Tovuz Rayon İcra Hakimiyyəti

Tovuz Rayon İcra Hakimiyyəti Tovuz Rayon İcra Hakimiyyəti
Ünvan: Tovuz şəhəri, İstiqlal küçəsi 2
Faks: (+994 22) 315-30-56

Tovuz Rayon İcra Hakimiyyətində aparat müşavirəsi keçirilib.    Müşavirədə rayon icra hakimiyyətinin 2026-cı il üzrə iş ...
04/09/2026

Tovuz Rayon İcra Hakimiyyətində aparat müşavirəsi keçirilib.
Müşavirədə rayon icra hakimiyyətinin 2026-cı il üzrə iş planına uyğun olaraq müxtəlif istiqamətlərdə görülmüş işlər, vətəndaş müraciətlərinə baxılması, qarşıda duran vəzifələr və fəaliyyətin daha səmərəli təşkili məsələləri, həmçinin rayon ərazisində salınmış yaşıllıq zolaqlarının qorunması və aqrotexniki qulluğun təmin edilməsi müzakirə olunub.
Eyni zamanda müşavirədə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görülmüş işlər, qarşıda duran vəzifələr, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı məsələlərə baxılıb. Dövlət Proqramının icrası məqsədilə Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış iş planında nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Müşavirədə elektron xidmətlərə keçidin sürətləndirilməsi, İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə vətəndaş qəbullarının və fəaliyyətin təkmilləşdirilməsi, əhalinin problemlərinin yerində araşdırılması ilə bağlı məsələlərə də toxunulub.
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti şəxslərə qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası, görüləcək işlərin nəzarətdə saxlanılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır.    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistana ...
26/08/2026

Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfəri çərçivəsində 2026-cı il avqustun 23-də Daşkənddə mətbuata bəyanatla çıxış edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb, Özbəkistanın son illərdə əldə etdiyi sosial-iqtisadi inkişafı qeyd edib.
“Bildiyiniz kimi, biz də Özbəkistana, Özbəkistanın qardaş xalqına eyni xoş və qardaşlıq hisslərini bəsləyirik. Düşünürəm ki, bugünkü səfərin nəticələri də bunu bir daha təsdiqləyir. Lakin ilk növbədə bir daha qeyd etmək istərdim ki, mən Daşkəndə ilk dəfə səfər etmirəm və hər dəfə buraya gələndə sürətli inkişafın şahidi oluram. Bunu hər sahədə görmək mümkündür: həm böyük layihələrdə, həm də detallarda. Bu gün Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır. Bu isə mənim əziz qardaşım Şavkat Miromonoviçin Özbəkistanın potensialının gücləndirilməsinə, beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsinə və ən mühüm sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş fəaliyyətinin nəticəsidir”, - deyə Prezident İlham Əliyev bildirib.
Dövlətimizin başçısı Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda həyata keçirilən islahatların ölkənin inkişafına mühüm töhfə verdiyini qeyd edib.“Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməyə başlayanda vəziyyət tamamilə başqa cür idi. Özbəkistan vətəndaşları bunu yaxşı bilirlər, biz də bunu bilirik.”
Prezident İlham Əliyev bildirib ki, hazırda Azərbaycan ilə Özbəkistan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün möhkəm əsaslar mövcuddur. O, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsinin qarşılıqlı əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb.
Dövlətimizin başçısı Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını qeyd edib.Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan əməkdaşlığının iqtisadiyyatın müxtəlif sahələrini əhatə etdiyini bildirib. Enerji, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil sənayesi, kənd təsərrüfatı, emal və bankçılıq sahələrində əməkdaşlığın uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin möhkəm mənəvi və iqtisadi təməl üzərində qurulduğunu vurğulayıb.Dövlətimizin başçısı Özbəkistanın Qarabağın bərpası prosesində iştirakını da xüsusi qeyd edib. Bildirib ki, Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi, Xankəndidə tikiş fabrikinə investisiya yatırılması və digər layihələr iki ölkə arasında qardaşlıq münasibətlərinin əyani göstəricisidir.
Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın gələcək inkişafı ilə bağlı konkret fəaliyyət planının olduğunu da diqqətə çatdırıb. Dövlətimizin başçısı Özbəkistanın investisiya imkanlarının genişlənməsini və əlverişli investisiya mühitinin formalaşmasını Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi islahatların mühüm nəticəsi kimi qiymətləndirib.
Prezident İlham Əliyev çıxışının sonunda Azərbaycan və Özbəkistan arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib və Prezident Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib.
Səfər çərçivəsində Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib, iki ölkə prezidentlərinin təltifolunma mərasimi baş tutub. Prezident Şavkat Mirziyoyev Azərbaycanın dövlət başçısını Özbəkistanın ali dərəcəli “Dostluq” ordeni ilə təltif edib. Prezident İlham Əliyev isə Özbəkistan Prezidentinə “Heydər Əliyev” ordenini təqdim edib.
Dövlət səfəri çərçivəsində Azərbaycan və Özbəkistan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan sənədlər imzalanıb.

