YAP Salyan Rayon Təşkilatı

YAP Salyan Rayon Təşkilatı Yeni Azərbaycan Partiyası Salyan Rayon Təşkilatı

14/08/2026

Xəbərlər Naxçıvan: nəqliyyat, ticarət və iqtisadi əməkdaşlığın qovşağı 14 Avqust 2026    12:26 Elmar Əhmədov YAP Salyan rayon təşkilatının sədri Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Naxçıvan Muxtar Respublika...

Naxçıvan: zəngin keçmişdən hərtərəfli inkişafa doğruAzərbaycanın qədim dövlətçilik və mədəniyyət tarixində xüsusi yeri o...
14/08/2026

Naxçıvan: zəngin keçmişdən hərtərəfli inkişafa doğru

Azərbaycanın qədim dövlətçilik və mədəniyyət tarixində xüsusi yeri olan Naxçıvan özünəməxsus tarixi, zəngin mədəni irsi, görkəmli şəxsiyyətləri və əlverişli coğrafi mövqeyi ilə seçilir. Bu qədim diyar əsrlər boyu Azərbaycan xalqının siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayıb. Bu gün Naxçıvanda həyata keçirilən genişmiqyaslı tədbirlər də yalnız müasir inkişaf məqsədlərinə deyil, həm də bu zəngin irsin qorunaraq gələcək nəsillərə çatdırılmasına xidmət edir.
11 avqust 2026-cı ildə Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində tarixi-mədəni irslə bağlı məsələlərin xüsusi diqqət mərkəzində olması da təsadüfi deyil. Azərbaycan Televiziyasına verdiyi müsahibədə dövlət başçısının Naxçıvanın zəngin tarixi və memarlıq mədəniyyəti barədə səsləndirdiyi fikirlər bu istiqamətdə dövlət siyasətinin mahiyyətini aydın göstərdi. Naxçıvanın qədim Atabəylər dövlətinin paytaxtı olması, burada müxtəlif dövrlərə aid dünya əhəmiyyətli tarixi abidələrin yerləşməsi bu ərazinin milli-mədəni irsimiz baxımından nə qədər böyük əhəmiyyət daşıdığını bir daha təsdiqləyir. Bu baxımdan Möminə xatun məqbərəsinin bərpası, digər tarixi-mədəni obyektlərin konservasiyası və qorunması ilə bağlı həyata keçirilən tədbirlər mühüm əhəmiyyət daşıyır. XII əsrin görkəmli memarı Əcəmi Naxçıvaninin yaratdığı Möminə xatun məqbərəsi Azərbaycan memarlıq məktəbinin ən qiymətli nümunələrindən biridir. Abidənin bərpasına göstərilən diqqət tarixi irsin qorunması ilə yanaşı, milli memarlıq ənənələrinin yaşadılmasına da xidmət edir.
Naxçıvanın mədəni irsi yalnız qədim abidələrlə məhdudlaşmır. Bu torpaq Azərbaycan xalqına çoxsaylı görkəmli şəxsiyyətlər bəxş edib. Onların arasında Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin xüsusi yeri var. Naxçıvan Ulu Öndərin həyatında və siyasi fəaliyyətində mühüm tarixi mərhələnin keçdiyi məkan olmaqla yanaşı, onun dövlətçilik ideyalarının daha da möhkəmləndiyi siyasi məktəbə çevrilib. Məhz Naxçıvanda Ulu Öndərin rəhbərliyi ilə milli dövlətçilik düşüncəsinin, müstəqillik ideyalarının və milli həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Naxçıvanda əsası qoyulan bu mühüm siyasi xətt sonrakı mərhələdə bütün Azərbaycanın inkişafında özünü göstərdi. Ulu Öndər Heydər Əliyevin Naxçıvanda formalaşdırdığı dövlətçilik mövqeyi və milli ideyaları daha sonra onun Azərbaycana rəhbərliyi dövründə ümummilli inkişaf strategiyasına çevrildi. Müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, siyasi sabitliyin və iqtisadi inkişafın təmin olunması, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətin təməlində məhz bu möhkəm dövlətçilik fəlsəfəsi dayanırdı. Bu mənada Naxçıvanda başlayan mühüm tarixi proseslər yalnız həmin dövr üçün deyil, Azərbaycanın sonrakı inkişaf yolu üçün də böyük əhəmiyyət daşıdı.
Məhz buna görə Naxçıvanın inkişafına yalnız iqtisadi göstəricilər prizmasından yanaşmaq düzgün olmazdı. Müasir infrastrukturun yaradılması, sosial-iqtisadi imkanların genişləndirilməsi ilə yanaşı, milli kimliyi formalaşdıran tarix, mədəniyyət, dil, ədəbiyyat və memarlıq irsinin qorunması da bu inkişafın ayrılmaz hissəsidir. Müasir Naxçıvanın simasında qədim tarixlə yeni inkişaf modelinin vəhdəti formalaşır.
