YAP Sabirabad Rayon Təşkilatı

YAP Sabirabad Rayon Təşkilatı Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır

Azad və müasir Laçın tarixiliklə müasirliyin vəhdətini əks etdirir26 avqust ölkəmizdə tarixi ədalətin bərpasını ehtiva e...
26/08/2026

Azad və müasir Laçın tarixiliklə müasirliyin vəhdətini əks etdirir

26 avqust ölkəmizdə tarixi ədalətin bərpasını ehtiva edən əlamətdar günlərdən biri kimi qeyd olunur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi bu bölgələrin dirçəlişini və yeni inkişaf mərhələsinə qədəm qoyduğunu ifadə edir.
26 avqust Laçın şəhəri günü elan edilmişdir. Sözügedən tarix Laçının azad edilməsini, Azərbaycan xalqının sarsılmaz əzmini və milli qürurun təntənəsini bütün dünyaya nümayiş etdirir.
Vətən müharibəsində qazanılan şanlı Qələbənin ən mühüm nəticələrindən biri məhz Laçın rayonunun işğaldan azad edilməsi oldu. Tarixi Zəfərlə 30 illik ədalətsizlik aradan qaldırıldı.
Laçın hərbi-siyasi baxımdan strateji əhəmiyyətə malikdir. Rayonun işğaldan azad edilməsi regional sabitliyin bərpası və təhlükəsizliyin təmin olunması üçün vacib addım oldu. Həmin uğur Azərbaycan Silahlı Qüvvələrinin gücünü, peşəkarlığını və vətənpərvərliyini bir daha göstərdi.
44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra imzalanmış Üçtərəfli Bəyanat əsasında Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verildi. Şanlı ordumuzun qətiyyətli addımları və diplomatik təşəbbüslər nəticəsində 2022-ci il avqustun 26-da Laçın tam olaraq ölkəmizin tam nəzarətinə verildi, bununla həm hərbi, həm siyasi, həm də mənəvi cəhətdən tarixi ədalət bərpa olundu. Ardınca, 2023-cü il aprelin 23-də Laçın rayonunda, Laçın–Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi istifadəyə verildi. Dövlətimiz tərəfindən qurulan bu məntəqə yalnız sərhəd təhlükəsizliyini qorumaqla kifayətlənmədi, həm də regionda kommunikasiya təhlükəsizliyini möhkəmləndirdi. Bu hadisə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini daha da gücləndirərək sərhədlərimiz üzərində tam nəzarətin təmin olunmasının bariz nümunəsinə çevrildi.
Hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində laçınlı ailələrin mərhələli şəkildə öz evlərinə qayıdışı həyata keçirilir. Artıq yüzlərlə ailə Laçında məskunlaşıb, təsərrüfat qurur və doğma torpağın həyatını canlandırır. Bu qayıdış yalnız sosial-iqtisadi hadisə deyil, həm də milli qürurun bərpası, itirilmiş dəyərlərin geri qaytarılması deməkdir.
Laçında aparılan quruculuq işləri şəhərin yeni simasını formalaşdırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr nəticəsində bu məkan müasir şəhər infrastrukturuna sahib olur. Qısa zaman kəsiyində görülən genişmiqyaslı işlər dövlətimizin qüdrətini, xalqımızın iradəsini və gələcəyə olan böyük inamını göstərir. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə bölgənin inkişafına yeni təkan verdi. Azərbaycanın dəniz səviyyəsindən ən yüksəkdə yerləşən bu hava limanı strateji əhəmiyyət daşıyır, həmçinin turizm və iqtisadiyyat baxımından Laçını beynəlxalq miqyasda tanıdır.
Laçının dirçəlişi ancaq infrastruktur və sosial layihələrlə məhdudlaşmır, bu şəhər artıq beynəlxalq mədəniyyət mərkəzinə çevrilməkdədir. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarı ilə Laçın 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilmişdir. İyunun 3-də Laçın şəhərində keçirilmiş “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi gözəl diyarın təkcə Azərbaycan üçün deyil, həm də regionun mədəni həyatında mühüm rol oynayacağını təsdiqləyir. Bu status Laçının mədəni diplomatiya və beynəlxalq əməkdaşlıq baxımından ön plana çıxmasına imkan verir.
26 avqust – Laçın şəhəri günü Azərbaycan xalqının gələcəyə olan inamının bariz nümunəsidir. Həmin gün 30 illik işğalın sonu, yenidənqurmanın başlanğıcıdır. Laçın hazırda müasirliklə tarixin qovuşduğu bir məkan kimi Azərbaycanın inkişaf və tərəqqi yolunda daha bir möhtəşəm uğurunun göstəricisinə çevrilir.

