Qubadlı Rayon İcra Hakimiyyəti

Qubadlı Rayon İcra Hakimiyyəti Qubadlı rayon İcra Hakimiyyəti rəsmi səhifəsi

Ruhiyyə Təvəkkül qızı Həziyeva doğum günü, 50 illik yubileyi münasibətilə təbrik olundu.19.08.2026  Qubadlı Rayon İcra H...
19/08/2026

Ruhiyyə Təvəkkül qızı Həziyeva
doğum günü, 50 illik yubileyi
münasibətilə təbrik olundu.
19.08.2026

Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında, 19 avqust 2026-cı il tarixdə, uzun müddət təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən, həmçinin hal-hazırda Qubadlı Təhsil sektoru üzrə Həmkarlar Təşkilatının sədri vəzifəsində çalışan Ruhiyyə Təvəkkül qızı Həziyevanın 50 illik yubileyi münasibətilə tədbir keçirildi.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak edirdilər.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov Ruhiyyə Həziyevanı 50 yaşının tamam olması, yubileyi münasibəti ilə səmimi-qəlbdən təbrik edərək qeyd etdi ki, Siz illərdir ki, ölkəmizin ən şərəfli və məsuliyyətli sahələrindən biri olan təhsildə yorulmadan çalışır, gənc nəslin yetişdirilməsində öz dəyərli töhfənizi verirsiniz. Rayon rəhbəri çıxışının sonunda Ruhiyyə Həziyevaya möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayaraq İcra Hakimiyyətinin Fəxri Fərmanını və qiymətli hədiyyələrini təqdim etdi.
Daha sonra tədbir iştirakçıları və həmkarlar çıxış edərək yubilyarı təbrik etdilər, onunla bir yerdə çalışmağın qürurlu olduğunu, hər zaman zəhmətkeşliyi, insanpərvərliyi və səmimiyyəti ilə hamının rəğbətini qazandığını bildirdilər, doğma təhsilimiz və cəmiyyətimiz üçün fəaliyyətində uğurlar arzuladılar.
Sonda söz alan yubilyar Ruhiyyə Həziyeva ona göstərilən diqqətə, qayğıya və təhsil sahəsindəki fəaliyyətinə verilən yüksək qiymətə görə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova və bütün tədbir iştirakçılarına dərin minnətdarlığını bildirdi.
Səmimi söhbət və xatirə şəkillərinin çəkdirilməsi ilə tədbir başa çatdı.
Hörmətli Ruhiyyə xanımı bir daha
50 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli peşəkar fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!💐

🇦🇿 "AĞLAMA, ANA, AĞLASAN, İNCİYƏRƏM SƏNDƏN": VƏTƏN AŞİQİ ŞƏHİD VÜSAL ALLAHVERDİYEV.  Qubadlı həsrəti ilə böyüyən nəslin ...
16/08/2026

🇦🇿 "AĞLAMA, ANA, AĞLASAN, İNCİYƏRƏM SƏNDƏN": VƏTƏN AŞİQİ ŞƏHİD VÜSAL ALLAHVERDİYEV.

Qubadlı həsrəti ilə böyüyən nəslin ləyaqətli nümayəndəsi...

