Ucar RİHB-nın Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi

Ucar RİHB-nın Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ucar RİHB-nın Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Government Organization, Ucar rayonu, Boyat kəndi, Udzhary.

İkitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulub.          Azərbaycan Prezidenti İlh...
24/08/2026

İkitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulub.

Azərbaycan Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsini və gələcək inkişaf perspektivlərini bir daha nümayiş etdirdi. Dövlət başçısı Özbəkistanın son illərdə keçdiyi sürətli inkişaf yolunu xüsusi qeyd edərək Daşkənd və bütün ölkənin yüksəliş dövrü yaşadığını vurğuladı. Prezident İlham Əliyev bu uğurları Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin həyata keçirdiyi islahatların, uzaqgörən siyasətin və ölkənin iqtisadi potensialının gücləndirilməsi istiqamətində atılan məqsədyönlü addımların nəticəsi kimi qiymətləndirdi. Sənayenin, kənd təsərrüfatının, energetikanın və nəqliyyat infrastrukturunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və investisiya mühitinin yaxşılaşdırılması Özbəkistanın beynəlxalq nüfuzunu daha da artırıb.
Bəyanatda Azərbaycan–Özbəkistan iqtisadi əlaqələrinin dinamik inkişafına xüsusi diqqət yetirildi. Ticarət dövriyyəsinin yaxın illərdə 1 milyard ABŞ dollarına çatdırılması artıq uzaq perspektiv kimi deyil, real hədəf kimi təqdim olunur. Enerji, nəqliyyat, investisiya, turizm, avtomobil sənayesi, kənd təsərrüfatı, emal, bankçılıq və dağ-mədən sahələrində həyata keçirilən birgə layihələr əlaqələrin çoxşaxəli xarakterini göstərir. SOCAR-ın Özbəkistan bazarına daxil olması və neft-qaz kəşfiyyatı üzrə layihələrin yeni mərhələyə keçməsi də iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindəndir. Dövlət başçısı Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın genişlənməsində Özbəkistanın xüsusi rolunu vurğulayaraq Azərbaycan və Mərkəzi Asiyanı böyük potensiala malik vahid geosiyasi və geoiqtisadi məkan kimi xarakterizə etdi. Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafı yalnız ikitərəfli əlaqələr üçün deyil, bütövlükdə regionun iqtisadi və siyasi inteqrasiyası üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycan və Özbəkistan arasında münasibətlərin mühüm xüsusiyyəti onların yalnız iqtisadi maraqlara deyil, möhkəm mənəvi və tarixi bağlara söykənməsidir. Prezident İlham Əliyev bu münasibətlərin həm mənəvi, həm də maddi təməl üzərində qurulduğunu bildirdi. Qarabağın bərpası prosesində Özbəkistanın göstərdiyi qardaş dəstəyi bunun əyani nümunəsidir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası və Xankəndidə tikiş fabrikinə investisiya qoyulması Özbəkistanın Azərbaycanın bərpa-quruculuq prosesində fəal iştirakının göstəriciləridir. Bu gün iki ölkə arasında əməkdaşlıq konkret layihələr və dəqiq fəaliyyət planları əsasında daha da genişlənir. Regionlararası əməkdaşlığın inkişafı, investisiya fondunun imkanlarından istifadə, turizm və avtomobil sənayesinə qarşılıqlı investisiyalar əlaqələrin gələcəkdə daha böyük iqtisadi nəticələr verəcəyini göstərir.
Prezident İlham Əliyevin bəyanatı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakter daşıdığını bir daha təsdiqləyir. Qarşılıqlı etimad, qardaşlıq və ortaq maraqlar üzərində qurulan bu münasibətlər gələcəkdə də hər iki ölkənin inkişafına, xalqlarımızın rifahına və Mərkəzi Asiya–Cənubi Qafqaz əməkdaşlığının möhkəmlənməsinə mühüm töhfə verəcək.

Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi – Əsgər Hüseynov

Tarixi ədalətin təntənəsi.           Hər il 26 avqust Azərbaycanda Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar gün ...
24/08/2026

Tarixi ədalətin təntənəsi.