26 Avqust – Laçın şəhəri günü    Laçın şəhərinin tarixi 1923-cü ildən başlayır. Həmin il Abdallar kənd yaşayış məntəqəsi...
26/08/2026

26 Avqust – Laçın şəhəri günü

Laçın şəhərinin tarixi 1923-cü ildən başlayır. Həmin il Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. 1930-cu il avqustun 8-də Laçın rayonu inzibati ərazi vahidi kimi təşkil olunub və rayonun mərkəzi Laçın şəhəri müəyyən edilib.Laçın rayonu zəngin təbiəti, meşələri, yaylaqları və strateji coğrafi mövqeyi ilə seçilir.
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayonun əhalisi doğma yurdlarından didərgin salınıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və ya itkin düşüb. Rayonun sosial, mədəni və iqtisadi infrastrukturu dağıdılıb, tarixi-mədəni abidələr vandalizmə məruz qalıb.Laçının işğalı Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin yaradılması baxımından xüsusi strateji əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa və Laçının itirilməsi Azərbaycanın sonrakı itkilərinin başlanğıcı olmuşdu.
Ermənistan tərəfindən işğal dövründə Laçının tarixi toponimlərinin dəyişdirilməsi, təbii sərvətlərinin talan edilməsi və qanunsuz məskunlaşdırma siyasətinin həyata keçirilməsi kimi əməllərə yol verilib.
Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər Laçının da azadlığına gedən yolu açdı. Üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bununla da Laçının tarixində yeni mərhələ başlandı.Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
Laçının azadlığından sonra şəhərdə və rayonun kəndlərində genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Prezident İlham Əliyevin sözləri ilə desək: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis edilib. Həmin Sərəncama əsasən, avqustun 26-sı Laçın şəhəri günü kimi müəyyən olunub.
Bu gün Laçın sürətlə inkişaf edən, müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulan yaşayış məkanına çevrilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiqlənib. Baş plana uyğun olaraq şəhərdə yaşayış məhəllələri, məktəblər, məktəbəqədər təhsil müəssisələri, xəstəxana, peşə məktəbi, mədəniyyət və turizm obyektləri, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park yaradılacaq.
Laçının inkişafında enerji layihələri xüsusi yer tutur. Rayonda ümumi gücü 65,5 meqavat olan 9 su elektrik stansiyasının fəaliyyət göstərməsi nəzərdə tutulur. Artıq bir sıra kiçik su elektrik stansiyaları istifadəyə verilib. 2026-cı il iyulun 11-də Hoçaz çayı üzərində yerləşən “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” su elektrik stansiyalarının açılışı olub. Hazırda Laçının elektrik tələbatı əsasən yaşıl enerji hesabına qarşılanır, artıq istehsal olunan enerji isə ölkənin enerji sisteminə ötürülür. Yeni SES layihələrinin həyata keçirilməsi ilə rayonun gələcəkdə də tamamilə yaşıl enerji ilə təmin olunması nəzərdə tutulur.
Laçının nəqliyyat imkanları da genişləndirilir. Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi davam etdirilir. Uzunluğu 75,8 kilometr olacaq yeni yol mövcud marşrutdan daha qısa olmaqla, bir neçə hərəkət zolağından, tunel və körpülərdən ibarət mürəkkəb mühəndis qurğularını özündə birləşdirəcək.