Tarix elə şərəfli səhifələrə malikdir ki, həmin səhifələri qanı və canı ilə yazan oğullar heç vaxt unudulmur. Azərbaycanın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən igidlərimiz hər birimizin qəlbində əbədi yaşayır. Onlardan biri də Vətən müharibəsinin qəhrəman şəhidi, ömrünü Vətənə və xalqa sədaqətlə bağlamış Vüsal Tahir oğlu Allahverdiyevdir.
Bir ananın "Ağlama, ana, ağlasan, inciyərəm səndən" sözləri ilə təselli tapdığı, könüllü olaraq cəbhəyə atılan bu igid övlad, ləyaqətli ömür yolu və uca şəhidlik zirvəsi ilə əbədiyyətə qovuşmuşdur.
Allahverdiyev Vüsal Tahir oğlu 16 avqust 1988-ci ildə Zəngəzur mahalı Qubadlı rayonunda anadan olmuşdur. 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Qubadlı rayonunun işğalından sonra Vüsal ailəsi ilə birgə Sumqayıt şəhərinə məcburi köçkün olaraq köçmüşdür. 1995-ci ildə Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2004–cü ildə həmin məktəbin 9-cu sinfini bitirən Vüsal Allahverdiyev Qubadlı rayon 2 saylı tam orta məktəbdə təhsilinə davam etmişdir. 2006-cı ildə məktəbdən məzun olmuş və 2006–2010-cu illərdə Azərbaycan Kooperasiya Universitetinin maliyyə və kredit fakültəsində ali təhsil almışdır.
2012–ci ildə "UNİBANK" Kommersiya Bankında İstehlak krediti üzrə Aparıcı Mütəxəssis vəzifəsində işinə başlamışdır. 2015-ci ilə qədər bu vəzifədə çalışan Allahverdiyev daha sonra əvvəlcə, 4 aya yaxın Sumqayıt şəhər Təmizlik Departamenti MMC-də mühasib köməkçisi işləmişdir. Sonra isə Kontakt Home mağazalar şəbəkəsində kredit mütəxəssisi kimi çalışmışdır. Nəzərdə tutulan imtahandan yüksək balla keçən Allahverdiyev 2020-ci ildən Kapital Bankda "Birkart Bank olmayan Kredit Təşkilatı" MMC-nin 20 saylı filialının müdiri vəzifəsində işləmişdir.
Atası Tahir Qafar oğlu Allahverdiyev Birinci Qarabağ müharibəsi veteranıdır. Əmisi mərhum Mahir Qafar oğlu Allahverdiyev ehtiyatda olan zabit, döyüş tapşırığını yerinə yetirərkən ikinci qrup əlil olmuşdur. Dayısı Akif Hümbət oğlu Alıyev Birinci Qarabağ müharibəsi veteranı, ikinci qrup Qarabağ əlilidir.
Vüsal Allahverdiyevin ailədə özü ilə bərabər bir bacısı var idi. Vüsal Subay idi. Vüsal Tahir oğlu Allahverdiyev 2010–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
Vüsal Allahverdiyev 12 iyul 2020-ci il tarixində başlayan Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov şəhid olduqdan sonra, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Qubadlı rayon şöbəsinə müraciət edərək könüllü olaraq yenidən hərbi xidmətə yazılmışdır.
2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Vüsal Tahir oğlu Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində həmin ilin 1 oktyabr tarixindən könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azad edilməsi uğrunda və Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Cəbrayıl istiqamətində "Həmlə" bölüyünün tərkibində döyüşmüşdür. Yaralıları xilas etmiş, şəhidləri döyüş meydanından çıxarmışdır. 30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi və yaralıların döyüş meydanından çıxarılması zamanı qarşı tərəfin atdığı mərmi nəticəsində şəhid olmuşdur. Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Şəhid Vüsal Allahverdiyevə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.
Cəbhəyə yollanarkən avtobusun pəncərəsindən gözüyaşlı anasına baxıb "Ağlama, ana, ağlasan, inciyərəm səndən" deyən Vüsal, həyatının hər anında olduğu kimi, son nəfəsində də böyük qürur və vətənpərvərlik nümayiş etdirdi. O, sadəcə bir bank filialının müdiri və ya bacarıqlı mütəxəssis deyil, həm də əsl Vətən fədaili, əsilfəza qəhrəman idi.
Vüsal kimi igidlərimizin parlaq xatirəsi hər zaman ürəklərdə yaşayacaq, onların qanı ilə suvarılmış bu müqəddəs torpaqlar əbədi olaraq azad və bütöv qalacaqdır.
Ruhun şad olsun, Şəhidim!🇦🇿
_____________________
Vüqar Calaloğlu.
16.08.2026

NAXÇIVANDA MÜASİR SƏNAYE KOMPLEKSLƏRİNİN YARADILMASI NƏZƏRDƏ TUTULUR.  İşsizliklə bağlı görülən tədbirlər. Xüsusilə qeyd...
14/08/2026

NAXÇIVANDA MÜASİR SƏNAYE KOMPLEKSLƏRİNİN YARADILMASI NƏZƏRDƏ TUTULUR.

