Yevlax ŞƏHƏR Bələdiyyəsi

Yevlax ŞƏHƏR Bələdiyyəsi Yevlax Şəhər Bələdiyyəsi

04/09/2026
14/08/2026

Naxçıvanın müdafiə potensialının gücləndirilməsi prioritet məsələdir

Avqustun 11-də Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri və səfər çərçivəsində verdiyi müsahibədə səsləndirdiyi fikirlər göstərir ki, Naxçıvanın inkişafına artıq yalnız bir regionun sosial-iqtisadi tərəqqisi kontekstində deyil, Azərbaycanın uzunmüddətli geosiyasi və geoiqtisadi strategiyasının mühüm tərkib hissəsi kimi yanaşılır.
Dövlət başçısının mesajlarından aydın görünür ki, qarşıdakı dövrdə Naxçıvanın həm ölkə daxilində, həm də bütövlükdə regionda rolu əhəmiyyətli dərəcədə artacaq. Naxçıvanın coğrafi mövqeyi uzun illər müəyyən məhdudiyyətlər yaratsa da, bu gün həmin mövqe böyük strateji üstünlüyə çevrilməkdədir. Azərbaycan, Türkiyə, Cənubi Qafqaz və daha geniş mənada Mərkəzi Asiya–Avropa xəttinin kəsişməsində yerləşən Naxçıvan yeni nəqliyyat və enerji xəritəsinin mühüm qovşaqlarından biri olmaq potensialına malikdir.
Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən mühüm məqamlardan biri Naxçıvanın inkişafının Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq prosesi ilə vahid strateji baxış çərçivəsində təqdim edilməsidir. Dövlət başçısı yaşıl enerji, kənd təsərrüfatı, suvarma, turizm və infrastruktur istiqamətlərində görülən işlərdən danışaraq bu bölgələrin iqtisadi baxımdan bir-biri ilə əlaqələndiriləcəyini vurğulayıb. Bu yanaşma faktiki olaraq Azərbaycanın qərb bölgələrindən Naxçıvana qədər uzanan yeni iqtisadi inkişaf məkanının formalaşdırılması deməkdir.
Burada nəqliyyat kommunikasiyalarının açılması xüsusi strateji əhəmiyyət daşıyır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin olunması təkcə ölkəmizin daxili kommunikasiya məsələsi deyil. Bu, eyni zamanda Türkiyə ilə Azərbaycan arasında əlaqələri daha da gücləndirəcək, Orta Dəhlizin imkanlarını genişləndirəcək və Mərkəzi Asiyadan Avropaya uzanan nəqliyyat-logistika sisteminə yeni imkanlar yaradacaq.
Prezidentin müsahibəsində qeyd etdiyi kimi, yeni kommunikasiya imkanlarından regionun digər dövlətləri, o cümlədən Ermənistan da istifadə edə bilər. Dövlət başçısının bu məsələdə ortaya qoyduğu yanaşma çox aydındır: yeni əməkdaşlıq modelində iqtisadi və nəqliyyat baxımından uduzan tərəf olmamalıdır.
