Zaqatala rayon Mədəniyyət Mərkəzi

Zaqatala rayon Mədəniyyət Mərkəzi Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi
Zaqatala rayon Mədəniyyət Mərkəzi

03/08/2026

Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd etdiyimiz bu gün milli şüurumuzun, dövlətçiliyimizin və mədəni irsimizin təntənəsidir. Azərbaycan dili dövlətimizin müstəqilliyini, xalqımızın milli birliyini və mənəvi bütövlüyünü ifadə edən ən mühüm amillərdən biridir. Yüzilliklərin sınağından keçərək bu günümüzə qədər gəlib çatan, zəngin leksik tərkibi, yüksək ifadə imkanları, ahəngdarlığı və bədii-estetik xüsusiyyətləri ilə dünya dilləri sırasında özünəməxsus yer tutan Azərbaycan dili hər bir azərbaycanlının ən böyük dəyərdir.
Tarixə nəzər salsaq görərik ki, SSRİ dövründə milli dillərin sıxışdırılması prosesi həyata keçirilirdi. SSRİ Konstitusiyasının qəbulundan sonra bu proses daha da gücləndirildi. Belə bir şəraitdə hətta milli respublikaların rəhbərləri belə ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Lakin, yaranmış əngəllərə baxmayaraq, dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyev ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etdi. 1978-ci il aprelin 2-də Heydər Əliyevin təkidi ilə yeni konstitusiyaya dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirən maddə əlavə olundu. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.
Müstəqillik illərində də respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkə rəhbərinin təşəbbüsü və fəal iştirakı ilə Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən müzakirələr nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. 1995-ci ilin noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit olundu.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmiləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərman və 2002-ci il 30 sentyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir.
Bəli, Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə də ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, diplomatiya aləminə yol açması, zənginləşməsi və dünyanın mötəbər kürsülərindən səslənməsi məhz Heydər Əliyevin yorulmaz fəaliyyəti və müdrik dil siyasətinin nəticəsidir. Müasir dövrdə Azərbaycan dilinin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan dilinin saflığının qorunması, dövlət idarəçiliyində və informasiya məkanında düzgün tətbiqi istiqamətində mühüm addımlar atılır. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı, 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.
Dil yalnız ünsiyyət vasitəsi deyil, xalqın varlığını qoruyan ən mühüm dayaqlardan biridir. Tarixi keçmişimizi, milli kimliyimizi və milli-mənəvi dəyərlərimizi yaşadan, bizlərə ulu babalardan miras qalan ən qiymətli milli sərvətimizi-ana dilimizi qorumaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

Kəmalə Əhmədova
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin
Zaqatala üzrə Təhsil sektorunun müdiri

01/08/2026

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Dil xalqın yaddaşı, mədəniyyəti və kimliyidir. Onu yaşadan hər gün doğma dildə sevə-sevə danışan insanlardır.

Bu gün Azərbaycan dili bayramını birlikdə qeyd edirik. Bayramınız mübarək!

