Zaqatala rayon MKS-nin Kəpənəkçi kənd kitabxana filialı

Zaqatala rayon MKS-nin Kəpənəkçi kənd kitabxana filialı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zaqatala rayon MKS-nin Kəpənəkçi kənd kitabxana filialı, Library, Zaqatala.

26/08/2026

Zaqatala rayon Nizami Gəncəvi adına Mərkəzi kitabxanasında Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə kitab sərgisi təşkil edilib.

Artıq dünya ölkələrində Azərbaycan muğamı birmənalı olaraq qəbul edilib, dünyanın mədəni irs siyahısında nadir əsər tək qorunur və təqdim olunur. Hər il 26 avqust- Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü kimi qeyd edilən bu bayram bütün muğamsevərlərin, xüsusilə də, bu sənət növünü yaşadan və onun təbliğinə öz yaradıcılıq və həyat yolunu həsr edən şəxslərin bayramıdır.
Sərgidə mövzuya dair bir-birindən maraqlı kitablar öz yerini alıb.

26/08/2026

26 avqust Azərbaycan xalqının yaddaşında xüsusi tarixi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad olunmasının rəmzi olmaqla yanaşı, milli iradənin və dövlətimizin gücünün təntənəsini ifadə edir.
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və xalqımız özü tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
1930-cu ildə inzibati ərazi vahidi statusu alan Laçın rayonu Azərbaycan tarixində, mədəniyyətində və ictimai həyatında özünəməxsus yeri olan qədim yaşayış məskənlərindən biridir. Zəngin təbiəti, tarixi-mədəni irsi və özünəməxsus həyat tərzi ilə seçilən bu şəhər 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalmış, işğalçı Ermənistan 30 il ərzində Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçında coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və burada demoqrafik tərkibin dəyişdirilməsi siyasəti aparmışdır. Ancaq dünya onillər boyu ermənilərin bu insanlıqdan kənar vəhşiliklərini görməzdən gəldiyi üçün tarixi ədaləti Azərbaycan özü öz gücünə bərpa etməli oldu. Artıq dörd ildir ki, qədim Laçın şəhəri azadlığın bəxş etdiyi xoşbəxt günlərini yaşayır.
İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında da sürətlə yenidənqurma, bərpa, abadlaşdırma işləri həyata keçirilir. Aparılan genişmiqyaslı quruculuq işləri bu gün Laçını yenidən canlandırır. Rayonun enerji potensialı ildən ilə artırılır. Rayonun yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. Uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu, onlarla tunel və körpülər, eləcə də hava limanı regionu Azərbaycanın digər bölgələri və dünya ilə birləşdirir. Bölgənin beynəlxalq statusunu və əhəmiyyətini artıran Laçın Beynəlxalq Hava Limanı həm də turizm baxımından mühüm əhəmiyyət daşıyır.
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Rayonda heyvandarlığın inkişafı üçün böyük imkanlar var.
Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq.
2026-cı il iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməli qoyulub. Layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarı yaradılacaq. Bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə təqribən 700 min nəfəri saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialı olacaq. “Həkəriçay” su anbarından qidalanan magistral boru kəmərinin üzərində ümumi gücü 10.81 MVt olan 3 su elektrik stansiyasının tikintisi də nəzərdə tutulur.
Artıq laçınlılar mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdır. 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailənin, Zabux kəndinə 217, Sus kəndinə 59, Bəylik kəndinə 89 ailənin daimi məskunlaşması təmin edilib.
MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuş, 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilmişdir.
Bəli, işğaldan azad olunmuş bütün torpaqlarımız dirçəlir, özünün xoşbəxt günlərini yaşayır. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaqdır.

Vidadi Hacıyev
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin Qax, Zaqatala və Balakən rayonları üzrə nümayəndəsi