Laçın Beynəlxalq Hava Limanının 28 may 2025-ci ildə istifadəyə verilməsi rayonun inkişafında mühüm hadisə olub. Qorçu kəndində, dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən hava limanı Azərbaycanın ən yüksəklikdə yerləşən aeroportudur. Müasir hava limanı Laçının, eləcə də bütövlükdə Qarabağın turizm və iqtisadi potensialının inkişafına mühüm imkanlar yaradır.
Rayonda sənaye, kənd təsərrüfatı və turizm sahələrinin inkişafı istiqamətində də layihələr həyata keçirilir. Laçın Aqro-Sənaye Parkında müxtəlif istehsal müəssisələrinin yaradılması nəzərdə tutulur. Burada mebel, yeyinti və yüngül sənaye, balıqçılıq, heyvandarlıq və digər sahələr üzrə müəssisələrin fəaliyyət göstərməsi planlaşdırılır. Laçında tikiş və ayaqqabı fabrikləri, mebel fabriki, prefabrik modul evlərin istehsalı müəssisəsi və digər istehsal sahələri yaradılıb.
Rayonun zəngin təbii imkanları heyvandarlıq, arıçılıq və balıqçılığın inkişafı üçün də əlverişli şərait yaradır. 2023-cü ildə fəaliyyətə başlayan “Həkəri Balıq Təsərrüfatı” Qarabağ zonasında ilk nərəyetişdirmə təsərrüfatıdır. Laçının turizm potensialından səmərəli istifadə məqsədilə “Laçın” İstirahət Kompleksi istifadəyə verilib, şəhərdə bulvar, istirahət və əyləncə məkanlarının yaradılması istiqamətində işlər görülür. Laçın kanat yolunun inşası da şəhərin turizm imkanlarının genişləndirilməsinə xidmət edəcək.
2026-cı il iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməli qoyulub. Layihəyə əsasən 100 milyon kubmetr tutuma malik su anbarı və uzunluğu 172 kilometrə yaxın magistral boru kəməri inşa ediləcək. Bu layihənin Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarında təxminən 700 min nəfərin içməli su təminatına mühüm töhfə verməsi nəzərdə tutulur.
Laçının dirçəldilməsinin ən mühüm göstəricilərindən biri doğma sakinlərin Böyük Qayıdış çərçivəsində öz yurdlarına qayıtmasıdır. 2023-cü il mayın 28-dən başlayaraq laçınlıların şəhərə qayıdışı təmin edilir. 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailə, yəni 2264 nəfər, Zabux kəndinə 217 ailə, 823 nəfər, Sus kəndinə 59 ailə, 215 nəfər, Bəylik kəndinə isə 89 ailə, 363 nəfər daimi məskunlaşıb.
Zabux, Sus və Bəylik kəndləri də tamamilə yenidən qurulur. Kəndlərdə müasir yaşayış evləri, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, klub-icma mərkəzləri və digər sosial obyektlər yaradılıb. Yaşayış məntəqələrində “yaşıl enerji”dən istifadəyə xüsusi diqqət yetirilir.
Laçın şəhərinin beynəlxalq və mədəni əhəmiyyəti də son illərdə daha da artıb. MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü il 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub. Həmin ilin iyunun 3-də şəhərdə “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilib.
İşğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin Laçına çoxsaylı səfərləri zamanı şəhərdə və rayonda həyata keçirilən bərpa-quruculuq layihələri ilə tanışlıq, yeni sosial, iqtisadi və infrastruktur obyektlərinin açılışı, sakinlərlə görüşlər keçirilib. Bu səfərlər Laçının sürətli inkişafına və Böyük Qayıdış prosesinin ardıcıl şəkildə həyata keçirilməsinə dövlət səviyyəsində göstərilən diqqətin bariz nümunəsidir.
Bu gün Laçın işğaldan və dağıntılardan sonra yenidən qurulan şəhər kimi Azərbaycanın Zəfər tarixinin, dövlətimizin gücünün və Böyük Qayıdış siyasətinin rəmzlərindən birinə çevrilib. 26 Avqust – Laçın şəhəri günü isə bu tarixi dirçəlişi, doğma yurda qayıdışı və Laçının gələcəyə inamla addımlamasını ifadə edən əlamətdar gündür.

Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşı vəfat edib.    Tovuz Rayon İcra Hakimiyyətinin başçısı aparatının Sosial-İqtisa...
25/08/2026

Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşı vəfat edib.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı aparatının Sosial-İqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Memarlıq-tikinti məsələləri sektorunun böyük məsləhətçisi, 3-cü dərəcə dövlət qulluqçusu Tariyel Əlixan oğlu Məmmədov vəfat edib.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və icra hakimiyyətinin kollektivi əməkdaşımızın vaxtsız vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyir.
Gülərüz, səmimi və mehriban insan Tariyel Məmmədovun xatirəsi həmkarlarının və onu tanıyanların qəlbində yaşayacaqdır.
Allah rəhmət eləsin!

Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsində inkişaf edir    Azərbaycan Respublikasının Prezidenti İlham...
24/08/2026

Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsində inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı, siyasi dialoq, iqtisadi-ticari əlaqələr, enerji, nəqliyyat, mədəni-humanitar əməkdaşlıq və Türk dünyası çərçivəsində qarşılıqlı fəaliyyət barədə fikirlərini bölüşüb.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin xalqlarımızın əsrlər boyu qoruyub saxladığı qarşılıqlı rəğbətə əsaslanır. Onun sözlərinə görə, bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illərdə misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəlib və yeni məzmun qazanıb.
Dövlət başçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimadın Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində xüsusi rol oynadığını vurğulayıb.
Prezident qeyd edib ki, son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin və sıx təmasların həyata keçirilməsi əlaqələrin dinamik inkişafı üçün əlverişli şərait yaradıb. 2024-cü ilin avqustunda Azərbaycanın dövlət başçısının Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanan “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında münasibətlərin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib.
2023-cü ilin avqustunda yaradılan Ali Dövlətlərarası Şura da strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrilib. Şuranın Bakı və Daşkənddə keçirilən iclasları ölkələr arasında siyasi dialoqun ardıcıllığını və uzunmüddətli əməkdaşlıq əzmini nümayiş etdirir.
İlham Əliyev iqtisadi-ticari əməkdaşlığın da sürətlə inkişaf etdiyini bildirib. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsi 33 faiz artaraq 144 milyon dollara çatıb. Üç il əvvəl 500 milyon dollar ümumi kapitalla yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti investisiya əməkdaşlığının inkişafında mühüm platformaya çevrilib.
Energetika sahəsində əməkdaşlığın fəal şəkildə inkişaf etdiyini deyən Prezident neft-qaz sektorunda birgə müəssisələrin fəaliyyətini, eləcə də yaşıl enerji istiqamətində həyata keçirilən layihələri qeyd edib. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən yaradılan “Yaşıl Dəhliz Birliyi” MMC Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizinin həyata keçirilməsinə və bərpaolunan enerjinin ixracı imkanlarının reallaşdırılmasına xidmət edir.
Nəqliyyat və logistika sahəsində də müsbət dinamika müşahidə olunur. 2025-ci ildə iki ölkə arasında tranzit daşımaların həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. 2026-cı ilin yanvar-iyun aylarında isə 12,2 faiz artım qeydə alınıb. Prezident İlham Əliyev Azərbaycan və Özbəkistanın coğrafi mövqeyinin onları Şərqlə Qərbi birləşdirən strateji marşrutlarda təbii tərəfdaşlara çevirdiyini bildirib. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyasının region üçün yeni iqtisadi və tranzit imkanları yaradacağı vurğulanıb.