23/07/2026

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirmiş, Avropa dövlətləri ilə siyasi dialoqu, iqtisadi əlaqələri və humanitar əməkdaşlığı ardıcıl şəkildə inkişaf etdirmişdir. Bu siyasətin mühüm istiqamətlərindən biri də Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında qarşılıqlı hörmət, bərabərhüququlu tərəfdaşlıq və ortaq maraqlara əsaslanan münasibətlərin davamlı inkişafıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri ölkəmizin Avropa istiqamətində həyata keçirdiyi çoxşaxəli xarici siyasətin növbəti mühüm uğuru kimi qiymətləndirilir.
İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulub. Keçən müddət ərzində iki ölkə arasında 70-dən çox sənəd imzalanıb, həmçinin ticari dövriyyənin artması məqsədi ilə 2011-ci il tarixində Ticarət və investisiyalar üzrə Almaniya-Azərbaycan yüksək səviyyəli İşçi Qrupu təsis edilib. Bu gün Azərbaycan və Almaniya arasında əməkdaşlıq uğurla həyata keçirilir.
21 iyul 2026-cı il tarixində Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində Berlində yüksək səviyyəli görüşlər keçirilib, “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında ikitərəfli gündəliyin kifayət qədər geniş olduğunu, Azərbaycan-Almaniya əlaqələrinin təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə və əmin-amanlığa töhfə verəcəyini vurğulayıb. Bir çox Alman şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini diqqətə çatdıran dövlətimizin başçısı Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürüldüyünü qeyd edib.
Prezident İlham Əliyevin bəyanatında enerji əməkdaşlığı xüsusi yer tutub. Dövlət başçısının da qeyd etdiyi kimi, bu ildən etibarən Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlayıb. Bununla da Azərbaycan qazı artıq Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır. Bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha təsdiqləyir.
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti olduğunu və Almaniya şirkətlərinin bu istiqamətdə çox böyük uğurlar əldə etdiyini qeyd edən prezident İlham Əliyev bildirib ki, “Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır.”
Bəyanatında Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqları da geniş şəkildə əks etdirən Prezident İlham Əliyev bildirib ki, “Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi.”
Bəli, Azərbaycan sülh prosesinə yalnız siyasi bəyanatlarla deyil, konkret addımlarla da töhfə verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan tərəfindən Ermənistana benzin və dizel yanacağının tədarükü həyata keçirilir, eyni zamanda Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin daşınması sürətlə artır. Qısa müddət ərzində 40 min tondan artıq yükün ölkəmizin ərazisindən tranzit daşınması yeni əməkdaşlıq mühitinin real nəticəsidir.
Dövlətimizin başçısı çıxışında Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətləri də diqqətə çatdıraraq, torpaqları uzun illər işğal altında olan Azərbaycanın bu gün çox tarixi bir dövr yaşadığını, öz gücü ilə işğala son qoyduğunu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, Ermənistana sülh təklif etdiyini və müsbət cavab aldığını qeyd edib və Almaniya hökumətinin bu prosesdə oynadığı rolu da yüksək qiymətləndirib.
Prezident İlham Əliyev bəyanatında Avropa İttifaqı ilə münasibətlərin inkişafına da toxunub: "Bu il biz həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon derLyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zamanda, gələcək əməkdaşlıq üçün də əminəm ki, Almaniya öz səylərini göstərəcək.”
Etibarlı tərəfdaşlığın yüksələn xətlə inkişafının əyani göstəricisi olan bu səfər ölkələrimiz arasında siyasi dialoqun daha intensiv xarakter almasına, iqtisadi əlaqələrin genişlənməsinə yeni imkanlar açacaq.

Eldar Mustafayev
RİHBA-nın Hüquq və kadr məsələləri sektorunun müdiri

22/07/2026

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür

16/07/2026

Qarşılıqlı hörmətə və etimada əsaslanan, strateji tərəfdaşlığa və regional sabitliyə töhfə verən Azərbaycan-Slovakiya əlaqələri yüksələn xətlə inkişaf edir. İyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə və strateji əməkdaşlığın gücləndirilməsinə yönəlmiş addımdır.
Səfər çərçivəsində Qarabağın dilbər güşəsi olan Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri çərçivəsində iyulun 14-də Şuşa şəhərində verdiyi bəyanatda Slovakiya-Azərbaycan əlaqələrinin inkişafının uğurla davam etdiyini diqqətə çatdırıb.
Keçən ilin sonunda Slovakiyaya rəsmi səfərini məmnunluqla xatırlayan prezident İlham Əliyev göstərilən qonaqpərvərliyə görə bir daha təşəkkürünü bildirib və Slovakiya-Azərbaycan siyasi əlaqələrinin çox yüksək səviyyədə olduğunu qeyd edib: “2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir.”
Bəyanatında Slovakiyanın Qarabağın bərpasında fəal iştirak etdiyini xatırladan Prezident İlham Əliyev bu dəstəyə görə ölkə başçısına bir daha təşəkkürünü bildirib. Müzakirə edilən məsələlər arasında iqtisadi-ticari əlaqələr, energetika, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələrin prioritet təşkil etdiyini diqqətə çatdıran prezident İlham Əliyev bundan sonra da bu münasibətlərin uğurla inkişaf edəcəyindən əminliyini ifadə edib.
Prezident İlham Əliyevin bəyanatında diqqəti cəlb edən mühüm məqamlardan biri də Prezident Peter Pelleqrinin Azərbaycana ilk dəfə gəlməməsi ilə bağlı fikirləri olub.
Şuşadan verilən mesajlar iki ölkə arasındakı strateji tərəfdaşlığın və dostluq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu növbəti dəfə nümayiş etdirib.