Vüsal Hüseynov,
Sabirabad Regional ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinin rəisi

Laçının regionda inkişaf perspektivləriAzərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə ilə tarixin...
26/08/2026

Laçının regionda inkişaf perspektivləri

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə ilə tarixin gedişatını dəyişdi, uzun illər işğal altında qalmış torpaqlarını azad etdi və ərazi bütövlüyünü bərpa etdi. Bu möhtəşəm zəfər yalnız hərbi gücün deyil, həm də siyasi iradənin, diplomatik məharətin və milli həmrəyliyin təntənəsi oldu. Azadlıq uğrunda canlarını fəda edən igidlərin qəhrəmanlığı ilə bərpa olunan tarixi ədalət Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldı. Bu zəfərin ən parlaq səhifələrindən biri də Laçının işğaldan azad olunmasıdır. Zəngin təbiəti, qədim mədəni irsi və strateji mövqeyi ilə seçilən Laçın Azərbaycan üçün hər zaman xüsusi əhəmiyyətə malik olub. Onun azad olunması təkcə hərbi qələbə deyil, həm də xalqımızın mənəvi gücünün, dövlətimizin əzminin rəmzinə çevrildi.
1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın Azərbaycanın ən ağır itkilərindən biri oldu. Rayonun 1 şəhəri, 1 qəsəbəsi və 125 kəndi boşaldıldı, 70 minə yaxın sakin doğma yurdunu tərk etməyə məcbur oldu. İşğal nəticəsində 300-dən çox hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdü. Ermənilər təkcə torpaqlarımızı işğal etməklə kifayətlənmədilər, həm də Laçının iqtisadi və mədəni varlığını məhv etdilər. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, yüzlərlə inzibati bina dağıdıldı. Məscidlərimiz təhqir edildi, qəbiristanlıqlar dağıdıldı. Eyni zamanda, Laçının zəngin təbii sərvətləri talan edildi, qanunsuz məskunlaşdırma siyasəti aparıldı. Bu, beynəlxalq hüququn bütün normalarına zidd hərbi cinayət idi və dünya ictimaiyyətinin gözü qarşısında baş verirdi. Laçının işğalı həm də strateji baxımdan çox ağır nəticələr doğurdu. Çünki bu rayon Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında birbaşa əlaqə yaradırdı. Beləliklə, Laçının itirilməsi sonrakı işğalların başlanğıc nöqtəsinə çevrildi.
Azərbaycan Ordusunun qəhrəmanlığı və Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi nəticəsində 2020-ci il 1 dekabrda Laçın rayonu bir güllə atmadan Azərbaycana qaytarıldı. Bundan əvvəl, noyabrın 9-da rayonun Güləbird, Səfiyan və Türklər kəndləri işğaldan azad edilmişdi.
2022-ci il avqustun 26-da isə Azərbaycan Ordusu Laçın şəhərinə, Zabux və Sus kəndlərinə tam nəzarəti bərpa etdi. Bu tarixi hadisə ölkəmizin hərbi-siyasi gücünün təntənəsi kimi yaddaşlara yazıldı. Prezident İlham Əliyevin Sərəncamı ilə həmin gün Laçın Şəhəri Günü elan edildi. Bu, həm simvolik, həm də siyasi baxımdan mühüm addım idi – xalqımız artıq 30 illik həsrətə son qoymuşdu. Beləliklə, Laçında genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verildi. Dövlətin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində yüzlərlə ailə artıq Laçına qayıdıb. Məcburi köçkünlər üçün yeni evlər tikilib, yollar salınıb, sosial və mədəni infrastruktur bərpa olunub. Bu gün Laçında yeni məktəblər, səhiyyə müəssisələri, yaşayış kompleksləri və mədəniyyət ocaqları istifadəyə verilir. Şəhərin baş planında müasir “15 dəqiqəlik şəhər” konsepsiyası əsas götürülüb. Bu yanaşma insanların gündəlik ehtiyaclarını yaxın məsafədə ödəməsinə, ekoloji təmiz və rahat həyat sürməsinə imkan yaradacaq.
Laçının gələcək inkişafı üçün həyata keçirilən ən mühüm layihələrdən biri Laçın Beynəlxalq Hava Limanıdır. Yeni istifadəyə verilən bu aeroport Azərbaycanın ən yüksəkdə yerləşən hava limanı olmaqla yanaşı, həm də bölgənin strateji və iqtisadi inkişafına mühüm töhfə verəcək. Bu infrastruktur yalnız Laçın və Qarabağ üçün deyil, bütövlükdə regionun turizm və nəqliyyat əlaqələri üçün yeni imkanlar açacaq. Bundan əlavə, Laçında bulvar, istirahət mərkəzləri, asma körpülər, kotteclər və kanat yolu layihələri həyata keçirilir. Bu yeniliklər Laçını yaxın gələcəkdə Azərbaycanın ən cazibədar turizm mərkəzlərindən birinə çevirəcək.
Laçının işğaldan azad olunması yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də milli qürurumuzun dirçəldilməsi deməkdir. Bu gün Laçın dirçəliş dövrünü yaşayır və bu, bütün Azərbaycan üçün ümid və güc mənbəyidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi: “Biz buradayıq və burada əbədi olacağıq.”