İşsizliklə bağlı görülən tədbirlər. Xüsusilə qeyd etdiyim kimi, Naxçıvan Sənaye Parkının yaradılması buna böyük təkan verəcək. Naxçıvanda müasir sənaye komplekslərinin yaradılması nəzərdə tutulur. Sosial infrastrukturun yaradılması, bərpası nəzərdə tutulur. Mənə verilən məlumata görə, uşaq bağçalarının tikintisinə, təmirinə ehtiyac var, bunu biz edəcəyik.
Bu gün yeni elektrik avtobuslarının təqdimatı oldu və artıq onlar, yəqin ki, sabahdan xəttə buraxılacaq. Köhnə avtobuslar tamamilə sıradan çıxarılıb və bu yaşıl rəngli avtobusları biz Bakı küçələrində də tez-tez görürük. Daha çox görəcəyik, çünki onların faiz nisbəti dizel avtobuslarla müqayisədə daha da artır. Naxçıvan şəhəri üçün bu məsələ həll olundu.
Bilirəm ki, şəhərlərarası, rayonlararası nəqliyyatda problem var. Göstəriş verildi ki, 217 müasir rayonlararası avtobus alınsın, bu il və gələn il marşruta buraxılsın. 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların həm çəkilişi, həm əsaslı təmiri nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikasının yol infrastrukturuna da vaxtilə böyük vəsait qoyulmuşdur. Yolları siz də gördünüz, yaxşı vəziyyətdədir. Amma kənd yolları var, yenə də hələ nasaz vəziyyətdə yollar var və hesablamalar aparılıb, təqribən 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların həm çəkilişi, həm əsaslı təmiri nəzərdə tutulur. Bu 26 yaşayış məntəqəsindəki əhalinin sayı təxminən 160 min nəfərdir. Bu məsələ öz həllini tapacaq.
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Bildiyiniz kimi, bu yaxınlarda bütövlükdə Naxçıvanın inkişafına dair Dövlət Proqramı qəbul edilmişdir, ondan sonra suvarma ilə bağlı tədbirlər planı tərtib olunmuşdur. Mən buraya böyük heyət ezam etdim, bütün məsələlər təhlil olundu və işlərə başlanıldı. Yəni bununla yanaşı, əlavə tədbirlərin görülməsi üçün sabah mənim tərəfimdən növbəti Sərəncam imzalanacaq (https://azertag.az/xeber/naxchivan_muxtar_respublikasinin_sosial_iqtisadi_inkisafinin_suretlendirilmesine_dair_elave_tedbirler_haqqinda__azerbaycan_respublikasi_prezidentinin_serencami-4362697). Bu, çox böyük maliyyətutumlu Sərəncam olacaq, orada konkret layihələr göstəriləcək. Əlbəttə, lazımi nəzarət də təmin ediləcək ki, burada işlər daha da sürətlə getsin.
Naxçıvan, azad olunmuş ərazilər - Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir.
Məsələn, azad edilmiş bütün ərazilərdə şəhərlərin Baş planları təsdiqləndi. Mən göstəriş verdim ki, Naxçıvan şəhərinin də Baş planı işlənilsin, hazırlansın, - bu gün mənə təqdim edilmişdir, - şəhərin inkişafı, müasir infrastrukturun yaradılması ilə bağlı əlavə tədbirlər görülsün.
Naxçıvanın turizm potensialı çox zəngindir.
Naxçıvanın həm tarixi abidələri, həm gözəl təbiəti, təmiz havası və mənzərəli yerləri var. Ancaq əfsuslar olsun ki, mehmanxanaların az olması və o qədər də səviyyəli olmaması turizmin inkişafını əngəlləyir. Bu gün şəhərin mərkəzində beşulduzlu yeni mehmanxananın təməli qoyuldu və yəqin ki, təqribən 2028-ci ildə hazır olacaq.
Dövlət tərəfindən Naxçıvan Muxtar Respublikasının inkişafına nə lazımdırsa, bu günə qədər edilib və ediləcək.
Naxçıvanda son 20 il ərzində bütün tikintilər dövlət büdcəsindən maliyyələşdirilib. Hər il Azərbaycan dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə yüz milyonlarla manat vəsait ayrılır. Yəni bu olmasaydı, təbii ki, biz bugünkü inkişaf edən və abad Naxçıvanı da görə bilməzdik.
Ancaq biz hər zaman daha yaxşısını arzulayırıq, daha yaxşısını istəyirik. Nəzərə alsaq ki, Qarabağ, Şərqi Zəngəzur demək olar ki, sıfırdan qurulur və Zəngilan rayonu ilə Ordubad rayonu arasında məsafə cəmi 42 kilometrdir. Bu, faktiki olaraq vahid bir məkandır, tarixən də belə olub. Zəngəzur, Naxçıvan, Qarabağ vahid məkan olub və insanların da miqrasiyası əsrlər boyu olub. Ona görə bu böyük coğrafiyada qohum-əqrəbalar da çoxdur. Ona görə biz bunu vahid, nümunəvi bir inkişaf diyarı kimi nəzərdə tuturuq.
Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib, Naxçıvan da yaşıl enerji zonasıdır.
Bu gün burada istehsal olunan enerjinin əksəriyyəti bərpaolunan enerji hesabınadır. Biz artıq 250 meqavatlıq iki batareya saxlanc qurğusunu yaratmışıq. Mən göstəriş verdim ki, Naxçıvanda da birinci mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusu qurulsun. Çünki burada da bərpaolunan enerji - Günəş və su elektrik stansiyaları işləyir. Ona görə bu enerjiləri yığmaq üçün gərək bu müasir texnologiyalardan istifadə edək.
Bütün bu işlər artıq sistemli şəkildə davam edir. Əgər biz ölkəmizin coğrafi yerləşməsini götürsək görərik ki, hər bir bölgə üçün xüsusi bir inkişaf planı var. Hər bir iqtisadi bölgəmiz uğurla inkişaf edir və bu, ölkəmizin ümumi inkişafını təmin edir.
Ona görə planlar böyükdür və bu planların icrası ilə bağlı məndə heç bir şübhə yoxdur. Çünki güclü iradə var, maliyyə resurslarımız da var, heç kimdən də asılı deyilik. Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdiririk. Təbii ki, Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydaları təkmilləşməlidir.
Biz Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük.
Əminəm ki, artıq orada yaşayan 90 mindən çox insan da bunu görür. Eyni idarəetmə - Prezidentin xüsusi nümayəndəliyi Naxçıvanda da tətbiq olundu. Beləliklə, kadr islahatları ilə paralel olaraq, bu struktur islahatları da, əlbəttə, əsas hədəfə istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar.