Sərxan Musayev
Zaqatala RİHBA Ərazi-təşkilat məsələləri sektoru müdiri

16/07/2026

İyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Beynəlxalq xarakter daşıyan Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak edib.
Mərasimdə çıxış edərək yerli və xarici ölkələrin media nümayəndələrinin və ekspertlərin müxtəlif mövzulara dair suallarını dolğun şəkildə cavablandıran Prezident İlham Əliyev Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etməyin böyük şərəf oldunu bildirib. Şuşanın yalnız mədəniyyət paytaxtı deyil, eyni zamanda beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrildiyini, burada keçirilən forumların Qarabağda aparılan bərpa və quruculuq işlərini, Böyük Qayıdış Proqramının uğurla icra olunduğunu, azad edilmiş torpaqlarda formalaşan yeni reallıqları beynəlxalq ictimaiyyətə birbaşa nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Prezident İlham Əliyevin çıxışının mühüm hissəsini Azərbaycanın nəqliyyat və logistika strategiyası təşkil edib. Dövlətimizin başçısı bildirib ki, ölkənin tranzit mərkəzinə çevrilməsi təsadüfi deyil, uzun illər davam edən ardıcıl siyasətin nəticəsidir. Fiziki infrastrukturun yaradılması, qonşu dövlətlərlə qarşılıqlı etimadın qurulması və çoxtərəfli əməkdaşlıq Azərbaycanın Avrasiya nəqliyyat xəritəsində əsas oyunçulardan birinə çevrilməsini təmin edib.
Türkiyə-Azərbaycan münasibətlərini xüsusi vurğulayan Prezident İlham Əliyev bu modelin artıq beynəlxalq münasibətlər üçün nümunəyə çevrildiyini, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn əlaqələrin yalnız ortaq tarixə və mədəniyyətə deyil, təhlükəsizlik, iqtisadiyyat və regional sabitlik kimi strateji maraqlara əsaslandığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev çıxışında Avropa Komissiyası ilə münasibətlərdə yeni mərhələnin başlandığını qeyd etsə də, Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli münasibətini sərt tənqid edib.
Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın inkişafına dair baxışlarını bölüşən dövlətimizin başçısı müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Donald Tramp administrasiyası ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirərək, Prezident Trampın sülhsevər, dünyanın müxtəlif bölgələrində sülhün bərqərar olunmasına çalışan bir lider olduğunu söyləyib.
Azərbaycanın hər zaman müsəlman ölkələri arasında həmrəyliyin, qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmlənməsini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev gələn il ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi edəcəyini xatırladaraq bildirib ki, “Azərbaycanda keçirilən çoxsaylı tədbirlər və irəli sürdüyümüz təşəbbüslər həmrəylik, qarşılıqlı anlaşma və birliyə xidmət edib.”
Enerji təhlükəsizliyi məsələləri də ölkə rəhbərinin çıxışının əsas istiqamətlərindən biri olub. Prezident bildirib ki, bu ildən etibarən Almaniya və Avstriyaya qaz ixracına başlamışıq və hazırda biz boru kəmərləri vasitəsilə 16 ölkəyə qaz tədarük edirik və boru kəməri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünyada birinci yerdəyik.