Dövlət başçısı işğaldan azad edilmiş Füzuli rayonunda 100 hektarlıq “Dostluq bağı” nar bağının salınmasını, həmçinin “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlığı da xüsusi qeyd edib. 2026-cı il iyulun 13-nə olan məlumata görə, Azərbaycanda 10 min 720 “Chevrolet” avtomobili və 275 “Isuzu” avtobusu istehsal edilib.
Hazırda Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Özbəkistanda müxtəlif layihələr həyata keçirir. Prezident İlham Əliyev “PASHA Holding” tərəfindən Daşkənddə “The Ritz-Carlton” brendi altında inşa edilən hotel və yaşayış kompleksini, həmçinin “Sea Breeze Uzbekistan” turizm və yaşayış kompleksini qeyd edib və qarşılıqlı faydaya əsaslanan iqtisadi tərəfdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
Azərbaycan-Özbəkistan münasibətlərində mədəni-humanitar əməkdaşlıq da mühüm yer tutur. Son illərdə qarşılıqlı mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar və digər tədbirlər keçirilib. Prezident İlham Əliyev Özbəkistan Milli Pedaqoji Universitetinin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşımasını qürurverici fakt kimi qeyd edib. Bakıda təməli qoyulan 5 hektarlıq “Özbəkistan” parkının da iki xalq arasındakı qardaşlığın rəmzinə çevriləcəyi vurğulanıb.
Təhsil sahəsində əməkdaşlığın da genişləndiyini bildirən Prezident 2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşının Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşının Özbəkistanda təhsil aldığını qeyd edib. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına məktəb ölkələrimiz arasındakı qardaşlığın daha bir təzahürü kimi qiymətləndirilib.
Media və vətəndaş cəmiyyəti sahəsində də əməkdaşlığın genişləndiyi qeyd olunub. 2024-cü ildə Daşkənddə, 2025-ci ildə isə Bakıda Azərbaycan-Özbəkistan media forumları keçirilib. 2026-cı ildə iki ölkənin QHT-ləri üçün ilk dəfə birgə qrant müsabiqəsinin elan edilməsi də əməkdaşlığın praktik nəticələrindən biri olub.
Özbəkistandan Azərbaycana turist səfərlərinin sayında da artım müşahidə edilir. 2024-cü ildə ölkəmizə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min Özbəkistan vətəndaşı səfər edib. Bakı-Daşkənd, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokənd, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan və digər şəhərlər arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətlərinin yaradılması da xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyev Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığına xüsusi əhəmiyyət verdiyini bildirib. Onun sözlərinə görə, iki ölkə TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin də son illərdə dinamik inkişaf etdiyini vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakçı kimi qəbul edildikdən sonra əvvəllər “C5” adlanan əməkdaşlıq formatı faktiki olaraq “C6” formatına çevrilib. Bu proses Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti nümayiş etdirir.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycan və Özbəkistanın BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və Qoşulmama Hərəkatı çərçivəsində də səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. Dövlət başçısının sözlərinə görə, qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulan Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da inkişaf edərək xalqlarımızın rifahına, Türk dünyasının daha sıx inteqrasiyasına və regional əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək.