ZƏNGƏZUR DƏHLİZİ AÇILANDAN SONRA ARTIQ AZƏRBAYCANDAN İRANA İKİNCİ DƏMİR YOLU XƏTTİ AÇILACAQDIR.   Məhz Zəngəzur dəhlizin...
14/08/2026

ZƏNGƏZUR DƏHLİZİ AÇILANDAN SONRA ARTIQ AZƏRBAYCANDAN İRANA İKİNCİ DƏMİR YOLU XƏTTİ AÇILACAQDIR.

Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır.
Ona görə bu gün strateji nöqteyi-nəzərindən, bundan əvvəl dediyim amillərlə yanaşı, bu amil də çox önəmli rol oynayır. Əlbəttə ki, buradan keçən tutaq ki, 15 milyon ton, bəlkə daha çox yük daha böyük canlanmaya gətirib çıxaracaq. Daha çox iş yerləri açılacaq, iqtisadi fəallıq artacaq və Naxçıvan deyə bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir. Bu, tam mümkündür.
Hamımız yaxşı bilirik, dəfələrlə bu barədə danışmışıq, ölkəmizin açıq dənizlərə çıxışı yoxdur, okeanlara çıxışı yoxdur. Amma bu gün Avrasiya nəqliyyat dəhlizlərinin icrası məsələləri müzakirə olunanda bizi “bypass” etmək, bizdən yan keçmək mümkün deyil. Bax, Naxçıvanın da eyni gələcəyi olacaqdır və əlbəttə ki, bu bizə həm iqtisadi, həm başqa dividendlər gətirəcək.
Gündəlikdə olan məsələlərdən biri Ordubad rayonunun Tivi kəndindəki 15 meqavatdan bir qədər çox gücdə su elektrik stansiyasının layihəsidir.
Həm Azərbaycanın əsas hissəsində, həm Xəzər dənizində, eyni zamanda, bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə artıq konkret layihələrə start verildi. Bəziləri artıq istismara da verilmişdir, bəziləri icra edilir. O cümlədən Naxçıvan Muxtar Respublikasının Günəş potensialını və xüsusilə su potensialını nəzərə alaraq burada daha böyük işlər də görüləcəkdir. Misal üçün, gündəlikdə olan məsələlərdən biri Ordubad rayonunun Tivi kəndindəki 15 meqavatdan bir qədər çox gücdə su elektrik stansiyasının layihəsidir. Bu stansiyanın davam etdirilməsi üçün də biz vəsait ayıracağıq. Yerli investorlar qeyd etdiyim kimi, 50 meqavatlıq Günəş elektrik stansiyaları inşa edirlər. Xarici investorlar da maraq göstərirlər.
Təkcə Günəş elektrik enerjisinin istehsalı Naxçıvanda təqribən ən azı 500 meqavat ola bilər.
Ola bilər 1000 meqavat da olsun. Burada əsas məsələ bunun ixrac imkanlarıdır. Bunun üçün, əlbəttə ki, aidiyyəti ölkələrin qurumları ilə danışıqlar aparılmalıdır və aparılır. Eyni zamanda, ötürücü xətlərin imkanlarını genişləndirməliyik. Çünki təbii ki, bu gün həm İrana, həm Türkiyəyə Naxçıvandan da elektrik xətləri var, ancaq onların imkanı bir qədər məhduddur. Yəni 500 meqavat, hətta 1000 meqavat elektrik enerjisini ixrac etmək üçün burada təbii ki, hələlik iki istiqamət var: biri Türkiyə, biri İran. Amma gələcəkdə bu, Avropa da ola bilər.
Zəngəzur dəhlizini konkret layihələrlə təmin etməyimiz daha geniş məna daşıyır.
Təbii ki, Zəngəzur dəhlizini - bu ideyanı və bu təşəbbüsü biz irəli sürəndə, ilk növbədə nəqliyyat seqmenti nəzərdə tutulurdu. Amma biz bu gün buna daha geniş baxırıq. Misal üçün, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi bizdə hazırdır. İşğaldan azad edilmiş Cəbrayıl rayonunda çox böyük yarımstansiya inşa olunmuşdur. O yarımstansiyanın əsas funksiyası ötürücü fəaliyyətdir. Yəni belə yarımstansiyalara çevirici yarımstansiyalar deyirlər. Bu, daxili təminat üçün yox, yəni böyük enerji həcmlərinin ötürülməsi üçün tikilib. O hazırdır. O, məhz Zəngəzur elektrik dəhlizi üçün tikilmişdir.