26/08/2026

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə dövlətlərarası əlaqələrin ən sürətlə inkişaf edən istiqamətlərindən birinə çevrilmiş, ortaq tarixi-mədəni köklərə əsaslanan Azərbaycan–Özbəkistan qardaşlığı institusional, hüquqi və siyasi baxımdan möhkəmlənərək müttəfiqlik səviyyəsinə yüksəlmişdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı il tarixində Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında son illərdə sürətlə inkişaf edən münasibətlərin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu nümayiş etdirən mühüm siyasi hadisədir.
Səfər çərçivəsində Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclası keçirilib. Daşkənddə təşkil olunmuş Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimində Prezident İlham Əliyev ali dərəcəli “Dostluq” ordeni ilə, Prezident Şavkat Mirziyoyev isə “Heydər Əliyev” ordeni ilə təltif olunub. Dövlət başçılarının iştirakı ilə Azərbaycan və Özbəkistan arasında bir sıra sənədlərin imzalanması mərasimi keçirilib.
Dövlət səfəri çərçivəsində mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev Özbəkistanın son illərdə keçdiyi inkişaf yolundan bəhs edərək Özbəkistanı “yüksəliş dövrünü yaşayan” ölkə kimi xarakterizə edib.
Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələsini xarakterizə edən ən mühüm göstəricilərdən biri iqtisadi əlaqələrin sürətli genişlənməsidir. ŞavkatMiromonoviçin Özbəkistana rəhbərlik etməzdən əvvəl ölkələrimiz arasında heç bir birgə layihənin olmadığını diqqətə çatdıran prezident İlham Əliyev bildirib ki, “Bu gün biz bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq. Bu gün müzakirə olunanlar, iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələri - bütün bunlar hər iki ölkə paralel kursla inkişaf etməsəydi, mümkün olmazdı. Bu paralel kurs isə bu gün artıq daha geniş geosiyasətin mühüm amilidir.”
Bəli, Azərbaycan-Özbəkistan arasında əməkdaşlıq bütün sahələrdə, enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə edir. Onların hamısı birlikdə iki ölkə arasındakı münasibətlərin bənzərsiz xarakterini yaradır. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə isə cənab prezidentin qeyd etdiyi kimi, biz artıq prinsipcə son mərhələdəyik və gələn il istismar quyularının qazılmasına başlamağa çox ümid edirik.
Özbəkistanla münasibətlərimizdə Qarabağ amili də xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında Prezident Şavkat Mirziyoyevin Qarabağın bərpası prosesinə verdiyi dəstəyin ayrıca qeyd edilməsi ölkələrimiz arasındakı münasibətlərin mənəvi və siyasi ölçüsünü bir daha göstərdi.
Prezident İlham Əliyevin bəyanatında ökələrimiz arasında münasibətlərin gələcəyi baxımından “İrəliləmək üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layihə konkret məzmunla zəngindir.” fikri xüsusi əhəmiyyət daşıyır. Bu ifadə Azərbaycan–Özbəkistan əməkdaşlığının konkret layihələrə və uzunmüddətli strateji planlaşdırmaya əsaslandığını göstərir.
Prezident İlham Əliyevin bəyanatı bir daha göstərdi ki, Bakı və Daşkənd tərəfindən əsası qoyulan bu nəhəng müttəfiqlik binası sarsılmazdır.

Nurəli Əhmədov
Zaqatala şəhər bələdiyyəsinin sədri

26/08/2026

Zaqatala rayon MKS-nin Kəpənəkçi kənd kitabxana filialının əməkdaşı səyyar kitabxana xidməyi təşkil edib. Kənd tibb məntəqəsində keçirilən səyyar kitabxana xidmət çərçivəsində məntəqə üzvlərinə müxtəlif mövzularda bədii və elmi-kütləvi ədəbiyyatlar təqdim olunub, mütaliənin əhəmiyyəti barədə söhbət aparılıb. Oxucular təqdim olunan kitablarla tanış olub, maraq göstərdikləri nəşrləri mütaliə etmək üçün seçiblər.

Səyyar kitabxana xidmətinin əsas məqsədi kitab və mütaliəni oxuculara daha yaxın etmək, onların mütaliəyə marağını daha da artırmaq və kitabxana xidmətlərindən daha geniş istifadə imkanları yaratmaqdır.