Naxçıvanın sürətli və hərtərəfli inkişafı təmin ediləcək    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun ...
14/08/2026

Naxçıvanın sürətli və hərtərəfli inkişafı təmin ediləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verib.
Dövlət başçısı bildirib ki, Prezident kimi Naxçıvana 17-ci səfəri zamanı keçirilən tədbirlər və həyata keçirilən layihələr muxtar respublikanın hərtərəfli inkişafının göstəricisidir. Qeyd olunub ki, bundan sonra da Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində mühüm addımlar atılacaq.
Prezident İlham Əliyev Naxçıvanın müdafiə potensialının gücləndirilməsini prioritet məsələlərdən biri kimi qeyd edib. Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir, ən müasir hərbi texnika ilə təchizat və yeni komando qüvvələrinin yaradılması istiqamətində mühüm işlər görülür. Dövlət başçısı Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olduğunu vurğulayıb.
Müsahibədə Naxçıvanın sənaye və enerji potensialının artırılması ilə bağlı həyata keçiriləcək layihələrə də geniş yer verilib. Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlinin qoyulduğunu bildirərək burada yeni iş yerlərinin yaradılacağını, müasir sənaye komplekslərinin formalaşdırılacağını qeyd edib. Sənaye Parkının tərkib hissəsi kimi 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası da nəzərdə tutulur.
Dövlət başçısı Naxçıvanın enerji təhlükəsizliyinin tam təmin olunduğunu bildirib. Qeyd edilib ki, muxtar respublikada qazlaşma 100 faiz səviyyəsindədir, mövcud generasiya gücü daxili tələbatı üstələyir və gələcəkdə Naxçıvandan böyük həcmdə elektrik enerjisinin ixracı nəzərdə tutulur.
Naxçıvanın bərpaolunan enerji potensialının yüksək olduğu vurğulanıb. Monitorinqlər və təhlillər əsasında muxtar respublikanın Günəş enerjisi istehsalı üçün Azərbaycanın ən əlverişli məkanlarından biri olduğu bildirilib. Artıq 600 hektardan çox ərazi müəyyənləşdirilib və burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılması planlaşdırılır. Eyni zamanda, Naxçıvanda ən azı 100 meqavat gücündə batareya enerji saxlanc qurğusunun yaradılması nəzərdə tutulur.
Prezident İlham Əliyev Naxçıvanın tarixi-mədəni irsinin qorunmasının da xüsusi əhəmiyyət daşıdığını bildirib. Möminə xatun məqbərəsinin bərpası, digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpası istiqamətində işlərin davam etdiriləcəyi qeyd olunub. Dövlət başçısı Naxçıvanın zəngin tarixə, mədəniyyətə və memarlıq irsinə malik olduğunu vurğulayaraq milli kimliyin, mədəniyyətin, dilin, ədəbiyyatın və tarixin qorunmasının mühüm əhəmiyyət daşıdığını bildirib.
Kənd təsərrüfatının inkişafı məsələlərinə də toxunulub. Bildirilib ki, kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvanın xüsusi yeri var. Muxtar respublikada suvarma layihələri həyata keçiriləcək, yeni artezian quyuları qazılacaq, müasir suvarma sistemləri qurulacaq və hazırda suvarılmayan torpaqların su təminatı yaxşılaşdırılacaq.