Ermənistanın əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil.
Ermənistan ərazisində bizim mütəxəssislər tərəfindən aparılan təhlil nəticəsində hətta yerlər də müəyyən edildi - harada elektrik dirəkləri quraşdırılmalıdır. Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Çünki bu, birinci onların özlərinə lazım ola bilər. Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər.
Məsələn, bu gün bizim enerji xətlərimiz Rusiya ilə, İranla, Gürcüstanla, Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirilib. Ona görə Ermənistan ərazisindən Naxçıvana, ondan sonra Türkiyəyə və Avropaya uzanacaq enerji dəhlizi, eyni zamanda, Ermənistanın enerji sisteminin ayaqda qalmasına, - əgər böhran yaranarsa, - imkan yaradacaq. Ona görə biz bunu nə qədər tez icra etsək, o qədər yaxşıdır. Təbii ki, indi siz də yaxşı bilirsiniz, biz bu son beş ildə Kəlbəcər dağlarında, 3500 metr yüksəkliklərdə qarın içində dirəklər quraşdırmışıq. Yəni əgər biz bu layihəni icra etməli olsaq, bu, maksimum 6 ay çəkər.
Amma Ermənistan təbii ki, özü bunu etməlidir. Ona görə hesab edirəm ki, bu məsələyə tezliklə aydınlıq gətirilməlidir. Bu, Zəngəzur dəhlizinin, TRIPP-in ayrılmaz hissəsi olacaq. Çünki bu layihə təkcə dəmir yolu, avtomobil yolu deyil. Hətta buradan fiber-optik kabel, ondan sonra elektrik xətləri, gələcəkdə əgər ehtiyac olarsa, neft-qaz kəmərləri də keçə bilər.
Nə qədər çox alternativlər olsa, hamı üçün o qədər də yaxşıdır.
Ona görə Naxçıvanın enerji təhlükəsizliyi ilə əlaqədar suala cavab verərək, həm də əvvəl dediyim sözlərə qayıtmaq istəyirəm ki, burada tam dayanıqlı və sığortalı enerji sistemi yaradılır, faktiki olaraq yaradılıb, amma biz bunu daha da təkmilləşdiririk. Biz, əlbəttə ki, ixrac imkanlarını, o cümlədən Naxçıvan ərazisindən genişləndirməliyik.
Yenə də deyirəm, yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur. Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik.
Bu gün yeganə marşrut Gürcüstan, Türkiyə, ondan sonra Avropa marşrutudur. Bunu biz genişləndirməliyik. O cümlədən Qara dəniz enerji kabelinin layihəsinin texniki-iqtisadi əsaslandırılması hazırdır. Amma ikinci xətt olsa, bu ancaq bizim gücümüzü artıracaq. Özü də hələ 2024-cü ilin noyabrında COP29 zamanı Qazaxıstan, Özbəkistan prezidentləri və mən Xəzərin dibi ilə elektrik kabelinin çəkilişini razılaşdırdıq, saziş imzaladıq. Yəni ona da biz hazır olmalıyıq.
Azərbaycan həm elektrik enerjisini istehsal edən, qəbul edən, ötürən və ixrac edən ölkə kimi özünü göstərəcək.
Yəni bizim strateji baxışlarımız və planlarımız bundan ibarətdir. Yenə də deyirəm, bu planlar bizim bütün həndəvərimizdə yerləşən ölkələrin maraqlarına cavab verir. Sadəcə olaraq, burada koordinasiya işləri düzgün səviyyədə, lazımi səviyyədə aparılmalıdır və danışıqlar sürətləndirilməlidir. Deyə bilərəm ki, bu gün həm Türkiyə ilə, həm İranla bu barədə danışıqlar aparılır. Hələ ki, bir şey demək tezdir. O ki qaldı, Ermənistana, yenə də demək istəyirəm, Ermənistan ərazisində enerji dəhlizi nə qədər tez yaranarsa, o qədər də TRIPP üçün və bütün bölgə üçün yaxşı olar.
Qeyd etdiyim kimi, vacib olan məsələlər təhlükəsizlik məsələləri idi, bu həll olundu. Enerji təhlükəsizliyi idi, Naxçıvan Muxtar Respublikası üçün bu, həll olundu. İndi söhbət gedir ki, artıq Naxçıvan enerjinin ixracı ilə məşğul olacaq.