Hər il 26 avqust Azərbaycanda Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar gün Laçının tarixini, işğal və azadlıq dövrünü, eləcə də şəhərin bu gün sürətlə inkişaf edən simasını bir daha xatırlamaq baxımından mühüm əhəmiyyət daşıyır. Laçının tarixi qədim və zəngindir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılaraq şəhər statusu alıb. 1930-cu il avqustun 8-də Laçın rayonu yaradılıb və rayonun inzibati mərkəzi Laçın şəhəri olub. Ərazisi zəngin təbiəti, dağları, meşələri və yaylaqları ilə seçilən Laçın strateji mövqeyinə görə Azərbaycanın mühüm bölgələrindən biridir. 1992-ci il mayın 18-də Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayonun əhalisi doğma yurdlarından didərgin salınıb, yüzlərlə insan həlak olub və itkin düşüb. Rayonun sosial, mədəni və iqtisadi infrastrukturu dağıdılıb, tarixi-mədəni irsə ciddi ziyan vurulub. Laçının işğalı Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin yaranmasına səbəb olmuş və Azərbaycanın sonrakı ərazi itkilərinə ciddi təsir göstərmişdir. 2020-ci ildə Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər Laçının da taleyində yeni mərhələnin başlanğıcını qoydu. Üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Bu hadisə Laçın tarixində tarixi ədalətin bərpası kimi qiymətləndirilir. 2023-cü il mayın 28-dən başlayaraq laçınlıların doğma yurdlarına qayıdışı təmin edilir.
Hazırda Laçında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yeni yaşayış binaları, məktəblər, sosial obyektlər, yollar və istehsal müəssisələri yaradılır. Laçının 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Plan əsasında müasir və rahat şəhər mühiti formalaşdırılır. Şəhərdə “15 dəqiqəlik şəhər” prinsipi tətbiq olunmaqla yaşayış, sosial və xidmət obyektlərinin sakinlər üçün əlçatanlığı təmin edilir. Laçının inkişafında yaşıl enerji layihələri də xüsusi yer tutur. Rayonda bir sıra su elektrik stansiyaları istifadəyə verilib və yeni SES-lərin tikintisi davam etdirilir. Hazırda rayonun elektrik tələbatının tam olaraq yaşıl enerji hesabına qarşılanması istiqamətində mühüm nəticələr əldə olunub. Bundan əlavə, Laçın Beynəlxalq Hava Limanının 2025-ci il mayın 28-də istifadəyə verilməsi rayonun nəqliyyat və turizm imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
Laçının iqtisadi potensialının artırılması məqsədilə sənaye və aqro-sənaye müəssisələri yaradılır. Mebel, tekstil və ayaqqabı istehsalı, balıqçılıq, heyvandarlıq və digər sahələr üzrə yeni müəssisələrin fəaliyyətə başlaması əhalinin məşğulluğuna və rayon iqtisadiyyatının inkişafına xidmət edir. Turizm üçün də geniş imkanlar yaradılır. İstirahət kompleksləri, bulvar, parklar və digər turizm infrastrukturu Laçının gələcəkdə Azərbaycanın əsas turizm mərkəzlərindən birinə çevrilməsinə şərait yaradır. Laçının mədəni həyatı da yeni inkişaf mərhələsinə qədəm qoyub. 2025-ci ildə şəhərin “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi onun beynəlxalq mədəni əhəmiyyətini daha da artırıb. Bu status Laçının zəngin tarixi, mədəniyyəti və təbii gözəlliklərinin daha geniş auditoriyaya tanıdılmasına imkan yaradıb.
Bu gün Laçın yalnız işğaldan azad edilmiş bir şəhər deyil, həm də Azərbaycanın quruculuq və inkişaf iradəsinin rəmzlərindən biridir. Doğma yurdlarına qayıdan sakinlərin burada yeni həyat qurması, müasir infrastrukturun yaradılması və iqtisadi-mədəni potensialın inkişaf etdirilməsi Laçının gələcəyinə böyük inam yaradır.

Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndə – Vidadi Cəbiyev

Dövlətlərimiz arasında siyasi dialoq çox yüksək səviyyədədir.          Azərbaycanın dünyanın əksər dövlətləri ilə ikitər...
22/08/2026

Dövlətlərimiz arasında siyasi dialoq çox yüksək səviyyədədir.