Rahib Fərzəliyev,
Sabirabad rayon, Quruzma kənd sakini, fəal gənc

Azad Laçın sevincli günlərini yaşayır1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 192...
26/08/2026

Azad Laçın sevincli günlərini yaşayır

1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu (1 şəhər, 1 qəsəbə və 125 kənd) 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub. Belə əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib. 2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsini Azərbaycanın hərbi və diplomatik qələbəsidir. Uzun illər Ermənistan tərəfindən işğala məruz qalmış Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr regionun iqtisadi potensialının reallaşdırılması ilə paralel şəkildə davam etdirilir. Yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Eyni zamanda, Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir, bölgənin ümumilikdə ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir. Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq. Artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb, kotteclər tikilib. Burada çimərlik də fəaliyyət göstərəcək. İnsanların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası uğurla davam edir. Bu gün Laçın şəhərinin küçələri ilə gəzərkən genişmiqyaslı quruculuq işləri ilə yanaşı 30 ildən sonra doğma yurdlarına qayıtmış laçınlıların çöhrəsində qürur və sevinc ifadəsinin şahidi olur, yeni həyatın başlandığını göstərən evlərdən, həyətlərdən insanların danışıq və gülüş səslərini eşidirik. Mayın 28-dən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq laçınlıların yurd həsrəti bitib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən 2023-cü ildə Laçın şəhərinə 2091 nəfər şəhər sakini rayonun Zabux, Sus və Bəylik kəndlərinə isə 1425-dən çox sakinin köçürülməsi təmin edilib. Dövlətimizin başçısı cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.