Bu inkişafın mühüm istiqamətlərindən biri də insanların sosial rifahının yüksəldilməsi və müasir xidmət imkanlarının genişləndirilməsidir. Naxçıvanda DOST Mərkəzinin fəaliyyətə başlaması, “ASAN xidmət” imkanlarının yaradılması və sosial infrastrukturun yenilənməsi dövlət xidmətlərinin vətəndaşlara daha əlçatan olmasına şərait yaradır. Bu yanaşmanın əsas məqsədi iqtisadi göstəricilərlə yanaşı, insanların gündəlik həyat keyfiyyətinin də yüksəldilməsidir.
Naxçıvanın kənd təsərrüfatı potensialından daha səmərəli istifadə olunması da qarşıdakı inkişaf mərhələsinin mühüm istiqamətlərindəndir. Kənd təsərrüfatının inkişafına dair qəbul edilmiş Dövlət Proqramında muxtar respublikaya xüsusi yer ayrılması bunun göstəricisidir. Suvarma layihələrinin həyata keçirilməsi, yeni artezian quyularının qazılması və müasir suvarma sistemlərinin qurulması kənd təsərrüfatı üçün istifadə imkanlarını genişləndirəcək, məhsuldarlığın artırılmasına və kənd yerlərində məşğulluğun yüksəldilməsinə şərait yaradacaq.
Digər tərəfdən, Naxçıvanda sənayenin inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılması sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Naxçıvan Sənaye Parkının yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Müasir sənaye müəssisələrinin formalaşdırılması, yerli istehsalın genişləndirilməsi və yeni məşğulluq imkanlarının yaradılması muxtar respublikanın iqtisadi fəallığının artmasına mühüm töhfə verəcək. Bu proses xüsusilə gənclərin və əmək qabiliyyətli əhalinin yeni imkanlarla təmin olunması baxımından əhəmiyyətlidir.
Naxçıvanın inkişaf potensialının mühüm istiqamətlərindən biri də turizmdir. Qədim tarixi abidələr, zəngin mədəni irs, özünəməxsus təbiət, dağlıq ərazilər, təmiz hava və mənzərəli məkanlar muxtar respublikada turizmin inkişafı üçün geniş imkanlar yaradır. Bu potensialın tam reallaşdırılması üçün müasir turizm infrastrukturunun yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Naxçıvan şəhərində yeni beşulduzlu mehmanxananın təməlinin qoyulması mühüm addımlardan biridir. Müasir hotel infrastrukturunun genişləndirilməsi həm yerli, həm də xarici turistlərin bölgəyə marağının artırılmasına xidmət edə bilər. Turizmin inkişafı öz növbəsində digər sahələrə də müsbət təsir göstərir. Tarixi abidələrin qorunması, yolların və xidmət infrastrukturunun yaxşılaşdırılması, ictimai iaşə və digər xidmət sahələrinin genişləndirilməsi Naxçıvanın iqtisadi həyatına əlavə dinamizm gətirə bilər. Beləliklə, tarixi-mədəni irsin qorunması ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə daha da möhkəmlənir.
Naxçıvanın gələcək inkişafına daha geniş regional kontekstdə yanaşmaq da vacibdir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı quruculuq işlərinin aparılması, Zəngəzur istiqamətində yeni nəqliyyat və iqtisadi bağlantıların formalaşması Naxçıvanın ölkənin digər regionları ilə əlaqələrinin daha da güclənməsi üçün yeni perspektivlər yaradır. Tarixən bir-biri ilə sıx bağlı olmuş Naxçıvan, Zəngəzur və Qarabağ coğrafiyasının müasir inkişaf prosesində yenidən daha sıx iqtisadi və nəqliyyat əlaqələri ilə bir-birinə bağlanması regionun ümumi potensialını artıracaq.
Bir sözlə, Naxçıvanın bugünkü inkişaf mənzərəsi göstərir ki, qədim tarixə və zəngin mədəni irsə malik bu diyar müasir inkişafın bütün istiqamətlərində yeni imkanlar qazanır. Tarixi abidələrin qorunmasından sosial xidmətlərin genişləndirilməsinə, kənd təsərrüfatının və sənayenin inkişafından turizm potensialının reallaşdırılmasına qədər həyata keçirilən tədbirlər Naxçıvanın hərtərəfli inkişafına hesablanıb. Bu proses qədim və müasirliyin vəhdətində Naxçıvanın özünəməxsus inkişaf modelini daha da möhkəmləndirir.