Azərbaycanın dünyanın əksər dövlətləri ilə ikitərəfli münasibətləri onun dünyəvi siyasi nüfuzunun səviyyəsinin göstəricisidir. Bu münasibətlər sosial həyatın əksər sahələrini əhatə etdiyinə görə siyasi münasibətlər müstəvisində qarşılıqlı iqtisadi inkişafın zəmanətinin tərkib hissələrindən biri olub. Azərbaycanın türkdilli dövlətlərlə münasibətləri daha dinamikdir, daha həssasdır, təkcə siyasi baxımdan deyil, həm də milli çalarlar baxımından. Azərbaycanla Özbəkistan arasında münasibətlər də məhz bu ülgüdə inkişaf edib, inkişaf etməkdədir. Azərbayan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə də bunun təsdiqidir.
Azərbaycanla Özbəkistan arasında münasibətlərin dərin qarşılıqlı rəğbətə əsaslandığını, bu iki dövlət arasında ortaq tarixin, mədəniyyətin, mənəvi dəyərlərin olduğunu, bu münasibətlərin son illərdə yüksək inkişaf səviyyəsinə çatdığını xatırladan dövlət başçımız bu iki dövlət arasında siyasi dialoqun da yüksək səviyyədə olduğunu bildirərək dedi: “2024-cü ilin avqustunda mənim Özbəkistana dövlət səfərim, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri oldu. Bu ikitərəfli səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, xüsusən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı”.
Dövlət başçımız müsahibəsində ötən illərdə Azərbaycanla Özbəkistan arasında davam etmiş münasibətlərin coğrafiyasını da xatırlatdı, bu xatırlatma ehtiram idi, tərəfdaşlığın daha da yüksəlişinin inamı idi. İkitərəfli münasibətlər üçün belə bir tərəfdaşlıq həmişə böyük uğurlar deməkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində qürurla bu məqamdan da söz açdı: “ 2023-cü ilin avqust ayında təsis edilmiş Ali Dövlətlərarası Şura Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrildi. Bu platforma ölkələrimiz arasında uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirməyə, yeni təşəbbüslərin təşviqinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli şəkildə əlaqələndirilməsinə xidmət edir. Şuranın artıq Daşkənddə və Bakıda keçirilən iki iclası Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək inkişaf tempini, siyasi dialoqun ardıcıllığını və ölkələrimizin perspektivə hesablanmış birgə fəaliyyət əzmini nümayiş etdirir. Bu gün siyasi münasibətlərimiz iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir. Həyata keçirilən layihələr ölkələrimizin iqtisadi potensialını birləşdirməklə yanaşı, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir. Əminəm ki, qarşıdakı səfər də ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, yeni birgə təşəbbüslərin həyata keçirilməsi və müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyətə malik olacaq”.
Üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrildiyini, Hökumətlərarası Komissiyanın iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələrin inkişafında mühüm rol oynadığını, Özbəkistanın OZLITINEFTGAZ institutu ilə “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsinin 2016-cı ildən bəri neft-qaz sahəsində uğurla fəaliyyət göstərdiyini, xalqlarımızın qarşılıqlı səyləri və dövlətlərimizin birgə dəstəyi sayəsində son illərdə mədəni-humanitar əlaqələrin uğurla inkişaf etdiyini, ... bildirən dövlət başçımız dedi ki, “Azərbaycan ilə Özbəkistan arasında ortaq köklərə, dil və mədəni yaxınlığa, əsrlər boyu formalaşan mənəvi dəyərlərə əsaslanan mədəni və humanitar əməkdaşlıq münasibətlərin ayrılmaz və vacib sahəsidir. Bu sahədə həyata keçirilən əməkdaşlıq xalqlarımız arasında qarşılıqlı anlaşmanın, etimadın, dostluğun və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verir, humanitar əlaqələri yeni məzmunla zənginləşdirir. Xalqlarımızın qarşılıqlı səyləri və dövlətlərimizin birgə dəstəyi sayəsində son illərdə mədəni-humanitar əlaqələr uğurla inkişaf edir. Birgə keçirilən mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər və təhsil proqramları iki ölkə arasında mədəni və humanitar gündəliyin möhkəmlənməsində xüsusi rol oynayır. 2023-cü və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib, həmin il Xivə şəhərində “Şuşa Günləri” keçirilib. Özbəkistandan gələn geniştərkibli nümayəndə heyəti Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsində iştirak edib. Biz fəxr edirik ki, qardaş ölkəmizin ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biri olan Özbəkistan Milli Pedaqoji Universiteti dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyır. Keçən il əziz qardaşım Prezident Şavkat Miromonoviçlə birlikdə Bakının mərkəzində təməlini qoyduğumuz 5 hektar sahəsi olan “Özbəkistan” parkı qardaşlığımızın daha bir rəmzinə çevriləcək. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən təşəbbüslər və layihələr iki ölkə arasında mədəni və humanitar əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyətə malikdir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə, nəqliyyat və kommunikasiya imkanlarının artırılmasına, həmçinin enerji və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini də xatırladaraq məşvərət görüşləri çərçivəsində aparılan diskussiyaların region ölkələri arasında qarşılıqlı etimadı daha da gücləndirməyə, yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə və regional inkişaf naminə mühüm təşəbbüsləri həyata keçirməyə imkan verdiyini də qeyd etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki dövlət arasında münasibətlərin mahiyyətini, onun istiqamətlərini, istiqamətlərin haradan qaynaqlandığını bir daha göstərmiş oldu.

Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi – Əsgər Hüseynov

Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək.          Avqustun 11-də Prezident İlham Əliyevin Naxçıvan Mu...
14/08/2026

Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək.

