08/08/2026
XAÇMAZ - 96
Bugün doğma Xaçmazımızın, şimal incisinin yaranmağının 96 ili tamam olur.
Azərbaycanın dilbər guşələrindən olan, qədim tarixə malik Xaçmaz respublikamızın şimal bölgəsində yerləşən sərhəd rayonlarından biridir. 1930-cu ildə inzibati rayon kimi təşkil olunub. Xaçmaz rayonu ərazisi 1,06 min kv.km olmaqla 2 şəhər, 12 qəsəbə və 137 kəndlə birlikdə 151 yaşayış məntəqəsindən ibarətdir, əhalisi 174377 nəfərdir. Rayonda 22 xalqın nümayəndəsi mehriban şəraitdə yaşayır.
Xaçmaz rayonu Quba, Qusar, Şabran rayonları, Rusiya Federasiyası və Xəzər dənizi ilə həmsərhəddir.
Böyük multikultural ənənələrə malik bu torpaqda azərbaycanlılarla yanaşı 22 xalq və etnik qrupdan olan millətlərin nümayəndələri yaşayırlar.
Xaçmaz rayonu respublikamızda inkişaf etmiş iqtisadiyyatı, kənd təsərrüfatı, sənayesi, əsrarəngiz Yalama–Nabran istirahət zonası və Şollar suyu ilə məşhurdur.
Coğrafi baxımdan Xaçmaz rayonunun yerləşdiyi ərazi uca Qafqaz dağları ilə Xəzər dənizinin arasında olan dar keçiddədir. Bura əsasən düzənlikdən ibarət olmaqla, Samur-Dəvəçi ovalığına aiddir.
İqlim baxımından yayı quraq, mülayim-isti, qışı isə mülayim-soyuq olmaqla, yağıntılı keçir. Bol sulu çayları, münbit torpağı, meyvəli meşələri, bağları Xaçmaz rayonunun ərazisində ta qədimdən insanların yaşamasını mümkün etmişdir.
Xaçmazın qədim tarixinin şanlı səhifələri zaman-zaman öyrənildikcə məmləkətimizin qəhrəmanlıq tarixi gözlərimiz önündə canlanır.
Qədim tarixi İpək yolunun üstündə yerləşən, şərqdən qərbə, şimaldan cənuba karvanların axın-axın keçdiyi, səyyahların dolaşdığı, bir çox elmi və tarixi mənbələrdə adı Müşkür mahalı kimi çəkilən bu torpaq müasir Xaçmazın əhatə etdiyi ərazidir.
Xaçmaz rayonu Azərbaycanın şimal bölgəsindəki qədim tarixə malik olan yurd yerlərimizdəndir. Bu bölgədən tapılmış maddi mədəniyyət nümunələri, tarixi memarlıq abidələri, muzeyimizdə nümayiş etdirilən paleontoloji daş nümunələr ibtidai insanların bu ərazidə yaşadığını sübut edən amillərdəndir.
Rayonun Tel kəndindən cilalanmış daş baltaların, Sərkərtəpə kurqanından daş və sümükdən hazırlanmış əmək alətlərinin, Çanaxır kurqanından isə toxuculuq və
əyiricilik dəzgahının hissələrinin tapılması bu ərazidə ta qədimdən insanların müxtəlif əmək və sənət sahələri ilə məşğul olduğunu təsdiq edir.
Tarixçi alimlərin araşdırmalarına görə qədim dövrlərdən keçən əsrin əvvəllərinə qədər İrandan, Gürcüstandan, Arran və digər bölgələrdən Azərbaycana gətirilən bütün ticarət, alış-veriş malları, hərbi yüklər Şamaxıdan keçərək Dərbənd və Niyazabadın limanlarına daşınmış, oradan da quru və su yolları ilə Dağıstana, Rusiyaya və başqa ölkələrə göndərilmişdir. Bu yol xalq arasında “Şirvan yolu” kimi tanınırdı. İlk orta əsrlərin ərəb müəlliflərinin təsvir etdikləri bu yoldan təxminin iki min il istifadə edildiyi göstərilir.
Xaçmazın bir çox yurd və yaşayış yerlərinin, tarixi abidələrinin aşkara çıxarılması üçün arxeoloqlar tərəfindən arxeoloji qazıntılar, tarixçilər tərəfindən elmi axtarışlar, araşdırmalar aparılmış, 5 min il yaşı olan Sərkərtəpənin, 6-7 yüz il yaşı olan məşhur Niyazabadın qaranlıq səhifələrinə işıq salınmış, elmə və geniş ictimaiyyətə maraqlı məlumatlar çatdırılmışdır.
