Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook səhifəsi

Azərbaycan Respublikasi Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə I sinif ...
13/08/2026

Azərbaycan Respublikasi Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə I sinif üzrə şagird qəbulu müsabiqəsinin nəticələri ilə bağlı sənəd qəbulu müddəti uzadılıb.

Qəbul olunan namizədlər tələb olunan sənədləri 23 avqust 2026-cı il tarixinədək “MyCulture” şəxsi kabinetində müvafiq bölməyə yükləməklə qəbullarını təsdiqləməlidirlər.

Mədəniyyət naziri Adil Kərimli Laçında vətəndaşları qəbul edəcək  Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə ...
10/08/2026

Mədəniyyət naziri Adil Kərimli Laçında vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il avqustun 27-də, saat 10:00 da Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında Laçın, Kəlbəcər rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 2026-cı il avqustun 21-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Görkəmli şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edibGörkəmli şair, tərcüməçi, Əməkdar incəsənət ...
09/08/2026

Görkəmli şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edib

Görkəmli şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu 9 avqust 2026-cı il tarixində, 82 yaşında vəfat edib.
Çingiz Əli oğlu Əliyev (Çingiz Əlioğlu) 1944-cü il iyunun 29-da Füzuli şəhərində anadan olub. 1961—1965-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb.
Bədii yaradıcılığa 1967-ci "Gənc qələmlər" toplusunda çıxan "Xatirələr" şeiri ilə başlayan Çingiz Əlioğlu həmin vaxtdan dövri mətbuatda şeir, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə müntəzəm çıxış edib.
Şair "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində Nəşriyyatlar idarəsinin rəisi vəzifələrində işləyib. O, həmçinin
Azərbaycan Yazıçılar Birliyində Poeziya bölməsinin rəhbəri, Mədəniyyət və Turizm Nazirliyində Nəşriyyat sektorunun müdiri vəzifələrində çalışıb.
Şairin "Nikbinlik”, “Ömür ağacı”, “Günəşli dayanacaqlar”, “Atlantlar”, “Görüşdən ayrılığa”, “Gün keçdi”, “Aynabənd”, “Fraqmentlər”, “Ruhumun həndəsəsi”, “Dünən və əbədi”, “Gecə və bahar”, “Tanrını tanı”, “Çərçivə” və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb. Müəllifin şeirlərinə bəstələnmiş mahnılar tanınmış müğənnilərin ifasında könülləri oxşayır.
Əsərləri bir çox xarici dillərə tərcümə olunub, eyni zamanda bir sıra xarici müəlliflərin yaradıcılıq nümunələri onun tərcüməsində Azərbaycan oxucusuna çatdırılıb.
Çingiz Əlioğlunun yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1991-ci ildə "Əməkdar mədəniyyət işçisi", 2005-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adlarına layiq görülüb. Şair həmçinin 2014-cü ildə Mədəbiyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi görkəmli şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlunun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.

Mərkəzləşdirilmiş buraxılış imtahanının nəticələri elan olunub Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyin...
07/08/2026

Mərkəzləşdirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinin məzunları üçün keçirilmiş mərkəzləşdirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb.

Ölkə üzrə imtahana 9 minə yaxın şagird cəlb olunub. İmtahanda iştirak edən şagirdlərin 83 faizə yaxını uğurlu nəticə göstərərək incəsənət təhsilini müvəffəqiyyətlə başa vurub.

Bu il buraxılış tələblərini yerinə yetirə bilməyən şagirdlərin təhsillərini uğurla tamamlamaq imkanı saxlanılıb. Onlar növbəti 5 il ərzində keçiriləcək buraxılış imtahanlarında yenidən iştirak edə bilərlər.

İmtahan nəticəsi ilə razı olmayan şagirdlərin valideynləri nəticələrin elan olunduğu tarixdən etibarən 3 iş günü ərzində “MyCulture” vahid şəxsi kabinetinin “e-Müraciətlər” bölməsində “Mərkəzləşdirilmiş buraxılış imtahanlarının nəticələrindən apellyasiya müraciəti” xidmətinə keçid etməklə apellyasiya müraciəti edə bilərlər.