Avqustun 11-də Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri və səfər çərçivəsində verdiyi müsahibədə səsləndirdiyi fikirlər göstərir ki, Naxçıvanın inkişafına artıq yalnız bir regionun sosial-iqtisadi tərəqqisi kontekstində deyil, Azərbaycanın uzunmüddətli geosiyasi və geoiqtisadi strategiyasının mühüm tərkib hissəsi kimi yanaşılır.
Dövlət başçısının mesajlarından aydın görünür ki, qarşıdakı dövrdə Naxçıvanın həm ölkə daxilində, həm də bütövlükdə regionda rolu əhəmiyyətli dərəcədə artacaq. Naxçıvanın coğrafi mövqeyi uzun illər müəyyən məhdudiyyətlər yaratsa da, bu gün həmin mövqe böyük strateji üstünlüyə çevrilməkdədir. Azərbaycan, Türkiyə, Cənubi Qafqaz və daha geniş mənada Mərkəzi Asiya–Avropa xəttinin kəsişməsində yerləşən Naxçıvan yeni nəqliyyat və enerji xəritəsinin mühüm qovşaqlarından biri olmaq potensialına malikdir.
Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən mühüm məqamlardan biri Naxçıvanın inkişafının Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq prosesi ilə vahid strateji baxış çərçivəsində təqdim edilməsidir. Dövlət başçısı yaşıl enerji, kənd təsərrüfatı, suvarma, turizm və infrastruktur istiqamətlərində görülən işlərdən danışaraq bu bölgələrin iqtisadi baxımdan bir-biri ilə əlaqələndiriləcəyini vurğulayıb. Bu yanaşma faktiki olaraq Azərbaycanın qərb bölgələrindən Naxçıvana qədər uzanan yeni iqtisadi inkişaf məkanının formalaşdırılması deməkdir.
Burada nəqliyyat kommunikasiyalarının açılması xüsusi strateji əhəmiyyət daşıyır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin olunması təkcə ölkəmizin daxili kommunikasiya məsələsi deyil. Bu, eyni zamanda Türkiyə ilə Azərbaycan arasında əlaqələri daha da gücləndirəcək, Orta Dəhlizin imkanlarını genişləndirəcək və Mərkəzi Asiyadan Avropaya uzanan nəqliyyat-logistika sisteminə yeni imkanlar yaradacaq.
Prezidentin müsahibəsində qeyd etdiyi kimi, yeni kommunikasiya imkanlarından regionun digər dövlətləri, o cümlədən Ermənistan da istifadə edə bilər. Dövlət başçısının bu məsələdə ortaya qoyduğu yanaşma çox aydındır: yeni əməkdaşlıq modelində iqtisadi və nəqliyyat baxımından uduzan tərəf olmamalıdır.
Naxçıvanın inkişaf strategiyasının digər mühüm istiqaməti enerji sektorudur. Muxtar Respublikanın günəş enerjisi potensialı, burada həyata keçirilən yeni enerji layihələri Naxçıvanın gələcəkdə “yaşıl enerji” istehsalı və ixracı mərkəzlərindən birinə çevrilməsi üçün ciddi imkanlar yaradır. Naxçıvan üzərindən Türkiyəyə və oradan Avropa istiqamətinə enerji bağlantılarının inkişafı bu bölgənin əhəmiyyətini milli sərhədlərdən kənara çıxarır.
Eyni zamanda, Naxçıvanda sənayeləşmə, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatı, su təminatı, turizm və sosial infrastruktur üzrə həyata keçirilən layihələr kompleks xarakter daşıyır. Burada əsas məqsəd təkcə yeni obyektlərin tikilməsi deyil, uzunmüddətli və dayanıqlı iqtisadi modelin formalaşdırılmasıdır.
Prezident İlham Əliyevin Naxçıvan şəhərinin və bütövlükdə Muxtar Respublikanın inkişafı ilə bağlı Baş Planlara xüsusi diqqət yetirməsi də bu baxımdan mühüm məqamdır. Söhbət gələcək onillikləri əhatə edən sistemli şəhərsalma və regional inkişaf modelindən gedir. Yəni bugünkü layihələr Naxçıvanın gələcək iqtisadi və demoqrafik inkişaf perspektivləri nəzərə alınmaqla həyata keçirilir.
Naxçıvanın tarixi və mədəni potensialının qorunması da bu inkişaf modelinin ayrılmaz hissəsidir. Möminə xatun türbəsi kimi dünya əhəmiyyətli memarlıq abidələrinin bərpası, Əcəmi Naxçıvani irsinə göstərilən diqqət, tarixi-mədəni məkanların yenilənməsi Naxçıvanın beynəlxalq turizm potensialının daha geniş şəkildə təqdim olunmasına imkan verəcək.
Bütövlükdə Prezident İlham Əliyevin Naxçıvan səfəri və müsahibəsində verdiyi mesajlar bir strateji nəticəni ön plana çıxarır: Naxçıvan Azərbaycanın yeni regional siyasətində periferik coğrafiya deyil, əksinə, ölkəmizin Şərqlə Qərbi, Azərbaycanla Türkiyəni və daha geniş mənada Türk dünyasını birləşdirən əsas strateji məkanlardan birinə çevrilir.
Azərbaycanın yaratdığı yeni reallıqlar şəraitində Naxçıvan nəqliyyat və logistika qovşağı, yaşıl enerji mərkəzi, sənaye və ticarət platforması, eyni zamanda mühüm turizm məkanı kimi inkişaf etdirilir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın vahid iqtisadi və kommunikasiya məkanında birləşdirilməsi isə Azərbaycanın regional gücünü və tranzit imkanlarını daha da artıracaq.
Bu baxımdan Prezidentin Naxçıvana səfəri yalnız görülmüş işlərin təqdimatı deyil, Naxçıvanın gələcək onilliklərdə Azərbaycanın regional və qlobal mövqeyində tutacağı yerin strateji konturlarının nümayişidir.

Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndə – Vidadi Cəbiyev

Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq.          Azərbaycan Respublikasın...
03/08/2026

Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2026-cı ildə Qırğızıstan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin tarixində mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və dövlət başçısının mətbuata verdiyi bəyanat Azərbaycan–Qırğızıstan əlaqələrinin artıq müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha təsdiqlədi. Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, müttəfiqlik münasibətləri böyük məsuliyyət tələb edir və Azərbaycan bu məsuliyyəti bölüşməyə tam hazırdır. Dövlət başçısı bildirdi ki, hər iki ölkə beynəlxalq təşkilatlarda, iqtisadi-ticari əməkdaşlıqda, təhlükəsizlik sahəsində və digər strateji istiqamətlərdə bundan sonra da bir-birini dəstəkləyəcək. Onun sözlərinə görə, səfər zamanı imzalanan sənədlər əməkdaşlığın geniş istiqamətlərini əhatə edir və əldə olunan razılaşmaların uğurla həyata keçiriləcəyinə tam əminlik var.
Səfərin mühüm nəticələrindən biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması barədə razılıq oldu. Prezident İlham Əliyev qeyd etdi ki, Fondun fəaliyyəti artıq konkret layihələrlə zənginləşir, Qırğızıstanda həyata keçirilən investisiya layihələri yeni istehsal müəssisələrinin yaradılmasına, məşğulluğun artırılmasına və iqtisadi potensialın daha da möhkəmlənməsinə xidmət edir. Dövlət başçısı bu məbləğin gələcəkdə daha da artırılmasının mümkünlüyünü də istisna etmədi.
Səfər çərçivəsində İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa edilmiş “Baku Resort & Spa” beşulduzlu mehmanxanasının açılışı da baş tutdu. “Bakı” adını daşıyan bu müasir turizm kompleksi Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi əməkdaşlığın və dostluğun daha bir rəmzi kimi dəyərləndirilir.
Prezident İlham Əliyev Qarabağın bərpasına göstərilən qardaş dəstəyini yüksək qiymətləndirərək qeyd etdi ki, Ağdam rayonunda inşa edilmiş “Manas” adına məktəb Qırğızıstanın Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirilən yenidənqurma prosesinə mühüm töhfəsidir. Dövlət başçısı bu layihəni xalqlarımızın qardaşlığının və qarşılıqlı etimadının parlaq nümunəsi adlandırdı.
Bəyanatda humanitar və mədəni əlaqələrə də xüsusi yer ayrıldı. Prezident İlham Əliyev Bakıda böyük qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin və onun adını daşıyan parkın açılışını, eləcə də Bişkekdə Qırğızıstan–Azərbaycan Dostluq Parkının yaradılmasını iki xalqın mənəvi yaxınlığının ifadəsi kimi qiymətləndirdi. Qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, ortaq tarixi və mədəni dəyərlərin təbliği xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Dövlət başçısı, həmçinin Mərkəzi Asiya ölkələrinin liderlərinə Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul olunmasına göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi. Bu qərar Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, region dövlətləri arasında əməkdaşlığın genişlənməsinə də mühüm töhfə verəcək.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycan və Qırğızıstanı yalnız ortaq tarix, dil və mədəniyyət deyil, həm də qarşılıqlı etimad, strateji maraqlar və gələcəyə hesablanmış birgə inkişaf məqsədləri birləşdirir. Müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi, iqtisadi layihələrin genişləndirilməsi, humanitar əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq platformalarda qarşılıqlı dəstək iki qardaş ölkənin əməkdaşlığını keyfiyyətcə yeni mərhələyə yüksəldir.

Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi – Əsgər Hüseynov

Azərbaycan dilinin inkişafında mühümrol oynamış vacib qanunverici təşəbbüs.          Dil millətin ən əsas milli dəyəri v...
31/07/2026

Azərbaycan dilinin inkişafında mühümrol oynamış vacib qanunverici təşəbbüs.