Azərbaycan tarixinin müxtəlif qaynaqlarını, yəni arxeoloji və yazılı abidələrini araşdırdıqca, mənbələrini öyrəndikcə məlum olur ki, Xaçmaz bölgəsinin tarixi Eneolit dövründən başlayır. Tarixi inkişafın son tunc və ilk dəmir dövründə iri tayfa ittifaqları yaranmışdır ki, bu ittifaqlara nüfuzlu tayfa başçıları rəhbərlik edirdi. Bu dövrdə və sonralar tayfa başçıları və onların ailə üzvləri üçün nəhəng
kurqanlar ucaldılırdı.
Kür-Araz mədəniyyətinə aid ilk tunc və ilk dəmir dövrünü əhatə edən kurqanların Xaçmaz rayonunda qeydə alınması dediklərimizi bir daha təsdiq edir.
Miladdan əvvəl VI əsrə qədər Albaniyanın Xəzər sahilindəki ərazilərində – Dərbənddən Beşbarmaq dağınadək əvvəllər massagetlər yerləşmiş, sonralar hunların yaratdığı Mazqut və ya Masqut adlı dövlət fəaliyyət göstərmişdir. Erkən orta əsrlərdə Şimali Azərbaycan əhalisinin bir qismi massaget (maskut) adlandırılırdı.
Ayrı-ayrı vaxtlarda Dərbənd keçidi (alban qapıları) vasitəsilə Ön Asiyaya doğru türk tayfalarının axınları içərisində müxtəlif tayfalar: kimmer, skit, sak, massaget və hun adı altında birləşərək Qafqazda, eləcə də Xaçmaz bölgəsində mənşəcə özlərinə qohum olan digər türk tayfaları ilə qaynayıb qarışmışdılar.
Azərbaycan ərazisində Xaçmaz adlı digər yaşayış məskənlərinin olması bu fikri elmi cəhətdən daha inandırıcı edir. Düşünmək olar ki, Xaçmaz toponimi eyni adlı tayfanın adı ilə bağlıdır. Son dövrlərdə bəzi tədqiqatçıların əsərlərində Xaçmaz toponiminin yaradılması massaget mənşəli “xəz” və “mas” sözlərinin birləşməsindən və ya alban tayfalarından biri olan “heçmetak”, “xeçmetak” tayfalarının adından ibarət olması qeyd olunur.
Bu zonanın tarixi keçmişini öyrənmək məqsədilə 1975-1980-ci illərdə professor Cabbar Xəlilovun rəhbərliyi altında arxeoloji ekspedisiya 150-yə yaxın arxeoloji abidə qeydə almış və kəşfiyyat xarakterli işlər aparmışdır.
Xaçmaz ərazisində yerləşən tarixi abidələrə misal olaraq Sərkərtəpə, Dəyirmantəpə, Çanaxır, Qalağan, Xaspoladaba kurqanlarını, Xudat, İdrisoba, Bostançı, Nərəcan, Üçgün, Həsənqala, Çiləgir, Çağacuq və s. qədim tarixə malik olan yaşayış yerlərini, daş kitabə və sənduqələri göstərmək olar. Xaçmaz rayonunun ərazisində 72 tarixi memarlıq abidəsi qeydə alınmışdır ki, bunlardan 2-si (Sərkərtəpə yaşayış yeri (e. ə. III minillik) və Çanaxır təpələri dünya əhəmiyyətli, digərləri isə dövlət əhəmiyyətli abidələrdir.
Xaçmazın tarixi haqqında ilk məlumatlar Azərbaycan tarixinin Eneolit dövrünə təsadüf edir. Eneolit dövrü e.ə. VI minillikdən başlayaraq e.ə. IV minilliyə qədər olan dövrü əhatə edir. Bu dövrün əsas xüsusiyyəti istehsalat təsərrüfatının formalaşması və sürətli inkişafı idi. Məişətdə daş məmulatları ilə yanaşı, metaldan da istifadə olunmağa başlanmışdı. Eneolit dövrü yaşayış məskənlərindən tapılmış müxtəlif mis əşyalar (biz, iynə, bıçaq və s.) bunu sübut edir.
Bundan başqa bu dövr Xaçmaz rayonu ərazisindəki Sərkərtəpənin Azərbaycanın Kür-Araz mədəniyyəti dövrünün yaşayış məskənləri içərisində özünəməxsus yeri var.