Qabil Əliyev,
Sabirabad rayonu Muğan Gəncəli bələdiyyəsinin sədri

Laçın tarix və mədəniyyətin beşiyidirPrezident İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşd...
26/08/2026

Laçın tarix və mədəniyyətin beşiyidir

Prezident İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunacaq. Sərəncama əsasən, “26 avqust – Laçın şəhəri günü” elan edilib.
1923-cü ildə kiçik bir yaşayış məntəqəsinin Laçın adı ilə şəhər statusu alması, 1930-cu ildə isə rayon mərkəzinə çevrilməsi, bu bölgənin tarixi inkişafının başlanğıcı idi. Qədim dağların qoynunda yerləşən, zəngin meşələri, yaylaqları ilə seçilən Laçın təbiətin insana bəxş etdiyi nadir sərvət idi. Lakin bu gözəl diyar təkcə təbiəti ilə deyil, həm də strateji mövqeyi ilə ölkəmiz üçün böyük əhəmiyyət daşıyırdı.
1992-ci ilin 18 mayı isə yaddaşımıza bir faciə günü kimi həkk olundu. Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Laçın yandırıldı, viran qoyuldu, əhalisi didərgin salındı. On minlərlə laçınlı məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Onlarla kənd, yüzlərlə tarixi və mədəniyyət abidəsi məhv edildi. Rəsmi İrəvan beynəlxalq hüququ tapdalayaraq Laçının demoqrafik tərkibini dəyişdirməyə çalışdı. Amma bütün bunlara baxmayaraq, laçınlılar ümidlərini itirmədilər, bir gün geri dönəcəklərinə əmin idilər.
2020-ci ilin 44 günlük Vətən müharibəsi tarixi dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində düşmən kapitulyasiya etməyə məcbur qaldı. 1 dekabr 2020-ci ildə Laçın rayonu, 26 avqust 2022-ci ildə isə Laçın şəhəri, Zabux və Sus kəndləri azad edildi. Həmin gün hər bir azərbaycanlı üçün qürur və göz yaşları ilə dolu idi. Çünki biz illərlə həsrətini çəkdiyimiz torpaqlarımıza qayıdırdıq.
Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”. Bu gün Laçın həmin vədin reallaşmasının bariz nümunəsidir. İndi Laçında quruculuq, abadlıq, həyat nəfəsi duyulur.
Enerji sahəsində həyata keçirilən layihələr Laçını Azərbaycanın “yaşıl enerji” mərkəzlərindən birinə çevirir. Su elektrik stansiyaları yenidən qurulub, yeni stansiyalar inşa edilib. Bu, təkcə iqtisadi deyil, həm də ekoloji cəhətdən dayanıqlı inkişaf deməkdir.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi Laçını bölgənin tranzit mərkəzinə çevirir. Kəlbəcər–Laçın avtomobil yolu, yeni inşa edilən körpülər və tunellər, ən əsası isə 2025-ci ildə açılışı olan Laçın Beynəlxalq Hava Limanı – bütün bunlar Laçını regionun beynəlxalq əhəmiyyətli qovşaqlarından birinə çevrilir.
Laçında artıq yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar, mədəniyyət obyektləri tikilib. Bərpa olunan Zabux, Sus, Bəylik kəndləri yeni siması ilə doğma sakinlərini qarşılayır. 2023-cü ildən başlayaraq yüzlərlə ailə Böyük Qayıdış Proqramı çərçivəsində doğma yurduna qayıdıb. İndi onların evlərində işıq yanır, həyətlərindən uşaq səsi gəlir.
Şəhərdə müasir istirahət məkanları, çaykənarı bulvar, kanat yolu və turizm obyektləri salınır. “Laçın İstirahət Kompleksi”, “Hoçazfilm” studiyası, aqro-sənaye parkı və istehsal müəssisələri həm iş yerləri yaradır, həm də Laçının iqtisadi potensialını artırır.
2025-ci ildə Laçının MDB-nin “Mədəniyyət paytaxtı” elan edilməsi təsadüfi deyil. Çünki Laçın tarix və mədəniyyətin beşiyidir. Burada ucaldılan hər bina, salınan hər park, qurulan hər muzey, əslində bizim milli yaddaşımızın dirçəlişidir.
Bu gün Laçın bütöv Azərbaycanın rəmzidir. O, həm tariximizin ağrısını, həm də bu günkü qürurumuzu özündə birləşdirir. Biz Laçına baxanda həm 1992-ci ilin faciəsini, həm də 2020-ci ilin qələbəsini görürük. Bu gün qurulan hər bir ev, salınan hər bir yol, çəkilən hər bir xətt gələcək nəsillərə ən böyük mesajdır: bu torpaqlar əbədi olaraq Azərbaycanındır!
26 avqust həm də bir millətin yenilməz ruhunun bayramıdır. Gəlin bu günü hər il qürurla qeyd edək və onu həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də gələcək nəsillərə bir vəsiyyət kimi yaşadaq.
Ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzu edirəm! Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşlərdə iştirak etmiş igidlərimizlə qürur duyuruq.