Dil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur. Çünki milli varlığımızı mədəni təməllərə bağlayan dilimizdir. Bu dil millətimizin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas amillərdən biridir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Çünki bir milləti ayaqda tutan milli dəyərlərin başında dil gəlir. Millətin milli dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur.
Bütün əsrlərdə böyük mütəfəkkirlər dilimizə layiq olduğu dəyəri vermişlər. Hələ XI əsrdə Mahmud Kaşğarlı dilimizin ərəbcədən, XV əsrdə Əlişir Nəvai farscadan zəngin, gözəl, qüdrətli və şirin bir dil olduğunu isbat etmişdir. Qədim və orta əsrlərdə ən ali məqamlarda yad dillərin hökmranlıq sürdüyü dönəmdə - XIII əsrdə İzzədin Həsənoğlu qəzəllərini o dövrün “hakim” dillərində deyil, məhz ana dilində yazmağa üstünlük verdi. İmadəddin Nəsiminin fəlsəfi şeirləri, Qazi Bürhanəddinin tuyuğları, Şah İsmayıl Xətainin divanı, ustad Füzulinin “nəzmi-nazik” poetik inciləri məhz Azərbaycan dilində yazılıb, ana dilimizin bütün gözəlliklərini, zəriflik və incəliklərini, insan ruhunu ovsunlayan musiqili təsirini özündə əks etdirib. Ona görə ki, hər millətin mədəniyyətinin böyüklüyü sözlüyündə olan kəlmə xəzinəsi, yəni lüğət tərkibinin zənginliyi ilə ölçülür. Milli sərvətimiz olan dilimizi ağırlaşdırmamaq, yadlaşdırmamaq, təmizliyini qorumaq, onu zənginləşdirmək qayğısına qalmaq hər birimizin vətəndaşlıq borcudur. Bütün dönəmlərdə ziyalılarımız, xüsusilə də şair və yazıçılarımız Azərbaycan dilinin saflığı uğrunda qətiyyətlə mübarizə aparıblar. Lüğət tərkibinin məna çalarlarının zənginliyinə görə, dünyanın ən mədəni xalqlarının dil səviyyəsinə yüksəlmiş ana dilimizin mühafizəsi ilə əlaqədar milli ruhlu ziyalılar əllərindən gələni əsirgəmədilər. Səməd Vurğun, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Əli Tudə, Anar, Xəlil Rza Ulutürk, Məmməd Araz dillə bağlı möhtəşəm əsərlər yaratdılar. Xalq yazıçısı Mirzə İbrahimov dil uğrunda mübarizədə dövrün ziddiyyətləri, təzyiqləri ilə üzləşərək vəzifəsindən azad edildi, sərt münasibətlərlə üzləşdi, amma əqidəsindən dönmədi. Zaman böyük yazıçının arzularını təsdiqlədi. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsində böyük xidmətlər göstərdi. Dilin inkişafı ilə bağlı Ulu Öndərin müntəzəm olaraq verdiyi fərman və sərəncamlarda, eləcə də tövsiyələrdə, çıxış və məruzələrdə vaxtaşırı bu məsələdə ortaya çıxan ciddi problemlərin həlli vacib sayılırdı.
Hər bir milli dəyər, ələlxüsus da, ana dili nə qədər xalqın keçmişini, qədimliyini özündə əxz etdirsə də, dövlət və rəhbərlik qayğısı olmadan ikinci planda durur və məişət dili səddini keçə bilmir, ali məqamlarda təmsil olunma iqtidarından məhrum olur. Milli dəyərlərimizə fəaliyyəti boyu himayədarlıq edən böyük rəhbərimiz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldiyi elə ilk gündən ana dilimizə layiq olduğu statusu verdi və bunu bütün fəaliyyəti boyu ən yüksək səviyyədə davam etdirdi.
Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub. Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edir. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açır və kürsü dili səviyyəsinə qalxır.
Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. Zamanına görə, sərt sovet ideologiyası şəraitində əsl qəhrəmanlıq və uzaqgörənlik nümunəsidir. Həmin dövrdə Azərbaycanda ana dili - dövlət dili uğrunda mübarizə milli istiqlal mübarizəsinin ana xəttini təşkil edib.
Müstəqillik ərəfəsi və onun ilk illərində dilin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indi də təəssüf doğurur. 1995-ci ildə qəbul edilən konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 2001-ci il iyunun 18-də Ümummilli Lider Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Bu sənəd ana dilimizin inkişafı üçün böyük imkanlar yaratdı. Həmçinin, Ulu Öndərin Azərbaycan Respublikasına rəhbərliyinin müstəqillik dövrünü əhatə edən ikinci mərhələsində “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” (9 avqust 2001-ci il) sərəncamı yeni tarixi mərhələdə dövlət dili siyasətinin miqyasını daha da genişləndirib.
Xalqın dilinin inkişaf etdirilməsinə, zənginləşdirilməsinə göstərilən diqqət və qayğı onun milli-mənəvi varlığının qorunub saxlanılması və daha da möhkəmləndirilməsi deməkdir. Bu mənada son yarım əsrdə Azərbaycanda ardıcıl olaraq dövlət dili siyasətinin uğurla həyata keçirilməsi xalqın təkamülündə dil faktoruna verilən böyük önəmi qabarıq şəkildə nəzərə çarpdırır.
Bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il və “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də milli ana dilimizin inkişafına böyük qayğının təzahürüdür. Eyni zamanda çoxəsrlik Azərbaycan ədəbiyyatı və xarici ölkə ədəbiyyatı nümayəndələrinin böyük tirajla nəşr edilib yayılması mühüm tarixi hadisədir.
Ana dilimiz əsrlərin qan yaddaşı, daş hafizəsidir. Heç bir dilin təsirində əriməyən, şirinliyini, axıcılığını, anlaşıqlılığını itirməyən, illər, əsrlər keçdikcə daha da cilalaşan və öz layiqli qiymətini alan dildir. Bizim hər birimiz bu dilin saflığının qorunmasının qayğısına qalmalıyıq.

Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi – Əsgər Hüseynov

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var.           İyul...
22/07/2026

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var.

İyul ayının 20-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlmişdir. Bu səfər təkcə iki ölkə arasında növbəti diplomatik təmas deyil, dəyişən qlobal reallıqlar şəraitində Avropanın və xüsusilə onun iqtisadi cəhətdən aparıcı dövləti olan Almaniyanın Cənubi Qafqaza münasibətdə olan diqqətin təzahürüdür. Bu gün Avropada baş verən qlobal böhranlar, logistik problemlər və enerji təhlükəsizliyi ilə bağlı yaşanan çətinliklər fonunda Berlin və Bakı arasında qurulan bu ali səviyyəli dialoq tərəfdaşlıq münasibətlərini keyfiyyətcə yeni bir mərhələyə daşıyır.
Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin tarixinə nəzər salsaq görərik ki, əlaqələrin inkişafında ən mühüm dönüş nöqtəsi Ulu Öndər Heydər Əliyevin 1996-cı il iyulun 1-4-də Almaniyaya etdiyi tarixi səfər olub. Həmin səfər müstəqilliyini yenicə bərpa etmiş gənc Azərbaycan dövlətinin Avropanın ən böyük güclərindən biri ilə uzunmüddətli tərəfdaşlıq strategiyasının təməlini qoydu. Həmin səfər çərçivəsində Ulu Öndər Almaniyanın o zamankı siyasi rəhbərləri ilə keçirdiyi görüşlərdə ilk addımlarını atan Azərbaycanın müstəqil xarici siyasət kursunun Avropada qəbul olunmasını təmin etdi, “Deutsche Bank”, “Siemens”, “Thyssen” və “Mercedes-Benz” kimi sənaye və maliyyə nəhəngləri ilə fundamental razılaşmalar əldə olundu və Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyasının və irimiqyaslı investisiya cəlbinin hüquqi-praktiki təməlini qoydu.
İki dövlət arasında münasibətlər son illərdə intensivləşən qarşılıqlı səfərlərlə daha da möhkəmlənib. Prezident İlham Əliyevin 2024-cü ilin aprelində Almaniyaya uğurlu səfəri, həmçinin dövlətimizin başçısının ənənəvi olaraq Münxen Təhlükəsizlik Konfransında fəal iştirakı siyasi dialoqun daimi xarakter daşıdığını göstərir. İkitərəfli münasibətlərdə dərin qarşılıqlı etimadın ən bariz nümunələrindən biri kimi, Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayerin 2025-ci ilin aprelində Bakıya reallaşan səfəri xüsusi əhəmiyyət daşıyır. Bu ardıcıllıq göstərir ki, Berlin regional sabitlik və qlobal layihələrdə Bakını əvəzedilməz tərəfdaş kimi görür.
Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmətə, milli maraqlara və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və çoxqütblü xarici siyasət kursu son illərdə ölkəmizin həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Bu siyasətin növbəti mühüm nəticəsi Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Kansleri Fridrix Merts ilə imzalanan “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” oldu. Bu sənəd Azərbaycan-Almaniya münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Bəyannamə iki ölkə arasında əməkdaşlığı ayrı-ayrı sahələr üzrə münasibətlərdən çıxararaq vahid strateji çərçivəyə salır və siyasi dialoq, iqtisadiyyat, enerji, təhlükəsizlik, elm, texnologiya, təhsil və humanitar əməkdaşlıq istiqamətlərini uzunmüddətli inkişaf konsepsiyası ətrafında birləşdirir.
Almaniya İtaliyadan sonra Azərbaycanın Qərbi Avropanın böyük dövlətləri ilə strateji çərçivə sənədi imzaladığı ikinci ölkədir. Bu, Azərbaycanın Avropanın aparıcı siyasi və iqtisadi gücləri ilə münasibətlərinin dərinləşməsinin ardıcıl xarakter aldığını nümayiş etdirir.
Avropa İttifaqının aparıcı siyasi və iqtisadi lokomotivi olan Almaniya Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə, Berlinlə strateji gündəliyin formalaşdırılması yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri üçün mühüm siyasi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, imzalanan Birgə Bəyannamədə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyəti ayrıca vurğulanır. Almaniyanın bu yanaşmanı açıq şəkildə dəstəkləməsi Azərbaycanın Avropa ilə əməkdaşlığının daha da genişləndirilməsinə verilən mühüm siyasi dəstəyin ifadəsidir. Həmçinin Bəyannamədə yenilənmiş Azərbaycan-Avropa İttifaqı Tərəfdaşlıq Prioritetlərinə açıq dəstəyin ifadə olunması Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yeni mərhələsinə verilən töhfə kimi qiymətləndirilə bilər. Bu yanaşma tərəflər arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri, yaşıl enerji və rəqəmsal transformasiya kimi istiqamətlərdə əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradır.
