media Platforması yaradılması çərçivəsində tərəflər arasında əməkdaşlıq aparılacaq sahələr müəyyən edilmişdir (media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması, iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması, beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi, müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması, peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi, iki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması);

Şuşada keçirilən Qlobal Media Forum.
Şuşada 2023-cü il 21-23 iyul tarixlərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” I, 2024-cü il 20-22 iyul tarixlərində “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II, 2025-ci il 19-21 iyul tarixlərində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Qlobal Media Forumu keçirilmişdir.
2026-cı il 13-14 iyul tarixlərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilmiş IV Şuşa Qlobal Media Forumu çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil edilmişdir;

Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır.
Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır.

Address

Qusar
AZ3837

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Qusar rayon Yuxarı Tahircal kənd ümumi orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qusar rayon Yuxarı Tahircal kənd ümumi orta məktəbi:

Shortcuts

Share

Category