Elnur Hüseynov,
Salyan rayon Statistika İdarəsinin rəisi, YAP fəalı

Salyanda "12 Avqust-Beynəlxalq Gənclər Günü"nə həsr edilmiş dəyirmi masa keçirilib12 avqust 2026-cı il tarixində Salyan ...
12/08/2026

Salyanda "12 Avqust-Beynəlxalq Gənclər Günü"nə həsr edilmiş dəyirmi masa keçirilib

12 avqust 2026-cı il tarixində Salyan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun və Salyan Regional “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə “12 Avqust – Beynəlxalq Gənclər Günü”nə həsr edilmiş dəyirmi masa keçirilib.
Salyan Regional “ASAN xidmət” Mərkəzində keçirilən dəyirmi masa zamanı gənclərin cəmiyyətin ictimai-siyasi, sosial və mədəni həyatında rolu, onların qarşısında duran vəzifələr, gənclər siyasətinin əsas istiqamətləri, könüllülük fəaliyyətinin gənclərin şəxsi və peşəkar inkişafındakı əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edənlər – Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun müdiri Elmar Əbilov, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının məsləhətçisi, 44 günlük Vətən müharibəsi iştirakçısı Yalçın Abdullazadə, Salyan Regional “ASAN xidmət” Mərkəzinin əməkdaşı Rüfət Bilalov və Salyan rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Fariz Sadıqlı gəncləri əlamətdar gün münasibətilə təbrik edərək, onların cəmiyyətin inkişafında mühüm qüvvə olduğunu qeyd ediblər. Bildirilib ki, Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı ilə seçilir, müxtəlif sahələrdə əldə olunan uğurlara öz töhfələrini verirlər. Çıxışlarda ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti nəticəsində gənclərin hərtərəfli inkişafı, onların təhsil, məşğulluq, idman, ictimai fəaliyyət və digər istiqamətlərdə potensiallarının reallaşdırılması üçün geniş imkanların yaradıldığı vurğulanıb. Gənclərin təşəbbüskarlığının, vətənpərvərlik ruhunun və ictimai fəallığının artırılmasının, onların dövlət və cəmiyyət qarşısında məsuliyyətli mövqeyinin daha da möhkəmləndirilməsinin əhəmiyyətindən bəhs olunub. Həmçinin könüllülük fəaliyyətinin gənclərin dünyagörüşünün formalaşmasında, yeni bilik və bacarıqlar əldə etməsində, komanda ilə işləmək və sosial məsuliyyət hissinin inkişaf etdirilməsində mühüm rol oynadığı qeyd edilib. Könüllülərin müxtəlif ictimai layihələrdə və tədbirlərdə fəal iştirakının onların gələcək fəaliyyətləri üçün dəyərli təcrübə qazandırdığı bildirilib.
Sonra mərkəzin könüllüləri öz fəaliyyətləri və könüllülük təcrübələri barədə məlumat verərək, bu fəaliyyətin onların şəxsi inkişafına, yeni bilik və bacarıqlar əldə etmələrinə, ictimai fəallıqlarının artırılmasına verdiyi töhfələrdən danışıblar.
Tədbir çərçivəsində Beynəlxalq Gənclər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonda fəallığı ilə seçilən könüllülər Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Salyanda tanınmış mədəniyyət işçisi, şəhid atası Valeh Mehdiyevin 65 illik yubileyi qeyd olunub5 avqust 2026-cı il tarix...
05/08/2026

Salyanda tanınmış mədəniyyət işçisi, şəhid atası Valeh Mehdiyevin 65 illik yubileyi qeyd olunub