Almaniyanın Azərbaycanın Avropa ilə əməkdaşlığının genişləndirilməsinə verdiyi dəstək, eyni zamanda, ölkəmizin bu region üçün etibarlı tərəfdaşı kimi artan nüfuzunun göstəricisidir. Son illər Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında, həmçinin regional sabitliyin və əməkdaşlığın təşviqində oynadığı rol Avropa dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Bu baxımdan, Almaniya ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması Azərbaycanın Avropa siyasi və iqtisadi məkanında mövqelərinin daha da möhkəmlənməsinə, Avropa İttifaqı ilə qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmun qazanmasına xidmət edən mühüm addım kimi dəyərləndirilə bilər.
Birgə Bəyannamənin ən mühüm xüsusiyyətlərindən biri əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsidir. Sənəddə yüksəksəviyyəli siyasi dialoqun davam etdirilməsi, nazirlər arasında məsləhətləşmələrin keçirilməsi və Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur. Bu mexanizmlər münasibətlərin davamlı və sistemli inkişafını təmin edəcək.
Enerji sahəsi strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Lakin yeni sənəd bu əməkdaşlığı ənənəvi qaz ixracı ilə məhdudlaşdırmır. Yaşıl enerji, aşağı karbonlu hidrogen, enerji səmərəliliyi, bərpaolunan enerji mənbələri və iqlim gündəliyi əməkdaşlığın yeni prioritetləri kimi müəyyən edilir. Bu yanaşma Azərbaycanın Almaniyanın enerji keçidi strategiyasında mühüm tərəfdaş kimi rolunu gücləndirir və ölkəmizin yaşıl iqtisadiyyata keçid istiqamətində reallaşdırdığı siyasətin beynəlxalq dəstək qazandığını nümayiş etdirir.
İqtisadi əməkdaşlıq da yeni məzmun qazanır. Sənəddə ticarət dövriyyəsinin artırılması ilə yanaşı, qarşılıqlı investisiyaların təşviqi, sənaye əməkdaşlığı, logistika, nəqliyyat bağlantıları və davamlı iqtisadi inkişaf sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Almaniyanın yüksək texnologiyalar və innovasiya sahəsində təcrübəsi Azərbaycanın iqtisadi modernləşmə siyasəti ilə uzlaşır və yeni imkanlar yaradır.
Birgə Bəyannamədə ilk dəfə olaraq təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq ayrıca strateji istiqamət kimi öz əksini tapır. Müdafiə sənayesi, hərbi təhsil müəssisələri arasında əməkdaşlıq, ekspert və tələbə mübadiləsi, mina təmizlənməsi, kibertəhlükəsizlik və transmilli təhdidlərə qarşı birgə fəaliyyət münasibətlərin daha geniş təhlükəsizlik müstəvisinə keçdiyini göstərir. Almaniyanın Azərbaycan-Ermənistan normallaşma prosesinə və regionda davamlı sülhün təmin olunmasına dəstəyi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə yalnız Azərbaycan ilə Almaniya arasında münasibətlərin inkişafını əks etdirən sənəd deyil. Bu, Azərbaycanın Avropanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan uzunmüddətli əməkdaşlıq siyasətinin yeni mərhələsini ifadə edir və ölkəmizin Avropanın siyasi, iqtisadi və enerji məkanında etibarlı, proqnozlaşdırılabilən, məsuliyyətli tərəfdaş statusunu daha da möhkəmləndirir. Eyni zamanda, bu strateji sənəd Prezident İlham Əliyevin qlobal müstəvidə həyata keçirdiyi uğurlu xarici siyasətin geniş miqyasını və Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu bir daha nümayiş etdirir.

Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi – Əsgər Hüseynov

Address

Ucar Rayonu, Boyat Kəndi
Udzhary
AZ6115

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994202165348

Website

Alerts

Be the first to know and let us send you an email when Ucar RİHB-nın Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ucar RİHB-nın Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi:

Shortcuts

Share