NAXÇIVAN AZƏRBAYCAN XALQINA DAHİ ŞƏXSİYYƏT HEYDƏR ƏLİYEV KİMİ ULU ÖNDƏR BƏXŞ EDİB.   Naxçıvan, eyni zamanda, Azərbaycana...
14/08/2026

NAXÇIVAN AZƏRBAYCAN XALQINA DAHİ ŞƏXSİYYƏT HEYDƏR ƏLİYEV KİMİ ULU ÖNDƏR BƏXŞ EDİB.

Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir.
Məsələn, əgər biz nəqliyyat dəhlizlərindən danışırıqsa, bu gün təbii ki, Naxçıvanın timsalında yeni nəqliyyat damarlarını görürük. Biz bunu yaradırıq. Bunu yaratmaq üçün bir çox işlər görülüb və görüləcək. Ona görə bu məsələlərə daim diqqət göstərilir və göstəriləcək.
Bir neçə ay bundan əvvəl qəbul edilmiş kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında da Naxçıvanın xüsusi yeri var.
Bu gün, eyni zamanda, sosial təminatla əlaqədar DOST Mərkəzinin açılışını qeyd edə bilərəm. Onun yanında “ASAN xidmət” mərkəzi dayanır. O da vaxtilə mənim göstərişimlə yaradılmışdır ki, insanlara daha gözəl xidmət göstərilsin.
Yəni proqramın tərkib hissəsinə baxmaq kifayətdir ki, burada hər kəs görsün ki, Naxçıvanın inkişafı reallıqdır. Onu da əlavə edə bilərəm ki, bu yaxınlarda - bir neçə ay bundan əvvəl qəbul edilmiş kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında da Naxçıvanın xüsusi yeri var, payı var, lazımi vəsait nəzərdə tutulub. O cümlədən kənd təsərrüfatının inkişafı üçün vacib olan amil – suvarma layihələri icra edilir. Bir çox artezian quyuları qazılacaq, müasir suvarma sistemləri quraşdırılacaq. Bu gün suvarılmayan torpaqlara su veriləcək. Beləliklə, muxtar respublikanın inkişafı daha sürətli və hərtərəfli olacaq.
Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub.
Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq.
Təbii ki, yadınızdadır, İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar üçtərəfli bəyanat imzalanmışdır - Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri. Əslində, bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu. O vaxt hələ işğal altında olan, - müharibə yolu ilə hələ biz o bölgələri azad etməmişdik, – Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Təbii ki, Ermənistan bunu könüllü etməmişdir, biz onu məcbur etdik. Kimisə müharibə şəraitində məcbur edirsənsə, deməli, həmin o tərəf kapitulyasiyaya uğrayır. Yəni bu termində hər hansı bir alçaldıcı, yaxud da ki, təhqiramiz bir məna axtarmaq lazım deyil. Bu, sadəcə olaraq, reallıqdır.
Biz tarixi həm olduğu kimi bilməliyik, həm unutmamalıyıq və tarixin təhrifinə, o cəhdlərə heç vaxt imkan verməməliyik.
O vaxt - noyabrın 9-da Şuşa işğaldan azad olunandan sonra Rusiya Prezidentinin vasitəsilə üçtərəfli danışıqlar gedirdi. Mən qəti təkid edirdim ki, imzalanacaq bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhliz mütləq öz əksini tapmalıdır. Ermənistan tərəfi buna razılıq vermək istəmirdi. Ancaq onun o qədər də böyük alternativləri də yox idi. Müharibə davam etdirilsəydi, əlbəttə, biz də itkilər verəcəkdik, amma Ermənistan daha çox itki verəcəkdi. Çünki onların qoşunları demək olar ki, mühasirədə idi və onları məhv etmək faktiki olaraq tam mümkün idi. Ona görə bunu istəməsələr belə Ermənistan buna razılıq verdi və o bəyanat hamıya bəllidir, orada xüsusi bir bənd var.