Mehman Azayev,
Sabirabad Dövlət Sosial İqtisad Kollecinin tələbəsi

Laçınlılar doğma yurda qayıdışın qürur və sevincini yaşayırlarAzərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğa...
26/08/2026

Laçınlılar doğma yurda qayıdışın qürur və sevincini yaşayırlar

Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad edilməsindən üç il ötür. 2022-ci il avqustun 26-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirəcək müraciətlə çıxış etdi: «Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!».
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu (1 şəhər, 1 qəsəbə və 125 kənd) 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən İkinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsi Azərbaycanın hərbi və diplomatik qələbəsinin davamı idi.
Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Bu səfərlər zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub, rayonda həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə tanış olub.
Prezident İlham Əliyev 2023-cü ildə 28 May Müstəqillik Günündə Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: «Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun».
Bəli, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılıb. Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, xırdabuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq.
2023-cü ilin mayın 28-dən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri minlərlə ailəyə qucaq açıb və laçınlıların yurd həsrəti bitmək üzrədir. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın Şəhəri Gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.

Kənan Ağababayev,
“Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktorunun inzibati işlər üzrə müavini

Laçın şəhəri günü – möhtəşəm Zəfərin mənəvi-siyasi rəmzi və milli qürur mənbəyiPrezident İlham Əliyevin müvafiq Sərəncam...
26/08/2026

