Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook hesabı

Mərkəzləşdirilmiş buraxılış imtahanının nəticələri elan olunub Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyin...
07/08/2026

Mərkəzləşdirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinin məzunları üçün keçirilmiş mərkəzləşdirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb.

Ölkə üzrə imtahana 9 minə yaxın şagird cəlb olunub. İmtahanda iştirak edən şagirdlərin 83 faizə yaxını uğurlu nəticə göstərərək incəsənət təhsilini müvəffəqiyyətlə başa vurub.

Bu il buraxılış tələblərini yerinə yetirə bilməyən şagirdlərin təhsillərini uğurla tamamlamaq imkanı saxlanılıb. Onlar növbəti 5 il ərzində keçiriləcək buraxılış imtahanlarında yenidən iştirak edə bilərlər.

İmtahan nəticəsi ilə razı olmayan şagirdlərin valideynləri nəticələrin elan olunduğu tarixdən etibarən 3 iş günü ərzində “MyCulture” vahid şəxsi kabinetinin “e-Müraciətlər” bölməsində “Mərkəzləşdirilmiş buraxılış imtahanlarının nəticələrindən apellyasiya müraciəti” xidmətinə keçid etməklə apellyasiya müraciəti edə bilərlər.

Üzrlü səbəbdən buraxılış imtahanında iştirak etməyən şagirdlər üçün isə sentyabr ayı ərzində əlavə imtahan təşkil olunacaq.

Şagirdlər nəticələri ilə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər.

Xalq şairi Nəriman Həsənzadə vəfat edibAzərbaycanın ədəbiyyat və mədəniyyət ictimaiyyətinə ağır itki üzv verib. Müasir p...
01/08/2026

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Azərbaycanın ədəbiyyat və mədəniyyət ictimaiyyətinə ağır itki üzv verib. Müasir poeziyamızın görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə vəfat edib.
Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. 1949–1953-cü illərdə indiki Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitib və orada ikiillik Ali Ədəbiyyat Kurslarında da oxuyub.
Nəriman Həsənzadə 1962–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı olub, “Azərbaycan–Ukrayna ədəbi əlaqələri” (1941-1945) mövzusunda namizdəlik (fəlsəfə doktorluğu) dissertasiyası müdafiə edib.
O, müxtəlif illərdə “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında və Televiziya və Radio Verilişləri Komitəsində bir sıra vəzifələrdə çalışıb. 1976–1990-cı illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru olub. Eyni zamanda bir neçə il SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsinə rəhbərlik edib. 1990–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub, 1991–2001-ci illərdə mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində işləyib. 2004-cü ildən Ədəbiyyat Fondu İdarə heyətinin sədri kimi fəaliyyət göstərib. Xalq şairi uzun müddət Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına rəhbərlik edib.
Gənc yaşlarından ədəbi yaradıcılığa başlayan Nəriman Həsənzadənin 1960–1970-ci illərdə nəşr olunan “Könlüm şeir istəyir”, “Unudulmaz günlər”, “Yadına düşəcəyəm”, “Nəriman”, “Niyə demədiniz”, “Zümrüd quşu”, “Nabat xalanın çörəyi”, “Mənim gecəm-gündüzüm”, “Sən bağışladın” və s. kitabları ədəbi-ictimai mühitdə ona böyük şöhrət qazandırıb.
Sosial-siyasi, tarixi və milli ictimai təfəkkürü narahat edən problemlər müəllifin yaradıcılığında xüsusi yer tutur. “Bir az möhlət istəyirəm ömürdən”, “Fikir eləmə”, “Kimin sualı var?”, “Seçilmiş əsərləri”, “Mənim nikahımı pozdu təbiət”, “Bütün millətlərə”, “Taleyin töhfəsi”, “Nuru paşa”, “Gəlimli-gedimli dünya” və s. kitablarında yer alan, ideya-bədii məziyyətləri ilə seçilən, vətənpərvərlik ruhu və əxlaqi-mənəvi saflıq aşılayan şeir, poema və mənzum dramları ədəbiyyat salnaməmizi zənginləşdirib. Ədibin əsərləri ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat, rus və s. dillərə tərcümə olunub.
Nəriman Həsənzadənin əsərləri əsasında hazırlanan “Bütün Şərq bilsin”, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Nabat xalanın çörəyi” və digər tamaşalar sənətsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Şairin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında mühüm xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi” (1981), “Xalq şairi” (2005) fəxri adlarına, “Şöhrət” (2001), “Şərəf” (2011), “İstiqlal” (2021), "Heydər Əliyev" (2026) ordenlərinə və Heydər Əliyev Mükafatına (2017) layiq görülüb. Söz sənətkarı 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Mədəniyyət Nazirliyinin kollektivi Xalq şairi Nəriman Həsənzadənin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.Dil xalqın yaddaşı, mədəniyyəti və kimliyidir. Onu yaşadan hər...
01/08/2026

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Dil xalqın yaddaşı, mədəniyyəti və kimliyidir. Onu yaşadan hər gün doğma dildə sevə-sevə danışan insanlardır.