Naxçıvanın inkişaf strategiyasının digər mühüm istiqaməti enerji sektorudur. Muxtar Respublikanın günəş enerjisi potensialı, burada həyata keçirilən yeni enerji layihələri Naxçıvanın gələcəkdə “yaşıl enerji” istehsalı və ixracı mərkəzlərindən birinə çevrilməsi üçün ciddi imkanlar yaradır. Naxçıvan üzərindən Türkiyəyə və oradan Avropa istiqamətinə enerji bağlantılarının inkişafı bu bölgənin əhəmiyyətini milli sərhədlərdən kənara çıxarır.
Eyni zamanda, Naxçıvanda sənayeləşmə, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatı, su təminatı, turizm və sosial infrastruktur üzrə həyata keçirilən layihələr kompleks xarakter daşıyır. Burada əsas məqsəd təkcə yeni obyektlərin tikilməsi deyil, uzunmüddətli və dayanıqlı iqtisadi modelin formalaşdırılmasıdır.
Prezident İlham Əliyevin Naxçıvan şəhərinin və bütövlükdə Muxtar Respublikanın inkişafı ilə bağlı Baş Planlara xüsusi diqqət yetirməsi də bu baxımdan mühüm məqamdır. Söhbət gələcək onillikləri əhatə edən sistemli şəhərsalma və regional inkişaf modelindən gedir. Yəni bugünkü layihələr Naxçıvanın gələcək iqtisadi və demoqrafik inkişaf perspektivləri nəzərə alınmaqla həyata keçirilir.
Naxçıvanın tarixi və mədəni potensialının qorunması da bu inkişaf modelinin ayrılmaz hissəsidir. Möminə xatun türbəsi kimi dünya əhəmiyyətli memarlıq abidələrinin bərpası, Əcəmi Naxçıvani irsinə göstərilən diqqət, tarixi-mədəni məkanların yenilənməsi Naxçıvanın beynəlxalq turizm potensialının daha geniş şəkildə təqdim olunmasına imkan verəcək.
Bütövlükdə Prezident İlham Əliyevin Naxçıvan səfəri və müsahibəsində verdiyi mesajlar bir strateji nəticəni ön plana çıxarır: Naxçıvan Azərbaycanın yeni regional siyasətində periferik coğrafiya deyil, əksinə, ölkəmizin Şərqlə Qərbi, Azərbaycanla Türkiyəni və daha geniş mənada Türk dünyasını birləşdirən əsas strateji məkanlardan birinə çevrilir.
Azərbaycanın yaratdığı yeni reallıqlar şəraitində Naxçıvan nəqliyyat və logistika qovşağı, yaşıl enerji mərkəzi, sənaye və ticarət platforması, eyni zamanda mühüm turizm məkanı kimi inkişaf etdirilir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın vahid iqtisadi və kommunikasiya məkanında birləşdirilməsi isə Azərbaycanın regional gücünü və tranzit imkanlarını daha da artıracaq.
Bu baxımdan Prezidentin Naxçıvana səfəri yalnız görülmüş işlərin təqdimatı deyil, Naxçıvanın gələcək onilliklərdə Azərbaycanın regional və qlobal mövqeyində tutacağı yerin strateji konturlarının nümayişidir.