5 avqust 2026-cı il tarixində Salyanda rayon Mədəniyyət Mərkəzinin Abadkənd kənd klubunun mədəni təşkilatçısı, "Cəngi" Milli Nəfəsli Xalq Kollektivinin üzvü, tanınmış mədəniyyət işçisi, 44 günlük Vətən müharibəsi şəhidi Samir Mehdiyevin atası Mehdiyev Valeh Ədalət oğlunun anadan olmasının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Rayon Mədəniyyət Mərkəzində təşkil olunan yubiley tədbirində Salyan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, ziyalılar, mədəniyyət işçiləri, yubilyarın ailə üzvləri, yaxınları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin mədəniyyət müəssisələri üzrə sektor müdiri Emin Mustafayev çıxış edərək Valeh Mehdiyevin uzun illər mədəniyyət sahəsində səmərəli fəaliyyət göstərdiyini, milli-mənəvi dəyərlərin, folklor və musiqi ənənələrinin yaşadılması istiqamətində əhəmiyyətli xidmətlər göstərdiyini bildiriblər. Natiqlər onun şəhid atası kimi nümayiş etdirdiyi qürurlu və örnək həyat yolunun, vətənə, dövlətə və milli-mənəvi dəyərlərə sədaqətinin cəmiyyət üçün nümunə olduğunu vurğulayaraq yubilyarı 65 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və yeni uğurlar arzulayıblar.
Tədbirdə, həmçinin çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Ramil Bayramov, QAİ-nin Salyan rayonu üzrə nümayəndəsi Kərəm Muradov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Salyan rayon komitəsinin sədri Vəfa Məmmədova, Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin sədri Nəbi İbrahimov, rayon Mərkəzi Xəstəxanası PHŞ-in həkimi Fikrət Məlikov, şair-publisist Əzizağa Məmmədli və başqaları Valeh Mehdiyevin uzunillik səmərəli fəaliyyətindən, milli mədəniyyətimizin qorunması və təbliği istiqamətində xidmətlərindən, yüksək mənəvi keyfiyyətlərindən bəhs edərək, onun həm peşəkar mədəniyyət işçisi, həm də şəhid atası kimi cəmiyyətdə böyük hörmət qazandığını vurğulayıb, yubiley münasibətilə səmimi təbrik və xoş arzularını çatdırıblar.
Daha sonra Valeh Mehdiyev rayonun mədəniyyət sahəsinin inkişafına verdiyi töhfələrə, şəhid atası kimi keçdiyi nümunəvi həyat yoluna və 65 illik yubileyi münasibətilə Salyan Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və digər təşkilatlar tərəfindən Fəxri Fərman, Təşəkkürnamə və hədiyyələrlə təltif olunub.
Yubiley mərasimi bədii hissə ilə davam edib. Salyan Rayon Mədəniyyət Mərkəzinin və Salyan şəhər Q.Əsgərov adına Uşaq İncəsənət Məktəbinin solistlərinin ifasında vətənpərvərlik ruhunu, milli-mənəvi dəyərlərimizi tərənnüm edən musiqi nömrələri təqdim olunub. Valeh Mehdiyevin uzun illər üzvü olduğu "Cəngi" Milli Nəfəsli Xalq Kollektivinin təqdim etdiyi çıxışlar isə tədbirə xüsusi rəng qataraq iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Sonda çıxış edən Valeh Mehdiyev yubileyinin yüksək səviyyədə təşkil olunmasına, ona göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına, iştirakçılara və onu təbrik edən hər kəsə dərin minnətdarlığını bildirib. O, göstərilən bu ehtiramı ömrünün ən dəyərli anlarından biri kimi qiymətləndirərək, bundan sonra da milli-mənəvi dəyərlərimizin və mədəni irsimizin yaşadılması istiqamətində fəaliyyətini əzmlə davam etdirəcəyini vurğulayıb.

Salyanda şəhidlərin xatirəsinə həsr olunmuş futbol üzrə rayon turniri başa çatıb3 avqust 2026-cı il tarixində Salyan Ray...
04/08/2026

Salyanda şəhidlərin xatirəsinə həsr olunmuş futbol üzrə rayon turniri başa çatıb

3 avqust 2026-cı il tarixində Salyan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının və Salyan bələdiyyəsinin birgə təşkilatçılığı, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə Salyan şəhərində yerləşən Dəmiryolçu stadionunda şəhidlərin əziz xatirəsinə həsr olunmuş futbol üzrə rayon turnirinin final oyunu keçirilib və yarışa yekun vurulub.
Final qarşılaşmasından əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Həlledici görüşdə Xıdırlı və Noxudlu komandaları üz-üzə gəlib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Penaltilər seriyasında daha dəqiq çıxış edən Noxudlu komandası rəqibini üstələyərək turnirin qalibi adını qazanıb.
Mükafatlandırma mərasimində Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon İcra Hakimiyyətinin ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məhərrəm Məmmədov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun müdiri Elmar Əbilov, Salyan bələdiyyəsinin sədri Telman Ağabəyov və Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Zamiq Əsgərov iştirak ediblər.
Sonda turnirdə I və II yeri tutmuş komandaların üzvlərinə kubok, medal və diplomlar təqdim olunub, həmçinin yarış boyu yüksək oyun nümayiş etdirən futbolçular müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.
Şəhidlərin əziz xatirəsinə ithaf olunan turnirin keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin və idmana marağın təşviqi, vətənpərvərlik hisslərinin daha da möhkəmləndirilməsi, eyni zamanda şəhidlərimizin xatirəsinin daim uca tutulmasına töhfə vermək olub.

03/08/2026

Xəbərlər Qırğızıstan ilə Azərbaycan daim bir-birini dəstəkləyir 03 Avqust 2026    09:25 Elmar Əhmədov YAP Salyan rayon təşkilatının sədri Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoqun yüksək səviyyədə olması, qarşılıqlı səfərlərin və tə...