Prezident İlham Əliyev Zəngəzur dəhlizinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək mühüm nəqliyyat layihəsi olduğunu vurğulayıb. Bildirilib ki, layihənin icrasına start verilib və onun tezliklə reallaşdırılması regionun nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Dövlət başçısı Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır olduğunu, dəmir yolunun tikintisinin isə sürətlə davam etdiyini bildirib. Naxçıvan ərazisində dəmir yolunun reabilitasiyası və yenidən qurulması ilə bağlı işlərin aparıldığı, perspektivdə bu xəttin yükaşırma qabiliyyətinin 15 milyon tona çatdırılmasının nəzərdə tutulduğu qeyd olunub.
Prezident İlham Əliyev Naxçıvanın gələcəkdə mühüm nəqliyyat mərkəzlərindən birinə çevriləcəyini bildirib. Qeyd olunub ki, Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm qollarından biri olmaqla yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizi ilə də əlaqələnəcək. Bu isə Naxçıvanın iqtisadi fəallığının artmasına, yeni iş yerlərinin yaranmasına və geniş coğrafiyada nəqliyyat əlaqələrinin inkişafına imkan yaradacaq.
Dövlət başçısı Naxçıvanın sosial infrastrukturunun inkişafı istiqamətində də yeni layihələrin həyata keçiriləcəyini bildirib. Naxçıvan şəhərinin nəqliyyat probleminin həlli istiqamətində yeni elektrik avtobuslarının istifadəyə veriləcəyi, rayonlararası sərnişindaşıma üçün 217 müasir avtobusun alınacağı qeyd olunub. Həmçinin muxtar respublikada 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların çəkilməsi və əsaslı təmiri nəzərdə tutulur.
Naxçıvanın turizm potensialına toxunan Prezident İlham Əliyev bölgənin zəngin tarixi abidələrə, gözəl təbiətə və əlverişli iqlimə malik olduğunu bildirib. Prezident İlham Əliyev Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid konsepsiya əsasında inkişaf etdirilməsinin nəzərdə tutulduğunu bildirib. Naxçıvan şəhərinin Baş planının hazırlandığı, şəhərin inkişafı və müasir infrastrukturun yaradılması ilə bağlı əlavə tədbirlərin həyata keçiriləcəyi diqqətə çatdırılıb.
Prezident İlham Əliyev Naxçıvanın inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi məqsədilə yeni Sərəncamın imzalanacağını da açıqlayıb. Bildirib ki, sənəddə konkret layihələr müəyyənləşdiriləcək və onların icrasına ciddi nəzarət təmin ediləcək.
Dövlət başçısı vurğulayıb ki, dövlət tərəfindən Naxçıvan Muxtar Respublikasının inkişafı üçün zəruri olan bütün tədbirlər bundan sonra da həyata keçiriləcək. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın vahid inkişaf yanaşması əsasında daha da sürətlə inkişaf etdirilməsi, burada yaşayan insanların rahat, təhlükəsiz və firavan həyatının təmin olunması əsas hədəflərdəndir.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Göyəbaxan kəndində səyyar qəbul keçirib.Tovuz Rayon İcra Hakimiyyətinin başçısı ...
13/08/2026