Üzrlü səbəbdən buraxılış imtahanında iştirak etməyən şagirdlər üçün isə sentyabr ayı ərzində əlavə imtahan təşkil olunacaq.

Şagirdlər nəticələri ilə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi regionlarda fəaliyyət göstərən dövlət teatrlarında vakant olan direktor ...
06/08/2026

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi regionlarda fəaliyyət göstərən dövlət teatrlarında vakant olan direktor və direktor müavini vəzifələrinin tutulması məqsədilə müsabiqə elan edir.

Namizədlər “MyCulture” vahid şəxsi kabineti üzərindən müraciət edə bilərlər.

https://my.culture.az/

Regionun ən böyük kitab festivalı qayıdır “Azərbaycan Mədəniyyəti-2040” Azərbaycan Respublikası Mədəniyyət Konsepsiyasın...
04/08/2026

Regionun ən böyük kitab festivalı qayıdır

“Azərbaycan Mədəniyyəti-2040” Azərbaycan Respublikası Mədəniyyət Konsepsiyasına uyğun olaraq, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə regionun ən böyük kitab festivalı - 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi bu il 21-27 oktyabr tarixində Bakı Ekspo Mərkəzində kitabsevərlərin görüşünə gələcək.

“Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunan sərgi uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılması, kitaba marağın gücləndirilməsi və onların faydalı vərdişlərə təşviq olunması məqsədini hədəfləyir.
Sərgi ənənəvi olaraq hər il zəngin proqramı və geniş əməkdaşlıq imkanları ilə çox sayda yerli və beynəlxalq nəşriyyat və poliqrafiya müəssisələrini, kitab mağazaları və sahəvi yaradıcılıq təşkilatlarını bir araya gətirir.

Dünyaca tanınmış yazarlar və tədqiqatçı-alimlərin iştirakı ilə fərqli formatda təqdimatlar, müəlliflik hüququ sahibləri ilə çoxsaylı görüşlər və 7 gün ərzində ədəbi-bədii proqram sərgini hər kəs üçün ilin ən gözlənilən ədəbi-mədəni hadisəsinə çevirir.

Hazırda sərgiyə qeydiyyat davam edir. Sərgiyə iştirakçı qismində qatılmaq üçün aşağıdakı elektron ünvana müraciət edə bilərsiniz:
[email protected]

Oxucular sərgiyə ziyarətçi qismində qatıla biləcəklər.

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilibAvqustun 2-də Beynəlxalq Muğam Mərkəzində müasir Azərbaycan ədəb...
02/08/2026

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib

Avqustun 2-də Beynəlxalq Muğam Mərkəzində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib.

Mərasimdə Milli Məclisin deputatları, tanınmış ədəbiyyat, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində mərhumun tabutunun ətrafına Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın adından, eləcə də Mədəniyyət Nazirliyi, digər dövlət və hökumət təşkilatları adından əklil qoyulub.

Əvvəlcə Nəriman Həsənzadənin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova nazir Adil Kərimlinin adından mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Bildirilib ki, böyük söz ustası olan Nəriman Həsənzadə bütün yaradıcılıq fəaliyyəti boyunca milli-mənəvi dəyərlərimizin yorulmaz tərənnümçüsü və təbliğatçısı olub. Onun poeziyasının qayəsini vətənsevərlik və humanizm ideyaları təşkil edir.

Nəriman Həsənzadə istedadlı şair olmaqla yanaşı, uzun illər ölkəmizin ədəbi, mədəni, ictimai həyatında fəal iştirak edən nüfuzlu ziyalı kimi də tanınıb. Onun Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafındakı mühüm xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib.

Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Xalq şairi Vahid Əziz Nəriman Həsənzadənin zəngin yaradıcılığından, Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən danışıblar.

Ailə üzvləri adından çıxış edən Nazim Həsənzadə atasının yaradıcılığına hər zaman böyük diqqətlə yanaşan ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Vida mərasimindən sonra Xalq şairinin cənazəsi Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin.