Bəli, Avropada etibarlı enerji tərəfdaşı kimi Azərbaycanın rolu getdikcə artır və bu istiqamətdə yeni əməkdaşlıq imkanları formalaşır. Ölkəmiz həm mövcud yataqlarda hasilatı artırır, həm də yeni layihələri uğurla həyata keçirir. Həmçinin, Avropa bazarında artan tələbat nəzərə alınaraq qaz nəqli infrastrukturunun genişləndirilməsi də strateji prioritetlərdən biridir.
Yaşıl enerji sahəsində həyata keçirilən layihələr də Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlandığının göstəricisidir. Prezident İlham Əliyevin sözlərinə görə, 2032-ci ilədək bərpaolunan enerji mənbələri üzrə 8 giqavat generasiya gücünə çatmaq planlaşdırılır. Bu isə hazırda elektrik enerjisinin istehsalında istifadə etdiyimiz bir neçə milyard kubmetr qaza qənaət etməyə imkan verəcək.
Çıxışda gündəliyimizin əsas istiqamətlərindən birinin də rəqəmsal transformasiyanın və süni intellektin inkişafı olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, “Bu yaxınlarda mən həmin məsələlərin əlaqələndirilməsi məqsədilə xüsusi Sərəncam imzaladım və bununla da bu sahə üzrə müvafiq komissiya, birgə işçi qrup, yəni vahid şura yaradıldı. Şübhəsiz ki, enerji təhlükəsizliyi bundan sonra da qlobal gündəliyin əsas mövzularından biri olaraq qalacaq.”
Regional təhlükəsizlik məsələlərinə toxunan Prezident İlham Əliyev Azərbaycanın hazırda müharibələrin əhatəsində yerləşdiyini xatırladaraq ölkənin əsas məqsədinin sərhədləri boyunca sülhün təmin olunması, beynəlxalq hüquqa əsaslanan münasibətlərin qurulması və münaqişələrin dialoq yolu ilə həlli olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, “biz müharibəsiz həyatı təsəvvür belə edə bilmirdik. Cəmi bir ildən azdır ki, sülh şəraitində yaşayırıq və bunun inkişaf, investisiyalar, insanların psixoloji durumu və cəmiyyətdə hökm sürən ab-hava baxımından verdiyi faydaları görürük. Bunun çoxsaylı müsbət təsirləri var. Əlbəttə, biz istərdik ki, cənubumuzda da, şimalımızda da mümkün qədər tez sülh bərqərar olsun. Lakin bu sülh ədalətli olmalı, beynəlxalq hüquqa əsaslanmalı, hər hansı bir tərəfin ambisiyaları və ya gündəliyi üzərində qurulmamalıdır. Beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır”.
Dövlət başçısı Bakı Təşəbbüs Qrupunun fəaliyyəti, insan hüquqları ilə bağlı ümumbəşəri məsələlər və beynəlxalq gündəmdə yer alan digər mühüm məsələlər barədə ətraflı fikirlərini bölüşərək
bildirib ki, Azərbaycan hər zaman konstruktiv mövqe nümayiş etdirir, dialoqu və qarşılıqlı anlaşmanı təşviq edir. Bu siyasət ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, müxtəlif tərəflər arasında etibarlı tərəfdaş kimi qəbul edilməsinə və qlobal təşəbbüslərdə fəal iştirakına imkan yaradıb.
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda beynəlxalq media nümayəndələrinin çoxsaylı suallarını əhatəli və məzmunlu şəkildə cavablandırması Azərbaycanın regional və qlobal gündəliyə dair prinsipial mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