Bu gün Azərbaycan dilini birlikdə qeyd edirik. Bayramınız mübarək!

Mədəniyyət naziri Adil Kərimli Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib.Azərbaycan Respublikasının mədəniyyət n...
31/07/2026

Mədəniyyət naziri Adil Kərimli Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 30-da görkəmli bəstəkar, pedaqoq, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenləri laureatrı, Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib.

Bəstəkarın səhhəti ilə maraqlanan nazir ona xoş arzularını çatdırıb. Qeyd olunub ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizdə mədəniyyətin, ədəbiyyatın inkişafında xidmətləri olan şəxslərin fəaliyyətini daim diqqətdə saxlayır, öz qayğılarını əsirgəmirlər. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu ənənə yaradıcı insanlar üçün böyük stimuldur.

Tofiq Bakıxanovun bənzərsiz yaradıcılığı ilə musiqi mədəniyyətimizi zənginləşdirdiyini deyən Adil Kərimli onun bu sahədə xidmətlərinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd edib.

Xalq artisti Tofiq Bakıxanov yaradıcılığına göstərilən xüsusi diqqətə görə ölkə başçısına təşəkkürünü bildirib.

Sabirabadda “Azərbaycan memarlığında yenilik – Tarixi irs rəqəmsal platformaya köçürülür” mövzusunda maarifləndirici təd...
28/07/2026

Sabirabadda “Azərbaycan memarlığında yenilik – Tarixi irs rəqəmsal platformaya köçürülür” mövzusunda maarifləndirici tədbir keçirilib

İyulun 28-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabirabad Tarix-Diyarşünaslıq Muzeyində “Azərbaycan memarlığında yenilik – Tarixi irs rəqəmsal platformaya köçürülür” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov, Sabirabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ayşən Astanova, YAP fəalları, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov memarlıq irsinin müasir dövrdə qorunması və rəqəmsal texnologiyalar vasitəsilə sənədləşdirilməsinin əhəmiyyətindən danışaraq, bu istiqamətdə həyata keçirilən layihələrin milli-mədəni irsin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verdiyini bildirib.

Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Səlmi Mehdiyeva və Sabirabad Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ayşən Astanova çıxışlarında dövlətin tarixi-mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi siyasətdən, muzeylərin bu sahədəki rolundan, eləcə də rəqəmsal platformaların mədəni irsin daha geniş auditoriyaya çatdırılması və gələcək nəsillər üçün etibarlı şəkildə qorunmasında yaratdığı imkanlardan bəhs ediblər.

Digər çıxış edənlər memarlıq nümunələrinin qorunmasının ölkənin tarixi yaddaşının yaşadılması baxımından əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyini bildiriblər.

2026/2027-ci tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub!Azərbaycan Respublikası...
28/07/2026

2026/2027-ci tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub!
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə I sinif üzrə şagird qəbulu müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.
Namizədlər nəticələri qeydiyyatdan keçdikləri “MyCulture” vahid şəxsi kabineti və exam.culture.az portalı vasitəsilə əldə edə bilərlər.
Qəbul olunan namizədlər tələb olunan sənədləri 15 avqust 2026-cı il saat 18:00-dək “MyCulture” şəxsi kabinetində müvafiq bölməyə yükləməklə qəbullarını təsdiqləməlidirlər.
Yeni tədris ilində bütün şagird və müəllimlərimizə uğurlar arzulayırıq!


“Adıgün” türk xalq folklor kollektivi V Milli Yaylaq Festivalında uğurla çıxış edibSaatlı rayon Mədəniyyət Mərkəzinin Nə...
27/07/2026

“Adıgün” türk xalq folklor kollektivi V Milli Yaylaq Festivalında uğurla çıxış edib

Saatlı rayon Mədəniyyət Mərkəzinin Nəsimikənd kənd Folklor evinin “Adıgün” türk xalq folklor kollektivi 24–26 iyul 2026-cı il tarixlərində Göygöl rayonunun Xan Yurdu etnoqəsəbəsində keçirilən V Milli Yaylaq Festivalında iştirak edib.

Festival “Cavad Xan” Tarix və Mədəniyyət Fondu, “Kap.az” Fərqli Turizm MMC və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü, eləcə də bir sıra dövlət qurumlarının dəstəyi ilə təşkil olunub.

Türk xalqlarının zəngin mədəni irsinin, əsrlər boyu formalaşmış yaylaq ənənələrinin və elat mədəniyyətinin qorunması, yaşadılması, gələcək nəsillərə ötürülməsi və beynəlxalq səviyyədə təbliğini hədəfləyən Milli Yaylaq Festivalı bu il də geniş proqramı ilə seçilib.

Festivalda artıq üçüncü dəfə iştirak edən “Adıgün” türk xalq folklor kollektivi Azərbaycan və Axısxa türklərinin zəngin folklor irsini, milli musiqisini, rəqslərini və adət-ənənələrini əks etdirən rəngarəng proqram təqdim edib.