02/08/2026

Azərbaycan–Qırğızıstan münasibətləri yeni müttəfiqlik mərhələsində

Azərbaycan ilə Qırğızıstan arasında dostluq və qardaşlıq münasibətləri ortaq tarixi, dil, mədəniyyət və milli-mənəvi dəyərlər üzərində formalaşaraq illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlərin təməlində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Müstəqilliyin ilk illərində məhz onun siyasi iradəsi sayəsində Azərbaycan ilə Qırğızıstan arasında diplomatik münasibətlər möhkəmləndirildi və 1995-ci ildə imzalanan Dostluq və Əməkdaşlıq haqqında Müqavilə iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaratdı.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə Azərbaycan regionun aparıcı dövləti, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və nüfuzlu söz sahibi kimi mövqeyini daha da möhkəmləndirib. Bu siyasət dost və qardaş ölkələrlə, xüsusilə Türk dünyası dövlətləri ilə münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edib.
Bu baxımdan Prezident İlham Əliyevin iyulun 30-da Qırğız Respublikasına etdiyi dövlət səfəri xüsusi əhəmiyyət daşıyır. Çolpon-Ata şəhərində Prezident İlham Əliyevlə Qırğızıstan Prezidenti Sadır Japarov arasında keçirilən təkbətək görüş, eləcə də Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının üçüncü iclası münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm siyasi hadisə oldu. Səfər çərçivəsində imzalanan "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı" və "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" iki ölkənin əlaqələrinin artıq strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldiyini nümayiş etdirdi.
Son illər Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər dinamik inkişaf edərək yeni məzmun qazanıb. Dövlət başçıları arasında formalaşmış yüksək etimad və səmimi münasibətlər, hökumətlərarası əməkdaşlıq mexanizmlərinin səmərəli fəaliyyəti, beynəlxalq və regional təşkilatlar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstək ikitərəfli əməkdaşlığın strateji xarakterini daha da gücləndirib. Tərəflər iqtisadiyyat, nəqliyyat, logistika, investisiya, kənd təsərrüfatı, enerji və rəqəmsal inkişaf kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl addımlar atırlar.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində keçirilən Dövlətlərarası Şuranın üçüncü iclası yalnız siyasi dialoqun möhkəmləndirilməsi deyil, həm də iqtisadi əlaqələrin genişləndirilməsi, humanitar əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu görüşlər bir daha göstərdi ki, Azərbaycan və Qırğızıstan qarşılıqlı etimada əsaslanan münasibətlərini daha da inkişaf etdirməkdə qətiyyətlidir.
İki ölkə arasında humanitar əməkdaşlıq münasibətlərin ayrılmaz hissəsini təşkil edir. Təhsil, elm, mədəniyyət, gənclər siyasəti və idman sahələrində həyata keçirilən birgə layihələr xalqlar arasında qarşılıqlı hörmət və etimadın möhkəmlənməsinə xidmət edir. Xüsusilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma prosesində Qırğızıstanın fəal iştirakı bu dostluğun əməli təzahürüdür.
Bu baxımdan Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstanın dəstəyi ilə inşa olunan Ayköl Manas adına tam orta məktəb xüsusi əhəmiyyət daşıyır. Müasir standartlara cavab verən bu təhsil ocağı yalnız bölgənin təhsil infrastrukturunun inkişafına töhfə vermir, həm də Azərbaycan və Qırğızıstan xalqları arasında qardaşlıq münasibətlərinin gələcək nəsillərə ötürülməsinin rəmzi kimi çıxış edir. Məktəbin tikintisi Qırğızıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin dirçəldilməsinə verdiyi dəstəyin bariz nümunəsidir və Türk dünyasında həmrəyliyin praktik ifadəsi kimi yüksək qiymətləndirilir.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma proqramlarında dost ölkələrin iştirakı həmin ərazilərin beynəlxalq əməkdaşlıq məkanına çevrildiyini göstərir. Bu proses həm də Türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı dəstəyin gücləndiyini nümayiş etdirir.
Bu gün Azərbaycan–Qırğızıstan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması iki ölkənin gələcək əməkdaşlığı üçün yeni perspektivlər açır. Siyasi dialoqun, iqtisadi əlaqələrin və humanitar əməkdaşlığın daha da genişlənməsi Türk dünyasının birliyinin möhkəmlənməsinə, regionda sülhün, sabitliyin və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verəcək. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha sübut etdi ki, Azərbaycan və Qırğızıstan ortaq dəyərlərə söykənən münasibətlərini gələcəkdə də yüksələn xətt üzrə inkişaf etdirmək əzmindədirlər.