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Göyəbaxan kəndində səyyar qəbul keçirib.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rayon ərazisində vətəndaşlarla birbaşa ünsiyyətin təmin olunması məqsədilə keçirdiyi səyyar qəbullar davam etdirilir. Növbəti səyyar qəbul Göyəbaxan kəndində təşkil olunub.
Göyəbaxan kəndində keçirilən qəbulda rayonun aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər. Görüş zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərə yerində münasibət bildirilib.
Müraciətlər əsasən sosial və məişət məsələləri ilə bağlı olub. Səslənən müraciətlər üzrə müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Sakinlər səyyar qəbulun problemlərin operativ həllinə şərait yaratdığını vurğulayıblar. Onlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Azərbaycan qəzeti:"Zəhmət bəhrəsiz qalmır"    Bu il Tovuzda 4270,1 hektarda kartof əkilmişdir. Son məlumata görə, 3080 h...
12/08/2026

Azərbaycan qəzeti:"Zəhmət bəhrəsiz qalmır"
Bu il Tovuzda 4270,1 hektarda kartof əkilmişdir. Son məlumata görə, 3080 hektarın məhsulu yığılmışdır. Məhsuldarlıq 298 sentnerdir. Hazırda məhsul yığımı davam edir.
Kartof istehsalında yenə də "Aqrokompleks" MMC fərqlənir. Təsərrüfat 157 hektar sahənin hər hektarından 529 sentner olmaqla 8305,3 ton məhsul götürmüşdür. Kartof istehsalında fiziki şəxslərdən Ədalət Məhərrəmov hər hektardan 700 sentner olmaqla 5125, Mehman İsgəndərov 520 sentner olmaqla 1274,1, Nazilə İmamverdiyeva 600 sentner olmaqla 735 ton məhsul götürmüşlər.
Rayonda taxıl istehsalında da uğurlu göstəricilərə nail olunmuşdur. 12215 hektarda buğda yetişdirilmişdir. Hər hektardan 47,3 sentner olmaqla 40416,4 ton məhsul biçilmişdir. Taxıl biçinində də "Aqrokompleks" MMC irəlidə gedir. 315 hektar sahənin hər hektarından 50, bəzi ərazilərdən isə 60 sentner məhsul yığılmışdır. Fermerlərdən Ədalət Məhərrəmov hər hektardan 52 sentner, Nərgiz Rüstəmova 35 sentner taxıl götürmüşdür.
Arpa istehsalında da uğurlu göstəricilərə nail olunmuşdur. 2375 hektar arpa sahəsinin hər hektarından 39,3 sentner olmaqla 9344 ton məhsul yığılmışdır. Rayonda elə fermer təsərrüfatları var ki, hər hektardan daha çox arpa biçmişlər. Məsələn, Orxan İbrahimov hər hektardan 45, Kərim Bayramov 42 sentner məhsul əldə etmişdir.
Hazırda Tovuzda 45,3 min baş qaramal, 22,7 min başdan çox davar var. Keçən ilin 6 ayına nisbətən ət istehsalı 3,7, süd istehsalı 2,6, yumurta istehsalı 3,5 faiz artmışdır. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq üçün keçən il lizinq yolu ilə rayona 24 baş düyə gətirilmiş, 466 baş heyvan süni mayalandırılmış, onlardan 240 baş bala alınmış və beləliklə, rayondakı ümumi heyvanların tərkibində cins heyvanların xüsusi çəkisi 15 faizə çatmışdır.
Ənənəvi üzümçülüyə gəldikdə, rayondakı 1265,9 hektar üzüm bağının 1099 hektarı bar verir. Onun 439,6 hektarı texniki üzüm sortlarıdır. İstehsal olunan üzümün bir hissəsinin Rusiya bazarlarına çıxarılması istiqamətində tədbirlər görülür. Bundan başqa, şərab ixracı istiqamətində də işlər aparılır. "Naiqin-Ko" Baltiya MMC tərəfindən keçən il xaricə 300 dekalitr konyak, 700 dekalitr şərab satılmışdır.
Bu il rayonda bostan bitkilərinin əkini genişləndirilərək 53 hektara çatdırılmışdır. Fermerlərdən Vüqar Tanrıverdiyev və Telman Məhərrəmov bu il sahələrdə bol məhsul yetişdirmişlər. Vüqar Tanrıverdiyev hər hektardan 25,3, Telman Məhərrəmov 15,3 ton məhsul götürmüşlər.

Sabir ƏLİYEV,
"Azərbaycan"

RİH başçısı rayonun ucqar dağ kəndi Qaralarda səyyar vətəndaş qəbulu keçirib    Tovuz Rayon İcra Hakimiyyətinin başçısı ...
06/08/2026

RİH başçısı rayonun ucqar dağ kəndi Qaralarda səyyar vətəndaş qəbulu keçirib
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun ucqar dağ kəndi Qaralarda səyyar vətəndaş qəbulu keçirilib.
Qaralar kəndində keçirilən qəbulda rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbər və məsul şəxsləri iştirak ediblər. Səyyar qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılması tələb olunan müraciətlər isə aidiyyəti üzrə nəzarətə götürülərək müvafiq tapşırıqlar verilib.
Kənd sakinləri səyyar qəbulların onların müraciətlərinin yerində dinlənilməsi, operativ araşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Sonda kənd sakinləri ölkəmizdə həyata keçirilən sosial siyasətə və vətəndaş müraciətlərinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Address

Tovuz
AZ6000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Tovuz Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Tovuz Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share