İkinci Qarabağ müharibəsindən keçən 5 il ərzində Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan tərəfindən heç bir praktiki addım atılmamışdır.
Dəfələrlə biz bu məsələni həm Rusiyaya, həm Ermənistana çatdırırdıq ki, vaxt gedir, bu bəyanat, onun vacib hissəsi icra edilmir və bu, dözülməz haldır. Müxtəlif vaxtlarda müxtəlif cavablar alırdıq, bu barədə çox danışmaq istəmirəm. Fakt odur ki, Ermənistan bunu hər cür uzatmağa çalışırdı. Rusiya tərəfi isə ya bunu təmin edə bilmirdi, ya da ki, hansısa başqa səbəblər var idi. Yəni fakt o idi ki, keçən ilin avqust ayına qədər məsələ dondurulmuş vəziyyətdə idi.
Amerika Birləşmiş Ştatlarında bu məsələyə yaxınlaşmağa başlayanda, - təqribən keçən ilin yaz aylarından, yazın əvvəlində başlanmış təmaslar nəticəsində artıq bu prosesə start verilmişdir, - təbii ki, Ermənistan-Azərbaycan normallaşma prosesinə öz töhfələrini verməyə çalışırdılar, buna hazır olduqlarını bildirirdilər. Təbii ki, bizim bir neçə önəmli şərtimiz var idi, o cümlədən Zəngəzur dəhlizi.
Nəticə etibarilə 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapdı. TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Bu yaxınlarda, üç gün bundan qabaq - avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək. Yəni bu, məsələnin tarixçəsidir.
Eyni zamanda, İkinci Qarabağ müharibəsi başa çatar-çatmaz biz dərhal həm dəmir yollarının, həm də avtomobil yollarının bərpasına başladıq, o cümlədən Naxçıvana doğru gedən yolların tikintisinə. Bu gün Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Bir sıra xırda məsələlər qalıb. Dəmir yolunun tikintisi də sürətlə gedir. Biz bu layihəni hər an sürətləndirə bilərik. Sadəcə olaraq, Ermənistan hissəsi hazır olmadığı üçün buna lüzum görmürük. Çünki investisiyaları, sərmayələri daha vacib və təcili məsələlərin həllinə yönəltmək üçün.
Ancaq istənilən halda gələn il dəmir yolu da Ermənistan sərhədinə gəlib çatacaq. O ki qaldı, Naxçıvan dəmir yolunun tikintisinə, hazırda işlər gedir. Mənim göstərişimlə Nəqliyyat Nazirliyi bu işlə məşğuldur. Azərbaycan Dəmir Yolları Ordubad istiqamətində inşa işlərinə başlamışdır və olmayan hissələr yenidən tikiləcək. İki hissə mövcud deyildi, hər ikisi də Ermənistan sərhədinə yaxındır - biri Ordubad, ikincisi isə Sədərək rayonlarının ərazisindədir. Hər iki hissənin uzunluğu o qədər də böyük deyil, təqribən 3-5-7 kilometrdir. Qalan dəmir yolu isə prinsipcə işlək vəziyyətdədir və bu gün də ondan istifadə edilir və edilə bilər. Sadəcə olaraq, bu gün mövcud olan dəmir yolunun yükaşırma qabiliyyəti 1,5 milyon tondur. İlkin mərhələ üçün Zəngəzur dəhlizinin və ümumiyyətlə, Şərq-Qərb dəhlizinin bir qolu olan bu yolun fəaliyyətə başlaması kifayətdir. Amma bizim istəyimiz ondan ibarətdir ki, bu nəqliyyat dəhlizindən ən azı 15 milyon ton yük keçsin. Onun üçün bu gün mövcud olan dəmir yolu yenidən qurulmalıdır, reabilitasiya edilməlidir. Bu gün mənə verilən məlumat və təqdimat çox vacib idi. Mənim də göstərişlərim ondan ibarət idi ki, vaxt itirmək lazım deyil, Azərbaycan öz vəsaiti hesabına bu dəmir yolunu tam işlək və 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan vəziyyətə çatdıra bilər və çatdırmalıdır.