02/08/2026
02/08/2026

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü hər bir azərbaycanlı üçün doğma dilimizə sevgi, milli kimliyimizə hörmət və mədəni irsimizə bağlılıq rəmzidir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin öz xalqı və dövləti qarşısında olan misilsiz xidmətləri sırasında respublikaya rəhbərlik etdiyi hər iki tarixi dövrdə ana dilimizin qorunması və inkişaf etdirilməsi məqsədilə atdığı addımlar, gördüyü işlər müstəsna əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik”. Hələ sovet dönəmində Ümummilli Lider xalqın öz müstəqilliyinə nail olması üçün vacib amillərdən biri olan milli ideologiyanın formalaşdırılması üzərində çalışarkən, bu məsələdə ana dilinin həlledici rolunu düzgün qiymətləndirir və onun qorunması üçün məqsədyönlü addımlar atırdı. Məhz özünün gərgin səyləri nəticəsində Ulu Öndər keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan dilini bütünlüklə unudulmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Heydər Əliyev dühasının zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması və bağlılığı sayəsində ötən əsrin 60-cı illərinin sonlarından başlayaraq müəyyən edilən siyasi kurs doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı.
Ulu Öndər Azərbaycan respublikasının rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub və bu sahədə qısa müddət ərzində misilsiz nəticələr əldə edib. Hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə Ulu Öndər Heydər Əliyev həqiqətən tarixi əhəmiyyət kəsb edən vacib məsələlərin həllinə, o cümlədən Azərbaycan dilinin qorunub-saxlanmasına, inkişafına və nəhayət, dövlət dili statusu almasına nail olub. Məhz Heydər Əliyevin misilsiz səyləri nəticəsində ana dilimizin bu ali statusu Azərbaycan SSR-in Konstitusiyasında və digər müvafiq qanunvericilik aktlarında öz əksini tapıb. Bununla da Moskvanın kəskin etirazlarına baxmayaraq, respublikamızda rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. Ümummilli Lider Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində fəal və ardıcıl şəkildə həyata keçirdiyi dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Liderin xalq qarşısında olan ən böyük tarixi xidmətlərindən biri oldu. Həmçinin Ulu Öndərin səyləri ilə həmin dövrdə respublikada azərbaycandilli təhsilin və maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. Azərbaycan dilində mətbuatın, elm və mədəniyyətin tərəqqisi üçün mühüm tədbirlər həyata keçirilib. Azərbaycanın böyük yazıçıları öz əsərlərini demək olar ki, yalnız ana dilində yazıb.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dil məsələsi yenidən gündəmə gəldi. Ana dilinin böyük təəssübkeşi olan Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1995-ci il oktyabrın 31-dən noyabrın 11-dək dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və dövlət dili olaraq Azərbaycan dili yekdilliklə qəbul edildi. Beləliklə, 1995-ci il noyabrın 12-də qəbul olunan yeni Konstitusiyanın 21-ci maddəsinə əsasən, Azərbaycan dili dövlət dili elan edildi. Bütün bunlarla yanaşı, Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirdi. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bir mühüm məqamı da qeyd etmək lazımdır ki, 2003-cü il yanvarın 2-də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi dilimizin inkişafı istiqamətində Ümummilli Liderin atdığı mühüm tarixi addımlardan biri oldu. Beləliklə, Ulu Öndər Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi kimi tarixi missiyasını da bütünlüklə həyata keçirmiş oldu. Bu Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu dövlət dili siyasətini müasir dövrün tələblərinə uyğun formatda inkişaf etdirərək uğurla davam etdirir. Dövlətimizin başçısı tərəfindən bu xüsusda imzalanmış sərəncam və fərmanların geniş əhatə dairəsi ana dilimizin zənginləşməsinə və tətbiq dairəsinin daha da genişlənməsinə əvəzsiz töhfələr verir.
Çıxışlarının birində Prezident İlham Əliyev demişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. Dövlətimizin başçısı tərəfindən 2018-ci il noyabrın 1-də imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman da ölkəmizdə ana dilimizə dövlət qayğısının ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir.

02/08/2026

Sakinlərin nəzərinə!
29.07.2026-cı il tarixdə saat 09:00-dan işlər sona çatanadək Tərtər Regional Qaz İsitismar İdarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən "Xaldan" QPS-dən qidalanan "Xaldan Əhali” ölçü qovşağından Havarlı kəndi istiqamətinə PE-315 mm L=9100 pm, PE-200 mm L=7596 pm uzunluğunda orta təzyiqli yeraltı qaz kəmərinin kompressor (hava) vasitəsi ilə kipliyə sınaq edilməsi ilə əlaqədar rayonunun Qaraoğlan, Quşçu, Xaldan, Yuxarı Salamabad, Aşağı Salamabad, Aşağı Bucaq, Yuxarı Bucaq, Ərəş, Yenicə, Əcəmi, Gülövşə, Bəydili, Əxşam, Hacıselli, Marzılı, Havarlı, Xanabad, Ərəbbəsrə kəndlərində və Meyvəli qəsəbəsində əhalinin mavi yanacaqla təminatında fasilə yaranacaqdır.
Nəzərə almağınızı xahiş edirik.

Address

H. Əliyev Pr 43 A
Yevlax
AZ6600

Alerts

Be the first to know and let us send you an email when Yevlax ŞƏHƏR Bələdiyyəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yevlax ŞƏHƏR Bələdiyyəsi:

Shortcuts

Share

Category