İbrahim İbrahimov
rayon ziyalısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zaqatala Rayon Təşkilatının sədri, "Zaqatala" qəzetinin baş redaktoru

06/07/2026

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında formalaşmış əməkdaşlıq qarşılıqlı fayda, etibarlılıq və uzunmüddətli strateji maraqlara söykənən münasibətlər nümunəsidir. Xüsusilə Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində son illərdə enerji təhlükəsizliyi, ticarət, nəqliyyat, yaşıl enerji və regional bağlantılar sahəsində əldə olunan nailiyyətlər bu tərəfdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 1 iyul 2026-cı il tarixində ölkəmizə səfəri zamanı verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni inkişaf mərhələsində olduğunu bir daha nümayiş etdirir.
Mətbuata bəyanatı zamanı Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələdə olduğunu diqqətə çatdıran prezident İlham Əliyev vurğulayıb ki, “Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk.” Azərbaycanın Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olduğunu və Cənubi Qafqazda ticarətin təxminən 70 faizinin Azərbaycanla aparıldığını xatırladan dövlətimizin başçısı xanım Prezidentin Azərbaycana dörd il əvvəlki səfərinin də olduqca əhəmiyyətli olduğunu bildirib. Enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunun imzalandığı vaxtdan etibarən Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracının təxminən 65 faiz artdığını qeyd edən prezident bildirib ki, “Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur.”
Bəyanatda xüsusi diqqət çəkən məsələlərdən biri də bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi olub. Cənab prezident bildirib ki, Avropa Komissiyası ilə münasibətlərimizin kifayət dərəcədə yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır.
Prezident İlham Əliyevin regional təhlükəsizlik və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı verdiyi mesajlar da xüsusi əhəmiyyət daşıyır. Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atıldıını vurğulayan dövlətimizin başçısı bildirib ki, “Bir sözlə, sülh artıq reallıqdır. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Əlbəttə, biz Avropa Komissiyasının dəstəyini çox yüksək dəyərləndiririk.”
Bəli, bütün bunlar regiondakı dinamikanı gücləndirərək Cənubi Qafqazı hər hansı ərazi iddialarından, hər hansı münaqişədən azad, əməkdaşlıq və sülh regionuna çevirəcək. Bu səfər bir daha göstərdi ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin gələcəyi qarşılıqlı maraqlar üzərində qurulacaq.

Tahir Kamalov
Zaqatala RİHBA-nın Sənəd dövriyyəsi, vətəndaş
müraciətləri və inzibati işlər şöbəsinin müdiri

26/06/2026

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix – iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub.
Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi ümummilli liderimiz Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Ulu Öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə gələcəyi düşünərək 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Onun sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.
Müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.
“Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır.” deyən Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. 2001-ci il 20 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.
Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradıldı. Bu gün ölkəmizdə mindən çox hərbi təyinatlı məhsul istehsal edilir, dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silahlı qüvvələrin büdcəsi durmadan artır. Hərbi qulluqçuların sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır.
2016-cı ilin aprel döyüşlərində və 2018-ci ilin mayında Günnüt zəfəri ilə öz gücünü bütün dünyaya göstərən Azərbaycan Ordusu 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə başlanılan lokal xarakterli antiterror təməliyyatı ilə suverenliyimiz tam bərpa edildi.
Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı.
44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu və Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradıldı. Strateji tərəfdaşlığı və hərbi əməkdaşlığı müəyyən edən Şuşa Bəyannaməsi iki ölkə arasında hərbi-strateji əməkdaşlığın perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir.
Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda və müxtəlif dövlətlərin maraqlarının kəsişmə məkanında yerləşən Azərbaycan beynəlxalq hərbi əlaqələrini xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində reallaşdırır. Beynəlxalq hərbi əməkdaşlığın məqsəd və istiqamətləri Azərbaycan Respublikasının milli maraqlarına uyğun olaraq müəyyən olunur. Azərbaycan qonşu Türkiyə, Gürcüstan, Rusiya ilə yanaşı, Ukrayna, Belarus, ABŞ, Böyük Britaniya, Pakistan, İsrail və s. ölkələrlə hərbi, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq edir. Eyni zamanda İsrail dövləti ilə hərbi əməkdaşlıq Azərbaycanın beynəlxalq hərbi strategiyasında mühüm yer tutur. Həmçinin Azərbaycanın hərbi sahədə və xarici siyasətdə mühüm tərəfdaşlarından biri də Pakistan İslam Respublikasıdır.
Bəli, bu gün Azərbaycan Ordusunun yüksək hazırlıqlı zabit, gizir-miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və mülki heyətlə keyfiyyətli komplektləşdirilməsi istiqamətində vacib işlər aparılır. Müasir müharibələrin tələblərinə uyğun kadrların hazırlanmasının təkmilləşdirilməsi məqsədilə sürətlə dəyişən əməliyyat mühitində çevik qərar qəbul edən və yüksək adaptasiya qabiliyyəti olan kadrların hazırlanması istiqamətində xarici ölkələrin qabaqcıl təcrübələri öyrənilir və ölkəmizin hərbi maraqlarına uyğunlaşdırılaraq Azərbaycan Ordusunda tətbiq olunur. Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər həyata keçirilir.
Azərbaycan xalqı ona Qələbə sevinci yaşatmış Rəşadətli ordusu, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı ilə haqlı olaraq qürur duyur. Azərbaycan Silahlı Qüvvələrinin bütün əməkdaşlarını təbrik edir, gərgin və məsuliyyətli işlərində, xidmətlərində müvəffəqiyyətlər arzu edirik.