Kollektivin ifasında “Şən Azərbaycan”, “Axıskanın qızları”, “Türk halayı”, “Tar kamanım gəl-gəl” və “Can Azərbaycan” musiqiləri əsasında hazırlanmış rəqs kompozisiyaları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Ənənəvi dəyərlərin yaşadılması və mədəni irsin gələcək nəsillərə ötürülməsi baxımından mühüm platformaya çevrilən V Milli Yaylaq Festivalında on minlərlə yerli ziyarətçi ilə yanaşı, əsasən türk dövlətləri və icmalarını təmsil edən çoxsaylı xarici qonaqlar da iştirak ediblər.

Kollektivin festivaldakı uğurlu çıxışı Saatlı rayonunun zəngin folklor ənənələrinin və Azərbaycan mədəniyyətinin təbliğinə növbəti töhfə olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin beynəlxalq müstəvidə tanıdılmasına da xidmət edib.

Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə Xalq artisti Flora Kərimovanı evində ziyarət edib.Azərbaycan Respub...
23/07/2026

Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə Xalq artisti Flora Kərimovanı evində ziyarət edib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 23-də görkəmli müğənni, Xalq artisti Flora Kərimovanı 85 illiyi münasibətilə evində ziyarət edib.
Nazir Xalq artistini yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Qeyd olunub ki, görkəmli bəstəkarların mahnıları sənətkarın ifasında musiqisevərlərin rəğbətini qazanıb, bu gün də könülləri oxşayır.

Prezident İlham Əliyev tərəfindən mədəniyyətə və incəsənət xadimlərinə daim diqqət və qayğı göstərildiyini deyən Adil Kərimli Flora Kərimovanın sənətinin də yüksək qiymətləndirildiyini bildirib.

Xalq artisti Flora Kərimova müalicəsinə göstərdiyi diqqət və dəstəyə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

İmişlidə “Bir milyonluq fırıldaq” tamaşası nümayiş olunubİyulun 23-də İmişli rayon Mədəniyyət Mərkəzində Bakı Bələdiyyə ...
23/07/2026

İmişlidə “Bir milyonluq fırıldaq” tamaşası nümayiş olunub

İyulun 23-də İmişli rayon Mədəniyyət Mərkəzində Bakı Bələdiyyə Teatrı tərəfindən Cullio Skarniççi və Renzo Tarabuzzinin əsəri əsasında səhnələşdirilən “Bir milyonluq fırıldaq” tamaşasının növbəti premyerası keçirilib.

İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə nümayiş olunan tamaşa Bakı Bələdiyyə Teatrının yaradıcısı, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şərəf” və “Şöhrət” ordenli, Amaliya Pənahovanın xatirəsinə həsr edilib.

İtaliya dramaturqları Cullio Skarniççi və Renzo Tarabuzzinin “Mənim peşəm – cəmiyyətin sinyoru” komediyası insan zəifliklərindən məharətlə istifadə edən təşəbbüskar bir fırıldaqçının həyatından bəhs edir.

Əsərin baş qəhrəmanı Leonido Papagatto özünü nüfuzlu cəmiyyət nümayəndəsi kimi təqdim edərək toy, dəfn və digər mərasimlərdə fəxri qonaq qismində iştirak edir, çıxışlar edir və bununla ailəsini dolandırır. Daha sonra saxta xeyriyyə fondu yaradaraq fırıldaqçılığa əl atır və bir-birinin ardınca komik, absurd hadisələrin mərkəzinə düşür. O, bütün bunları ailəsinə qayğı göstərmək məqsədilə edir.

Dünya teatrlarında dəfələrlə səhnələşdirilən bu əsər ilk dəfə Azərbaycan dilində Bakı Bələdiyyə Teatrı tərəfindən təqdim olunub.

İkihissəli tamaşa İmişli rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Tamaşanın sonunda yaradıcı heyətə alqış sədaları altında gül dəstələri verilib.

Qeyd edək ki, tamaşanın rejissoru Cavid İmamverdiyev, quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur.

Tamaşada rolları Rəşad Kəsəmənli (Leonodo Papagatto), Zülfiyyə Məmmədova (Valeriya Papagatto), Zülfiyyə Qurbanova (Matılda), Ülviyyə Rza (Fyorrella), Aynur Abbasova (İlona Çibor), Elməddin Zakirli (Nikola Çibor), İsmayıl Atakişiyev (Antonio), Tural Əhməd (Raymondo Çibor), Toğrul Rza (Velluto), Asif Rəhimli (Marçello), Günel Həmidova (Alessandra), Mehman Abdullayev (Baba), Firəngiz Babayeva (Qrafinya Kyarelli daDda), Tofik Bayramov (Əməkdar artist-Baron Alfonso Kyoçça), Əhməd Salahov (Əməkdar artist-Polis), Rəşid Soltanov (Polis) ifa ediblər.

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür
22/07/2026

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür

Address

İlham İsgəndərov Küçəsi 8
Sabirabad
5400

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994202550414

Alerts

Be the first to know and let us send you an email when Mil-Muğan Regional Mədəniyyət İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mil-Muğan Regional Mədəniyyət İdarəsi:

Shortcuts

Share