01/08/2026

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Heydər Əliyev mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Əliməmməd oğlu Həsənzadə 2026-cı il avqustun 1-də ömrünün 96-cı ilində vəfat etmişdir.

Nəriman Həsənzadə 1931-ci il fevralın 2-də Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1949–1953-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində ali təhsil almış, 1957–1961-ci illərdə isə Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur.

1962-ci ildə indiki Bakı Dövlət Universitetinin aspiranturasına daxil olan Nəriman Həsənzadə 1965-ci ildə aspiranturanı bitirib dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır.

Əmək fəaliyyətinə 1962-ci ildən başlayan Nəriman Həsənzadə “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında və Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. O, 1978–1991-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru işləyərkən qəzetin ədəbi-ictimai mühitdə nüfuzunun daha da genişləndirilməsi üçün böyük əmək sərf etmişdir.

Nəriman Həsənzadə 1991–2001-ci illərdə Azərbaycan Respublikası mətbuat və informasiya nazirinin birinci müavini və nazir əvəzi vəzifələrində çalışmışdır. O, 2001-ci ildən ömrünün sonunadək Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına rəhbərlik etmişdir.

Böyük söz ustası Nəriman Həsənzadə poeziya aləminə qədəm qoyduğu ilk vaxtlardan ədəbiyyatımıza yeni nəfəs gətirmişdir. Şair milli ədəbiyyatın çoxəsrlik parlaq ənənələrinə sadiq qalmaqla, özünəməxsus ifadə tərzi və dəst-xəti sayəsində Azərbaycan xalqının poetik fikir xəzinəsinə dəyərli töhfələr bəxş etmişdir. Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən əsərləri onu həmişə ədəbi prosesin ön mövqelərində saxlamışdır. Şairin öz həzinliyi və səmimiliyi, dil səlisliyi, axıcılığı və təbiiliyi ilə seçilən şeirlərində müasirlərimizin hiss və düşüncələri dolğun bədii əksini tapmışdır. Nəriman Həsənzadə poema və mənzum pyeslərində keçmişimizin uzaq və yaxın dövrlərinin taleyüklü mühüm hadisələrini və böyük şəxsiyyətlərini tarixi həqiqətlər işığında dərin vətənpərvərlik və milli dövlətçilik duyğusu ilə canlandırmışdır. Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını tərənnüm edən bu əsərlər teatr səhnələrində uğurla tamaşaya qoyulmuş, tamaşaçıların dərin rəğbətini qazanmışdır. Dilimizin tükənməz imkanlarından ustalıqla bəhrələnmiş şairin sözlərinə bu gün də sevilə-sevilə oxunan çox sayda mahnılar bəstələnmişdir.

Sənətkarın ədəbi şəxsiyyəti ilə vəhdət təşkil edən alim, pedaqoq və ictimai xadim kimi dolğun fəaliyyəti Vətənə və xalqa ləyaqətlə xidmətin bariz nümunəsidir. Nəriman Həsənzadə respublikamızın ictimai-siyasi və mədəni həyatında daim yaxından iştirak etmiş, müxtəlif illərdə SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsinin direktoru, eləcə də rayon, şəhər sovetinin və XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.

Ölkənin və cəmiyyətin həyatında baş verən proseslərə daim dərin vətəndaşlıq duyğusu ilə yanaşmış Nəriman Həsənzadə mədəniyyətimizin tərəqqisi, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün var qüvvəsini sərf etmişdir.

Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafı naminə uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatları – “Şöhrət” (2001), “Şərəf” (2011) və “İstiqlal” (2021) ordenləri ilə təltif edilmiş, 2026-cı ildə isə “Heydər Əliyev” ordeninə layiq görülmüşdür.

Görkəmli şair və dramaturq, tanınmış ictimai xadim, səmimi və təvazökar insan Nəriman Əliməmməd oğlu Həsənzadənin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.

Allah rəhmət eləsin!

Address

Sumqayıt şəhəri, Heydər Əliyev Prospekti 19
Sumqayıt
AZ5000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi:

Shortcuts

Share