Azərbaycan–Qırğızıstan münasibətlərində yeni səhifəAzərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, xüsusilə də o...
02/08/2026

Azərbaycan–Qırğızıstan münasibətlərində yeni səhifə

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, xüsusilə də ortaq tarixə, dilə və mədəniyyətə malik türk dövlətləri ilə münasibətlərin inkişafı mühüm istiqamətlərdən biridir. Son illər Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində türk dünyasında həmrəyliyin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən təşəbbüslər, iqtisadi və humanitar əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı dəstək və həmrəylik prinsipləri Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətin əsas prioritetlərindən birini təşkil edir.
Bu baxımdan Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər xüsusi əhəmiyyət daşıyır. Tarixi dostluq, ortaq mənəvi dəyərlər və qarşılıqlı etimada söykənən əlaqələr son illərdə keyfiyyətcə yeni mərhələyə yüksələrək strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə çatıb. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr və beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirilən həmrəylik iki ölkənin münasibətlərinin davamlı inkişaf etdiyini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstana dövlət səfəri və səfər çərçivəsində mətbuata verdiyi bəyanat da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının bəyanatı göstərdi ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər artıq yalnız dostluq və əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır, bu münasibətlər qarşılıqlı etimada əsaslanan müttəfiqlik modelinə çevrilib.
Prezident İlham Əliyev bəyanatında iki ölkə arasında əldə olunmuş yüksək siyasi etimadı xüsusi vurğulayaraq bildirdi ki, bu gün Azərbaycan və Qırğızıstan dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə qaldırıblar. Onun sözlərinə görə, əldə olunan nəticələr qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi istiqamətində hər iki dövlətin birgə iradəsini və qətiyyətini nümayiş etdirir. Dövlətimizin başçısı müttəfiqlik münasibətlərinin yalnız hüquqi sənəd olmadığını, eyni zamanda böyük məsuliyyət tələb etdiyini diqqətə çatdıraraq qeyd etdi: "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq." Bu fikir Azərbaycan ilə Qırğızıstan arasında formalaşan münasibətlərin mahiyyətini aydın şəkildə ifadə edir. Çünki müttəfiqlik təkcə siyasi yaxınlıq deyil, həm də beynəlxalq məsələlərdə ortaq mövqe nümayiş etdirmək, iqtisadi əməkdaşlığı genişləndirmək, təhlükəsizlik sahəsində bir-birini dəstəkləmək və gələcəyə hesablanmış strateji tərəfdaşlığı birlikdə inkişaf etdirmək deməkdir.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan bundan sonra da bütün təşəbbüslərdə Qırğızıstanın etibarlı tərəfdaşı olacaq. Dövlət başçısı bildirdi ki, "Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik." Bu yanaşma Azərbaycanın dost və qardaş ölkələrlə münasibətlərində qarşılıqlı etimad və etibarlılıq prinsipinə daim sadiq qaldığını nümayiş etdirir.
Səfər çərçivəsində imzalanan çoxsaylı sənədlər də əməkdaşlığın əhatə dairəsinin ildən-ilə genişləndiyini göstərir. Prezident İlham Əliyev qeyd etdi ki, imzalanmış sənədlər paketi qarşılıqlı fəaliyyətin demək olar bütün istiqamətlərini əhatə edir və əldə olunan razılaşmaların əvvəlkilər kimi uğurla icra olunacağına əminliyini ifadə etdi. Bu sənədlər siyasi dialoqla yanaşı, iqtisadiyyat, investisiya, nəqliyyat, humanitar əməkdaşlıq və digər sahələr üzrə münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək.