Laçın şəhəri günü – möhtəşəm Zəfərin mənəvi-siyasi rəmzi və milli qürur mənbəyi

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 26 avqust tarixinin Laçın şəhəri günü elan edilməsi Azərbaycan dövlətçiliyi tarixində mühüm səhifədir. Bu, xalqımızın mübarizə ruhunu, əzmkarlığını və böyük qələbəsini təcəssüm etdirir.
Laçın həm tarixi-mənəvi, həm də strateji-siyasi baxımdan mühüm əhəmiyyətə malikdir. 1992-ci ildən işğal altında olan bu ərazilərin azad edilməsi xalqımızın illərlə gözlədiyi ədalətin bərpası idi. Laçının strateji mövqeyi regionun təhlükəsizlik mühitində önəmli rol oynayırdı. Burada yerləşən yüksəkliklər, kommunikasiya xətləri və təbii sərvətlər Azərbaycanın milli təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edirdi. Laçın şəhəri işğalçı qüvvələr üçün əsas logistik mərkəz olmuş, Ermənistanla Qarabağ bölgəsi arasında əlaqəni təmin edən əhəmiyyətli geostrateji ərazi hesab olunurdu.
44 günlük Vətən müharibəsinin nəticələri Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu. 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanat əsasında Ermənistan ordusu məğlubiyyətini qəbul etdi və Laçın rayonu 1 dekabr 2020-ci ildə döyüşsüz Azərbaycana qaytarıldı. Bu faktlar göstərir ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qəhrəmanlığı, xalqın iradəsi və dövlətin siyasi qətiyyəti işğalçı qüvvələri müqavimətsiz geri çəkilməyə məcbur etdi.
2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndlərinin tam nəzarətə götürülməsi ilə ölkəmizin sərhədləri bərpa olundu. 2023-cü il aprelin 23-də Laçında sərhəd-keçid məntəqəsinin yaradılması mühüm tarixi hadisə kimi xüsusi önəm daşıyır. Həmin sərhəd məntəqəsi Azərbaycanın öz sərhədlərinə tam nəzarətini təmin etməklə yanaşı, regionda qanuni idarəetmə mexanizmlərinin gücləndirilməsinə və beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünün qorunmasına xidmət etdi. Eyni zamanda, bu faktor ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədini möhkəmləndirdi və bölgədə qanuni nəqliyyat-əlaqə xətlərinin açılmasına şərait yaratdı. Bütün bunlar sübut edir ki, Azərbaycan artıq Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşdırıcısı kimi çıxış edir.
Laçında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ölkənin iqtisadi, sosial və turizm potensialını artırmaqla yanaşı, bölgədə həyat standartlarını yüksəldir. “Böyük Qayıdış” proqramı çərçivəsində yüzlərlə laçınlı öz doğma torpaqlarına dönərək ailələri ilə birlikdə yeni həyat qurur. Onlar üçün müasir standartlara cavab verən evlər, məktəblər, xəstəxanalar, uşaq bağçaları, mədəniyyət ocaqları və digər sosial infrastrukturlar inşa edilib. Şəhər və kəndlərin elektrik, su, yol və rabitə infrastrukturu yenidən qurulur. Bununla yanaşı, kənd təsərrüfatı və turizm üçün geniş imkanlar yaradılır, balıqçılıq, heyvandarlıq və arıçılıq kimi sahələr təşviq edilir, bu da bölgədə iqtisadi inkişafın davamlı olmasını təmin edir.
Xüsusi diqqət çəkən layihələrdən biri Laçın Beynəlxalq Hava Limanıdır. Bu hava limanı regionun gələcək inkişafında strateji rol oynayır. Laçını Azərbaycanın digər bölgələri və beynəlxalq məkanlarla birləşdirən liman həm iqtisadi, həm turizm, həm də təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Uçuş-enmə zolağı və müasir terminal infrastrukturu sayəsində istənilən tip hava gəmisinin qəbuluna imkan yaradılır, bu da bölgənin beynəlxalq statusunu artırır. Hava limanı təkcə nəqliyyat infrastrukturunun yenilənməsi deyil, post-müharibə dövründə Azərbaycanın iqtisadi siyasətinin uğurlu nümunəsi kimi çıxış edir.
Laçınlıların doğma yurda qayıdışı isə prosesin ən mühüm mənəvi tərəfidir. 31 ildən sonra öz doğma torpaqlarına dönən sakinlərin rahat və layiqli həyatını təmin etmək üçün bütün sosial obyektlər, təhsil və səhiyyə müəssisələri yüksək standartlarla inşa edilir. Bu qayıdış milli kimliyin bərpasında, tarixi yaddaşın qorunmasında və gələcək nəsillərə örnək olmasında həlledici rol oynayır.
Nəticə etibarilə, Laçın rayonu qələbənin, milli birliyin, dövlətin siyasi qətiyyətinin və xalqın sarsılmaz iradəsinin təzahürüdür. Laçın şəhəri günü dövlətimizin əldə etdiyi tarixi nailiyyətlərin, azad olunmuş torpaqlarda qurulan yeni həyatın və xalqımızın gələcəyə inamının parlaq təcəssümüdür. Bura həm müasir şəhər kimi formalaşır, həm də milli yaddaşın, tarixi-mənəvi dəyərlərin qorunub saxlanıldığı məkan olaraq Azərbaycanın qürur mənbəyinə çevrilir.

İlham Əmənov,
Sabirabad RİHB aparatı Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini

Laçın həsrətinə tatanilə son qoyuldu1992-ci ildə Laçının işğal edilməsi Azərbaycan xalqının düşmən təcavüzü qarşısında m...
26/08/2026

