31/08/2026
𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə “𝐒̧ə𝐡ə𝐫𝐬𝐚𝐥𝐦𝐚 𝐯ə 𝐌𝐞𝐦𝐚𝐫𝐥ı𝐪 İ𝐥𝐢” 𝐜̧ə𝐫𝐜̧𝐢𝐯ə𝐬𝐢𝐧𝐝ə 𝐚𝐛𝐚𝐝𝐥ı𝐪-𝐪𝐮𝐫𝐮𝐜𝐮𝐥𝐮𝐪 𝐢𝐬̧𝐥ə𝐫𝐢 𝐝𝐚𝐯𝐚𝐦 𝐞𝐭𝐝𝐢𝐫𝐢𝐥𝐢𝐫
Hər il olduğu kimi, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində də Şəmkir rayonunda şəhər infrastrukturunun yaxşılaşdırılması, küçə və prospektlərin müasir görkəmə gətirilməsi, ərazilərin səliqəli saxlanılması ilə bağlı tədbirlər həyata keçirilir.
Bu dəfə Heydər Əliyev prospektində təmir-bərpa işləri aparılan və yeni görkəmə salınan fəvvarələrdə görülən işlərlə yerində tanış olduq, iş icraçıları tərəfindən fəvvarələrin bərpa olunması və ətraf ərazidə aparılan təmir işləri barədə məlumat verildi. Görülən işlərlə bağlı müvafiq tapşırıqlar verərək bildirdik ki, rayonumuzda, xüsusilə də prospektdə həyata keçirilən yenidənqurma tədbirləri şəhərimizin mərkəzi hissəsinin ümumi görünüşünün yaxşılaşdırılması ilə yanaşı, sakinlər və şəhərə gələn qonaqlar üçün daha əlverişli ictimai mühitin formalaşdırılmasına xidmət edir.
Eyni zamanda şəhid Xəqani İbrahimli parkına da baş çəkib Prezident cənab İlham Əliyevin 9 iyul 2019-cu il tarixli Sərəncamına əsasən Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Şəmkir rayonundan olan Fərman Qurban oğlu Salmanovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən ucaldılmaqda olan heykəldə aparılan işlərlə tanış olub, park ərazisinə baxış keçirdik.
Baxış zamanı yaşıllıqların qorunması, ərazinin səliqəli vəziyyətdə saxlanılması və ictimai məkanın sakinlərin rahat istifadəsi üçün əlverişli şəraitdə olması ilə bağlı görülən işlər nəzərdən keçirildi, müvafiq tapşırıqlar verildi.
Qeyd edək ki, rayonda həyata keçirilən abadlıq və yenidənqurma işləri şəhərin müasir inkişaf dinamikasına uyğunlaşdırılması ilə yanaşı, tarixi-mədəni dəyərlərin qorunmasına da xidmət edir. Şəmkir rayonunun küçə və prospektlərində, park və digər ictimai məkanlarda görülən işlər mərhələli şəkildə bundan sonra da davam etdiriləcəkdir.