Anar Seyidov
Zaqatala RİHBA-nın Müharibə iştirakçıları
və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri

24/06/2026

Azərbaycan Respublikasının həyata keçirdiyi xarici siyasətin əsas istiqamətlərindən biri dost və qardaş ölkələrlə qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsidir. Bu baxımdan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2026-cı il iyunun 22-də Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm hadisə kimi qiymətləndirilir. Bu tarixi səfər çərçivəsində reallaşan geniş tərkibli görüşlər və imzalanan mühüm sənədlər iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri zamanı mətbuata bəyanatla çıxış edən prezident ilham Əliyev Azərbaycanla Türkmənistan arasındakı münasibətlərin möhkəm təməl - tarixi bağlar, mədəni və mənəvi əlaqələr üzərində qurulduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısının bəyanatında xüsusi vurğulanan məqamlardan biri Türkmənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi töhfə oldu. Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzulidə məscidin tikintisinin başlanmasını qardaşlığın və həmrəyliyin parlaq nümunəsi kimi qiymətləndirdi. Həmçinin Sərdar Qurbanquluyeviçə əməkdaşlığa görə minnətdarlığını bildirən dövlətimizin başçısı bildirdi ki, “Əminəm ki, gələn ay Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiya çərçivəsində bu gün verdiyimiz tapşırıqlar həmin vaxta qədər hərtərəfli işlənib hazırlanacaq və biz yeni birgə problemlərin həlli, yeni layihələrin reallaşdırılması mərhələsinə keçəcəyik.”
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə Türkmənistana bir daha təşəkkürünü bildirən prezident İlham Əliyev bunu tarixi hadisə adlandıraraq bildirdi ki, “coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır. Təbii ki, biz ilk gündən çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərməyə başladıq.”
Ölkə rəhbərinin bəyanatında nəqliyyat-logistika əməkdaşlığı xüsusi yer tutur. Müasir dünyada etibarlı və təhlükəsiz nəqliyyat marşrutlarının sayının məhdud olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycan-Türkmənistan əməkdaşlığının bu baxımdan qlobal əhəmiyyət daşıdığını diqqətə çatdırdı.
Türkmənistan və Azərbaycanın geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkə olduğunu xatırladan dövlətimizin başçısı qeyd etdi ki, “biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik.”
Qardaş türkmən xalqını və onun rəhbərliyini sosial-iqtisadi inkişafda əldə edilən əhəmiyyətli nailiyyətlər münasibətilə təbrik edən dövlətimzin başçısı bildirdi ki, “Biz, dostlarınız və qardaşlarınız olaraq, beynəlxalq arena da daxil olmaqla, uğurlarınıza həmişə sevinirik və artıq dünyada geniş ictimai dəstək qazanmış Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik.”
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində dövlət başçılarının mətbuata verdikləri bəyanatlar iki qardaş ölkə arasında münasibətlərin yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, bütövlükdə Türk dünyasının inteqrasiyası baxımından strateji əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi.

Tahir Məmmədov
YAP Zaqatala rayon təşkilatının
fəal üzvü, rayon ağsaqqalı

Address

Nizami Küçəsi
Zaqatala
AZ6200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 14:00

Telephone

+994242252550

Website

Alerts

Be the first to know and let us send you an email when Zaqatala rayon Mədəniyyət Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Zaqatala rayon Mədəniyyət Mərkəzi:

Shortcuts

Share