Bir çox beynəlxalq qurum, bəzi ölkələr bu yola maraq göstərir, xüsusilə Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə.
Onlardan biri Avropa İttifaqıdır. Avropa İttifaqının nümayəndələri Naxçıvana ezam edilmişdir. Burada yerlərdə vəziyyətlə tanış olmuşlar və onlar da bu dəhlizin iştirakçıları olmaq istəyirlər.
Biz prinsip etibarilə buna etiraz etmirik. Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın əsas hissəsində yerləşən ərazilərdə Azərbaycan Dəmir Yolları artıq bütün işləri yekunlaşdırır və burada hər hansı bir xarici iştiraka ehtiyac yoxdur. O ki qaldı, Naxçıvan dəmir yolunun reabilitasiyasına, burada prinsip etibarilə beynəlxalq konsorsium yaradıla bilər.
Təbii ki, nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə beynəlxalq konsorsium investorlardan ibarət ola bilər və biz buna açığıq.
Olmasa da, biz özümüz bu yolu çəkəcəyik. Bizim indi hansısa maliyyə problemlərimiz yoxdur. Olsaydı belə bu önəmli layihəyə hər zaman biz vəsait tapardıq. Amma biz hesab edirik ki, bu yolu beynəlxalq aktorlar və potensial yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə Naxçıvan dəmir yolu layihəsi məhz dediyim kimi, bir neçə şirkətdən ibarət konsorsium tərəfindən inşa edilə bilər.
Bu məsələ ilə bağlı bir neçə ölkədən bizə müəyyən mesajlar daxil olub. Hələ ki, bu barədə danışmaq istəmirəm. Sadəcə olaraq, konseptual nöqteyi-nəzərindən bu mümkündür. Ancaq onu da mən bu gün nəqliyyat nazirinə və Dəmir Yolu İdarəsinin rəisinə dedim, biz əlbəttə ki, buna açığıq, amma vaxt itirmək istəmirik. Çünki cənab Prezident Trampla son söhbət zamanı aydın oldu ki, Ermənistan ərazisində dəmir yolunun tikintisi bu il başlanmalıdır, orada cəmi 42 kilometr yoldur.
Naxçıvan ərazisində isə yeni texniki-iqtisadi əsaslandırma əsasında, - çünki tamamilə yeni texniki-iqtisadi əsaslandırma işlənilib, - yolun uzunluğu 194 kilometr olacaq. Əvvəllər daha qısa idi. Nə üçün daha uzundur? Çünki əvvəllər döngələr daha qısa idi və o xətti biz əsas götürsək, əgər tam necə var idi elə bərpa etsək, bu, 15 milyon ton yükü qaldıra bilməz. Ona görə yol daha uzun olacaq - 194 kilometr. Biz vaxt itirə bilmərik. Bizim vəsaitimiz də var bu il və gələn il. Ona görə yəqin ki, mənim sözlərim müxtəlif ünvanlara da çatacaq. Əgər kimsə bu layihədə iştirak etmək istəyirsə, vaxt itirməsin və tezliklə bizimlə artıq razılaşmaya gəlsin. Çünki bəzi bürokratik əngəllər, məsələlərin uzadılması, yəni bu bizim, Azərbaycanın üsuli-idarəsi deyil. Biz məsələləri müəyyənləşdiririk, qərar qəbul edirik, dərhal bunun icrasına başlayırıq.
Bu yolun əhəmiyyəti dediyim kimi, təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Çünki qeyd etdiyim kimi, bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq. Çünki bu gün Şimal-Cənub nəqliyyat dəhlizi deyəndə adətən Rusiya-Azərbaycan-İran, yəni Astaraya keçid, Astara-Rəşt İran ərazisində layihə nəzərdə tutulur. Layihənin icrası bildiyimə görə, ya başlayıb, ya da ki, başlayacaq. Hər halda Azərbaycan ərazisində bu layihə hazırdır.

Address

İnsaatcilar
Sumqayıt

Alerts

Be the first to know and let us send you an email when Qubadlı Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qubadlı Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share