Bəyanatda iqtisadi əməkdaşlıq xüsusi yer tutdu. Son illərdə Azərbaycan və Qırğızıstan arasında iqtisadi əlaqələrin inkişafı yeni dinamika qazanıb. Xüsusilə Azərbaycan-Qırğız İnvestisiya Fondunun fəaliyyəti iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişlənməsinə mühüm təkan verib. Prezident İlham Əliyev bu istiqamətdə qəbul edilmiş yeni qərarın əhəmiyyətini vurğulayaraq bildirdi ki, Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması barədə razılıq əldə olunub. Dövlət başçısı bunun son hədd olmadığını da diqqətə çatdırdı. Onun sözlərinə görə, Fondun fəaliyyəti çərçivəsində təqdim olunan layihələr getdikcə daha konkret məzmun alır, yeni istehsal sahələrinin yaradılması, investisiyaların artırılması və yeni iş yerlərinin açılması iqtisadi əməkdaşlığın real nəticələrini ortaya qoyur. Bu isə iki ölkənin iqtisadi potensialının daha səmərəli reallaşdırılması və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin bəyanatında xüsusi vurğuladığı layihələrdən biri də İssık-Kul gölünün sahilində inşa edilmiş "Bakı" hoteli oldu. Dövlət başçısı məmnunluq hissi ilə qeyd etdi ki, Azərbaycan dövlətinin vəsaiti hesabına tikilən və regionun ilk beşulduzlu hotellərindən olan bu müasir kompleks iki ölkə arasında dostluğun və iqtisadi əməkdaşlığın rəmzidir. "Bakı" adını daşıyan bu layihə təkcə turizm obyekti deyil, həm də Azərbaycanın qardaş ölkəyə göstərdiyi etimadın və uzunmüddətli əməkdaşlıq niyyətinin real ifadəsidir.
Prezident İlham Əliyevin bəyanatında humanitar əlaqələrə xüsusi yer ayrılması da təsadüfi deyil. Çünki Azərbaycan ilə Qırğızıstan münasibətlərinin gücü yalnız siyasi və iqtisadi əməkdaşlıqdan deyil, xalqları birləşdirən ortaq tarixdən, mədəni irsdən və mənəvi yaxınlıqdan qaynaqlanır. Dövlətimizin başçısı Qarabağın bərpasına göstərdiyi dəstəyə görə Qırğızıstan rəhbərliyinə minnətdarlığını ifadə edərək Ağdam rayonunda "Manas" adına məktəbin tikilməsini qardaşlığın ən gözəl nümunələrindən biri kimi qiymətləndirdi. Prezident qeyd etdi ki, bu məktəb Qırğız xalqının uzun illər işğal altında qalmış Qarabağın yenidən qurulmasına verdiyi mühüm töhfənin simvoludur. Təhsil ocağı yalnız bir bina deyil, həm də Azərbaycan ilə Qırğızıstan xalqları arasında dostluğun gələcək nəsillərə ötürüləcək rəmzidir.
Prezident İlham Əliyev xalqlarımızı birləşdirən mədəni bağlardan bəhs edərək Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin və adını daşıyan parkın açılışını da xatırlatdı. Onun sözlərinə görə, bu kimi layihələr iki xalqın ortaq mənəvi dəyərlərə verdiyi önəmi nümayiş etdirir. Dövlət başçısı, eyni zamanda, bir neçə il əvvəl Bişkekdə birlikdə açılışını etdikləri Qırğızıstan–Azərbaycan Dostluq Parkını xatırladaraq belə təşəbbüslərin xalqları daha da yaxınlaşdırdığını vurğuladı.
Bəyanatda humanitar əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi də qeyd olundu. Prezident İlham Əliyev bildirdi ki, Qırğızıstanda Azərbaycanın, Azərbaycanda isə Qırğızıstanın Mədəniyyət Günlərinin təşkili xalqlar arasında qarşılıqlı hörməti daha da möhkəmləndirir, ortaq köklərə malik dövlətlərin bir-birinə nə qədər yaxın olduğunu əyani şəkildə nümayiş etdirir. Bu tədbirlər yalnız mədəniyyətlərin tanıdılması deyil, eyni zamanda qarşılıqlı etimadın və dostluğun daha da güclənməsinə xidmət edən mühüm platformadır.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı verdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan ilə Qırğızıstan münasibətləri dinamik inkişaf edən, gələcəyə hesablanmış və möhkəm siyasi təmələ söykənən əməkdaşlıq modelidir. Bu münasibətlər təkcə iki dövlət arasında əlaqələrin inkişafına deyil, bütövlükdə türk dünyasında həmrəyliyin möhkəmlənməsinə, ortaq maraqların müdafiəsinə və regional əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. Səfər çərçivəsində əldə olunan razılaşmalar və səsləndirilən mesajlar onu deməyə əsas verir ki, Azərbaycan–Qırğızıstan müttəfiqliyi bundan sonra da yeni layihələr, yeni təşəbbüslər və yeni uğurlarla daha da möhkəmlənəcək.