Laçın həsrətinə tatanilə son qoyuldu

1992-ci ildə Laçının işğal edilməsi Azərbaycan xalqının düşmən təcavüzü qarşısında müqavimətini əhəmiyyətli dərəcədə sarsıtmışdı. İşğalçı Ermənistanla Qarabağ separatçıları arasında son dərəcədə strateji əhəmiyyətli mövqeyə malik olan Laçın rayonunun itirilməsi savaşların nəticəsinə xeyli dərəcədə təsir göstərdi. Lakin belə böyük bir itki də xalqımızı sarsıtmadı, onun qələbə əzmini qıra bilmədi. Bütün işğal dövründə hər bir Laçınlı öz doğma torpaqlarına qayıtmaq inamı ilə yaşadı və qayıtdı. 31 illik işğaldan sonra Ordumuzun şücaəti və dövlət başçımızın mahir diplomatiyası sayəsində döyüşsüz təhvil alınan Laçın şəhəri viran edilmiş vəziyyətdə idi. Gecə-gündüz dayanmadan aparılan abadlıq-quruculuq işlərinin nəticəsində Laçın öz füsunkar simasını bərpa etməkdədir.
Böyük Qayıdışın növbəti mərhələsi olan və 2023-cü il mayın 28-dən başlayan Laçına qayıdış artıq başlanıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə 26 avqust “Laçın şəhəri günü” elan edilib. 5 il öncə dekabrın 1-də işğaldan azad olunan Laçın şəhəri bu gün bayram əhval-ruhiyyəsindədir. 2023-cü il ilk dəfə “Laçın şəhər günü” Qarabağın Fatehi, ölkə başçısı İlham Əliyevin iştirakı ilə keçirilib. Şəhər gününə həsr olunmuş tədbirdə çıxış edən dövlət başçısı hər bir Laçınlının bu günü böyük qürur hissi ilə yaşadığını qeyd edərək dedi: “Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük.”
2023-cü ilin 23 aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulduğunu vurğulayan Prezident bildirdi ki, “…23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir.” Vətən Müharibəsi rəsmən 2020-ci ilin 9 noyabrında başa çatsa da Azərbaycanın öz suverenliyini tam bərpa etməsi məhz bu ilin 23 aprel tarixində Ermənistanla Azərbaycan arasında ilk sərhəd-buraxılış məntəqəsinin bərpa edilməsi ilə təmin olundu. Bu Azərbaycan dövlətinin gücünü, cəsarətini və xalqımızın dəmir iradəsini nümayiş etdirən əlamətdar bir hadisə idi.
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən məhv edilmişdi. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdı.
Artıq Laçın yenidən sülh və əmin-amanlıq dövrünə qayıdıb. Laçında aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri onun sakinləri üçün ən müasir standartlara uyğun həyat şəraiti təmin edir. Tikintisi qələbədən az sonra 2021-ci ildə başlanmış generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası artıq işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılmış 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tamamilə yenidən qurulub. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları 2023-cü il avqustun 25-də işə salınıb.
Rayonun yol-nəqliyyat infrastrukturu yenidən və ən müasir standartlar üzrə qurulur. Prezident İlham Əliyevin sərəncamına əsasən uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu tikilir. Bu yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpünün də inşa edilməsi nəzərdə tutulur.
Təməli 2021-ci ildə qoyulmuş Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Hava limanı dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
Bütün bununla yanaşı, tezliklə Laçın şəhərində xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də inşa edilir. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərməsi planlaşdırılıb.
2023-cü ilin 28 may tarixindən başlayan Laçına qayıdış laçınlıların doğma yurd həsrətinə son qoyub. Laçın və laçınlılar gələcəyə böyük inamla və ümidlərlə baxırlar. Ölkəmizin ən cazibədar güşələrindən biri olan Laçın şəhərinə həyatın qayıtması ilə bütün Azərbaycan xalqı öz tarixinin ən qürurlu səhifələrindən birini yaşayır. Azərbaycan xalqı bu zəfəri qazananları və bu möhtəşəm tarixi yaradanları heç vaxt unutmayacaq.

Firəngiz Cəfərova,
Sabirabad rayonu Nizami kənd uşaq bağçasının müdiri

Address

Sabirabad şəhəri İ. İsgəndərov Küçəsi
Sabirabad
0054

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994212356646

Alerts

Be the first to know and let us send you an email when YAP Sabirabad Rayon Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to YAP Sabirabad Rayon Təşkilatı:

Shortcuts

Share