Sərkərtəpə arxeoloji tapıntıları, sayagəlməz maddi mədəniyyət nümunələri, məişət əşyaları, dərin qatlardan üzə çıxarılmış yaşayış tikililəri ilə məşhurdur. Qazıntılar zamanı beş metrdən artıq mədəni təbəqə, erkən və orta tunc dövrlərinə aid altı tikinti qatı aşkar edilmişdir. Abidənin üst qatı Azərbaycana ərəblərin basqınları dövrünə (VIII əsr) təsadüf edir, monqol-tatar işğalları zamanı isə bu qatı təşkil edən ərazilər əhali tərəfindən tərk edilmişdir. İri çay daşlarından hörülmüş dördkünc bina qalığına, çoxlu sayda təsərrüfat və təndir quyularına, təsərrüfat quyularına məhz bu qatda rast gəlinmişdir.
Dünya əhəmiyyətli tarixi yaşayış məskəni olan Sərkərtəpədən çoxsaylı məişət və təsərrüfat qabları, toxuculuq məqsədilə istifadə olunan müxtəlif sümük alətlər də tapılmışdır. Zərif naxışlarla bəzədilmiş sümük əşyalar, qolbağılar və s. tapıntılar əhalinin yüksək bədii-estetik zövqündən, bütövlükdə isə inkişaf etmiş mədəniyyətindən xəbər verir.
Dünya əhəmiyyətli abidəmiz olan Canaxır təpələrinə yaxın olan Hülövlü kəndi ərazisində tapılmış, bədnəzərdən qorunmaq üçün və bəzək əşyası kimi işlədilən kauri-qarnıyarığın (balıqqulağı) buradan tapılması isə ta qədimdən Hind okeanı sahillərinə qədər mövcud olan ticarət-iqtisadi əlaqələrin mövcudluğunu təsdiq edir.
Bu ərazidə tapılan sürtkəc, dən və ding daşları isə bu ərazidə halinin həm də əhalinin yüksək əkinçilik mədəniyyətindən xəbər verir.
IV yüzillikdə Samur çayı, Şabran və Xə
zər dənizi arasındakı ərazidə müstəqil Maskut (bəzi mənbələrdə isə Məstəq) hökmdarlığı yaranıb. Xaçmazla qonşu Quba, Qusar bölgələrinin əraziləri də bu hökmdarlığın tərkibində olub. Bu dövlət sonralar Müşkür adlanıb. Maskut hökmdarlığının mərkəzi Çola şəhəri idi. Tarixi xəritələrdə şəhər Samur çayının mənsəbinin yaxınlığında göstərilir.
Bəzi tarixçilər Çola şəhərinin toponim yozumunu Çul-Çol adlı oğuzlardan ibarət qədim türkdilli soyun bu ərazilərə gəlib məskunlaşması, bölgənin iqtisadi-mədəni və hərbi həyatında fəal rol oynaması ilə bağlayırlar. Çola şəhəri Qafqaz Albaniyasının dini mərkəzi olub. Bu baxımdan digər köçəri tayfaların mütəmadi basqınları, təcavüzləri nəticəində ərazi uzun müddət döyüş meydanlarına çevrilib.
Müşkür toponimi Xaçmaz rayonunun tarixində mühüm yer tutur. Müşkür Ağçayla Samur çayı arasındakı əraziyə deyilmişdir. Orta əsrlərdə Şirvanşahlar dövlətinə daxil olan bu ərazidə daha sonralar Quba xanlığı yaranmışdır. Müşkür mahalı öz taxılı ilə nəinki bütün qəzanı, hətta Dərbənd və Bakı əyalətlərini təmin edirdi.
Muzeyimizin fondunda çox sayda dulusçuluq məmulatları qorunur, nümayiş etdirilir. Arxeologiya, məişət və etnoqrafiya şöbələrinə daxil olan dulusçuluq məmulatları müxtəlif dövrləri əhatə edir. Bu eksponatlar həm yaranma dönəminə, həmdə istifadə olunma istiqamətinə görə fərqlənirlər. Onların əksəriyyəti Xaçmazın qədim yaşayış məskənlərindən arxeloloji qazıntlar zamanı tapılmışdır.
Xaçmaz rayonunun ərazisi Albaniya dövlətinin tərkibinə daxil idi. Albanlar, yaxud bu ad altında çıxış edən etnoslar Şimali Azərbaycanın qədim əhalisi sayılırdı. “Əsrlər boyu bu ərazilərdə məskunlaşan Dağıstan və irandilli etnik qruplar alban türkləri ilə qohumlaşır.
E. ə.VII əsrin əvvəllərində kimmer, skit və sakların Azərbaycanda məskunlaşması onların isi dağlıq və aran hissələrdən ibarət olduğundan Albaniyada əhali əvvəllər olduğu kimi, əkinçilik və maldarlıqla məşğul olurdu.
Tərtib etdi: muzeyin direktoru Pakizə Mehdiyeva
Mənbə: Nizami Xudiyev "Xaçmaz görüşləri"