Şükran Hüseynov,
Salyan rayon Yuxarı Noxudlu kənd tam orta ümumtəhsil məktəbin psixoloqu, YAP fəalı

Salyanda “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə tədbir keçirilibSalyanda “1 Avqust – Azər...
01/08/2026

Salyanda “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə tədbir keçirilib

Salyanda “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə rayon İcra Hakimiyyətinin, YAP Salyan rayon təşkilatının, rayon Heydər Əliyev Mərkəzinin və “Ana Kür” ədəbi məclisinin birgə təşkilatçılığı ilə “Ulu Öndərin dil siyasəti: milli kimliyin qorunması və inkişafı” adlı tədbir keçirilib.
Salyan rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin, YAP Salyan rayon təşkilatının rəhbərliyi, ziyalılar, təhsil işçiləri, şair və yazıçılar, ədəbi məclis üzvləri, gənclər, QHT və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov Azərbaycan dilinin xalqımızın milli varlığını və mənəvi dəyərlərini yaşadan mühüm amillərdən biri olduğunu qeyd edib. Bildirilib ki, dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqın tarixini, mədəniyyətini, dünyagörüşünü və milli yaddaşını özündə yaşadan zəngin mənəvi sərvətdir. Azərbaycan dilinin dövlət dili kimi inkişafında və cəmiyyətdə işləkliyinin daha da genişləndirilməsində Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin mühüm rolu olduğu vurğulanıb. Qeyd olunub ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan dilinin qorunması, inkişafı, elmi əsaslarla öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov çıxışında Azərbaycan dilinin dövlətçilik və milli həmrəylik baxımından əhəmiyyətindən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin dil məsələsinə xüsusi diqqəti onun milli dövlətçilik konsepsiyasının mühüm istiqamətlərindən biri olub. Azərbaycan dilinin dövlət dili statusunun möhkəmləndirilməsi, ana dilində təhsilin, elmi və ictimai fəaliyyətin inkişaf etdirilməsi xalqımızın milli özünüdərk prosesinə böyük töhfə verib. Natiq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində görülən işlərin bu siyasi xəttin müasir mərhələdə uğurla davam etdirilməsinin göstəricisi olduğunu qeyd edib.
Tədbirdə həmçinin Azərbaycan Yazıçılar Birliyinin Muğan-Salyan Regional Bölməsinin sədri, yazıçı-publisist Nəbi İbrahimov, “Ana Kür” ədəbi məclisinin sədri, şair-publisist Firdovsi Sarvanlı, şəhər 2 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi, Dilçilik İnstitutunun dissertantı Günel Orucova, tarixçi-tədqiqatçı Sahib Həsənov, şair-publisist Əzizağa Məmmədli, Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Yeganə Cəfərova, Kürqaraqaşlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Günel Zeynalova, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Fariz Sadıqlı və “Ana Kür” ədəbi məclisinin üzvləri çıxış edərək Azərbaycan dilinin zənginliyi, tarixi inkişaf yolu, ədəbi dil normalarının qorunması və gənc nəslin ana dilinə bağlılığının gücləndirilməsinin vacibliyindən danışıblar.
Eyni zamanda Kürqaraqaşlı kənd tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi Şahinə Güləliyevanın ana dilinə həsr olunmuş şeir ifası tədbirə xüsusi rəng qatıb. Gənc şagirdin duyğulu ifası iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda tədbir iştirakçıları Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsinin hər bir vətəndaşın üzərinə düşən mühüm vəzifə olduğunu vurğulayıblar.

Azərbaycan dili: milli kimliyimizin və dövlətçiliyimizin əbədi dayağıHər bir xalqı dünyada tanıdan, onun milli varlığını...
31/07/2026

Azərbaycan dili: milli kimliyimizin və dövlətçiliyimizin əbədi dayağı

Hər bir xalqı dünyada tanıdan, onun milli varlığını, tarixini, mədəniyyətini və mənəvi sərvətlərini yaşadan ən mühüm amillərdən biri ana dilidir. Dil təkcə ünsiyyət vasitəsi deyil, xalqın keçmişini gələcəyə daşıyan, milli yaddaşı qoruyan, dövlətçilik ənənələrini yaşadan müqəddəs mənəvi sərvətdir. Azərbaycan dili də əsrlər boyu xalqımızın milli-mənəvi dəyərlərinin, zəngin ədəbi irsinin və mədəniyyətinin daşıyıcısı kimi formalaşaraq bu gün müstəqil Azərbaycanın dövlət dili statusunda inkişafını uğurla davam etdirir. Məhz buna görə də hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ana dilimizin keçdiyi şərəfli inkişaf yoluna nəzər salmaq, onun qorunması və zənginləşdirilməsi istiqamətində görülən işləri dəyərləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilini xalqımızın milli varlığının əsas sütunlarından biri hesab edərək deyirdi: "Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik." Bu fikirlər Azərbaycan dilinə verilən yüksək dəyərin, ana dilinin milli kimliyin qorunmasında oynadığı müstəsna rolun ən dolğun ifadəsidir.
Sovet hakimiyyəti illərində milli dillərin inkişafı müxtəlif dövrlərdə ciddi maneələrlə üzləşmişdi. Xüsusilə 1970-ci illərin ortalarından etibarən SSRİ-də milli respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmiş, SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması istiqamətində meyillər daha da güclənmişdi. Belə mürəkkəb bir şəraitdə ana dili məsələsini açıq şəkildə müdafiə etmək böyük siyasi iradə və cəsarət tələb edirdi. Çünki ötən onilliklərdə ana dilinin hüquqlarını müdafiə edən ziyalılar müxtəlif təqiblərə məruz qalmış, hətta sürgün edilmişdilər. Milli respublikaların əksəriyyətində rəhbərlər belə bu məsələyə toxunmaqdan çəkinirdilər.
Məhz belə bir dövrdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev milli maraqları qətiyyətlə müdafiə edən dövlət xadimi kimi ana dilinin qorunması və inkişafı istiqamətində prinsipial mövqe nümayiş etdirdi. O, dövlət dili uğrunda mübarizəni milli özünüdərkin mühüm istiqamətlərindən biri hesab edir, ziyalıları və cəmiyyəti bu məsələdə fəal olmağa çağırırdı. Ulu Öndər SSRİ Konstitusiyasının müzakirəsi zamanı çıxış edərək xüsusi vurğulayırdı ki, Konstitusiyanın vətəndaşlara verdiyi təhsil hüququ yalnız ana dilində təhsil almaq imkanının təmin olunması ilə tam mənada reallaşa bilər. Bu mövqe həm milli maraqların müdafiəsi, həm də gələcək dövlətçilik strategiyasının mühüm tərkib hissəsi idi.
Heydər Əliyevin prinsipial və uzaqgörən siyasətinin ən mühüm nəticələrindən biri 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması oldu. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsinin müzakirəsinə həsr edilmiş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndərin təklifi ilə Konstitusiyanın 73-cü maddəsi belə ifadə olundu: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir." O dövrün siyasi reallıqları nəzərə alınarsa, bu qərar son dərəcə mühüm tarixi hadisə idi. Çünki SSRİ məkanında milli dillərin hüquqlarının məhdudlaşdırıldığı bir vaxtda Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit edilməsi Heydər Əliyevin qətiyyətli siyasi iradəsinin, xalqına və milli dəyərlərinə bağlılığının parlaq təzahürü idi.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası ana dilinin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dili dövlət idarəçiliyində, qanunvericilikdə, təhsil sistemində, elm və mədəniyyət sahəsində öz layiqli yerini daha da möhkəmləndirdi. Azərbaycan dilinin tətbiq dairəsinin genişləndirilməsi, latın qrafikalı əlifbaya tam keçidin təmin olunması, dilin hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edildi. 1 avqust tarixinin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis olunması da məhz bu siyasətin məntiqi davamı idi.
Bu gün Prezident İlham Əliyev Ümummilli Liderin müəyyənləşdirdiyi dil siyasətini müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirir. Qloballaşma proseslərinin sürətləndiyi, xarici təsirlərin artdığı bir dövrdə Azərbaycan dilinin saflığının qorunması, onun zənginləşdirilməsi və düzgün tətbiqi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə bu məsələyə xüsusi toxunaraq bildirmişdir: "Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər... Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər." Dövlət başçısının bu çağırışı ana dilimizin yalnız hüquqi baxımdan deyil, gündəlik həyatımızda, informasiya məkanında və ictimai münasibətlərdə də qorunmasının vacibliyini bir daha göstərir.
Müasir dövrdə Azərbaycan dilinin inkişafı yalnız dövlətin həyata keçirdiyi siyasətlə məhdudlaşmır. Hər bir vətəndaşın ana dilinə sevgi ilə yanaşması, onu düzgün öyrənməsi, zəngin söz ehtiyatını qoruması və gələcək nəsillərə ötürməsi mühüm vətəndaşlıq məsuliyyətidir. Çünki dil milli kimliyimizin əsas rəmzlərindən biri olmaqla yanaşı, xalqımızın tarixini, mədəniyyətini və dövlətçilik ənənələrini yaşadan ən böyük mənəvi sərvətdir.
Azərbaycan dili bu gün müstəqil dövlətimizin rəsmi dili, xalqımızın milli birliyinin möhkəm təməli və dünya azərbaycanlılarını birləşdirən əsas mənəvi bağlardan biridir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dil siyasəti nəticəsində Azərbaycan dili dövlətçiliyimizin ayrılmaz atributu kimi daha da möhkəmlənir, beynəlxalq nüfuzu artır və gələcək nəsillərə zəngin milli irs kimi ötürülür. Ana dilimizi qorumaq, onun saflığını və zənginliyini yaşatmaq isə hər bir azərbaycanlının həm mənəvi borcu, həm də milli məsuliyyətidir.

Rüstəm Məlikov,
“Ana Kürüm” qəzetinin baş redaktoru, “Ali Media” mükafatı laureatı, YAP fəalı

Address

Salyan Şəhəri
Salyan

Alerts

Be the first to know and let us send you an email when YAP Salyan Rayon Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to YAP Salyan Rayon Təşkilatı:

Shortcuts

Share