24/08/2026

Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycanın əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda intensiv şəkildə inkişaf edir. İki qardaş dövlət arasında yüksələn strateji tərəfdaşlıq Azərbaycan və Özbəkistan xalqlarının rifahına xidmət etməklə yanaşı, Türk dünyasının birliyini möhkəmləndirir. Prezident İlham Əliyevin avqustun 21-də Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə də ikitərəfli münasibətlərin inkişaf dinamikası və qarşıdakı perspektivlər geniş şəkildə açıqlanır.
Müsahibəsində Azərbaycan və Özbəkistan arasında münasibətlərin ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslandığını vurğulayan prezident İlham Əliyev bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlərin son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Dövlətlərimiz arasında siyasi dialoqun çox yüksək səviyyədə olduğunu diqqətə çatdıran prezident İlham Əliyev ikitərəfli səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, xüsusən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdiyini və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdığını qeyd edib.
Müsahibədə iqtisadi münasibətlərlə bağlı açıqlanan rəqəmlər də diqqət çəkib. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon dollara çatması, 2026-cı ilin ilk beş ayında isə daha 33 faiz artımın qeydə alınması iqtisadi münasibətlərin sürətlə genişləndiyini göstərir. Üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti münasibətlərin sadəcə “alıcı-satıcı” modelindən çıxarılaraq qarşılıqlı investisiya və istehsal əməkdaşlığına keçirilməsi baxımından əhəmiyyətlidir.
Dövlət başçısı həmçinin energetika sektorunda əməkdaşlığımızın fəal şəkildə inkişaf etdiyini bildirib. Özbəkistanın OZLITINEFTGAZ institutu və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi 2016-cı ildən bəri neft-qaz sahəsində uğurla fəaliyyət göstərir. Bundan əlavə, 2024-cü ildə yaradılan SOCAR və “Özbəknefteqaz” SC arasında birgə müəssisə olan “Turan Energy AFEZCO” “Azərikimya” İstehsalat Birliyi tərəfindən istehsal olunan yüksəktəzyiqli polietilenin Özbəkistana ixracını həyata keçirir. Yaşıl enerji sahəsində əməkdaşlığımız da davam edir. İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. Özbəkistan tərəfi ilə həyata keçirilən bir sıra birgə layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verir.
Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları bir-birini tamamlayır və yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır. Ölkəmizdə Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib. Azərbaycan da Özbəkistanda investisiya layihələri həyata keçirir.
Xalqlarımızın qarşılıqlı səyləri və dövlətlərimizin birgə dəstəyi sayəsində son illərdə mədəni-humanitar əlaqələr uğurla inkişaf edir. Birgə keçirilən mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər və təhsil proqramları iki ölkə arasında mədəni və humanitar gündəliyin möhkəmlənməsində xüsusi rol oynayır. Cənab prezidentin qeyd etdiyi kimi, iki qardaş ölkənin - Azərbaycanın və Özbəkistanın bütün məsələlərdə bir-birini daim dəstəkləməsi faktı qürur hissi doğurur.
Prezident İlham Əliyevin müsahibəsində Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlı verilən mesajlar xüsusi əhəmiyyət daşıyır. Qəbələdə keçirilmiş TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə təşkilatın möhkəmləndirilməsi, Türk dünyasında daha sıx birliyin təmin olunması, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması və qlobal arenada təsir və güc mərkəzinə çevrilməsi istiqamətində mühüm qərarların qəbul edilməsi Türk Dövlətləri Təşkilatının gələcəyi haqqında kifayət qədər aydın strateji baxışdır.
Dövlətimizin başçısının müsahibəsində diqqəti cəlb edən ən mühüm strateji istiqamətlərdən biri nəqliyyat və logistika məsələsidir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevirir. Bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən ən mühüm geosiyasi məqamlardan biri Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlıdır. Keçən ilin noyabrında Daşkənddə Özbəkistanın sədrliyi ilə keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərar qəbul edildi. Bu prosesdə göstərdikləri dəstəyə görə Özbəkistan Respublikasının Prezidentinə, həmçinin Mərkəzi Asiyanın digər dövlət başçılarına bir daha səmimi təşəkkürünü bildirən prezident İlham Əliyev bildirib ki, “Azərbaycanın bu formatda tamhüquqlu iştirakı ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti nümayiş etdirir. Məşvərət görüşləri çərçivəsində aparılan diskussiyalar region ölkələri arasında qarşılıqlı etimadı daha da gücləndirməyə, yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə və regional inkişaf naminə mühüm təşəbbüsləri həyata keçirməyə imkan verir. Həmçinin Azərbaycanın bu formatda iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir.”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri ortaq tariximizə, dilimizə və mədəniyyətimizə söykənən, eyni zamanda regional və qlobal proseslərə təsir imkanları artan strateji müttəfiqlik münasibətləridir.

Famil Rəhimov
Zaqatala Heydər Əliyev Mərkəzinin direktoru

17/08/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri mühüm siyasi, sosial-iqtisadi və strateji əhəmiyyət daşıyan hadisə kimi yadda qalıb. Bu səfər Naxçıvanın hərtərəfli inkişafının ardıcıl xarakter daşıdığını bir daha nümayiş etdirib. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibə isə görülən işlərin və qarşıda duran vəzifələrin daha geniş şəkildə ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər etdiyini və hər səfərin də böyük mənası və gözəl nəticələri olduğunu diqqətə çatdıran dövlətimizin başçısı Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının təmin edilməsinin əsas hədəflərdən biri olduğunu bildirib. Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin hərbi qüdrətinin və müdafiə imkanlarının yüksək səviyyədə olduğunu qeyd edib.
Müsahibəsi zamanı Naxçıvan Sənaye Parkının təməlinin qoyulmasını xüsusi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirən prezident İlham Əliyev hazırda təxminən 200 meqavat generasiya gücünə malik olan Naxçıvanda 300 meqavat gücündə yeni istilik elektrik stansiyasının inşa ediləcəyini bildirib.
Bəli, Naxçıvan artıq enerji təminatında yeni mərhələyə keçir. Bu layihə Naxçıvanın enerji imkanlarını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, regionun gələcək sənaye inkişafı üçün də mühüm baza yaradacaq. Bərpaolunan enerji sahəsində də Naxçıvan üçün böyük perspektivlər mövcuddur. Burada bir çox su və Günəş elektrik stansiyaları, modul tipli elektrik stansiyası inşa edilmişdir. Cənab prezidentin qeyd etdiyi kimi, aparılan monitorinq və dəqiq təhlil əsasında Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır. Buna görə artıq 600 hektardan çox ərazi müəyyən edilib və orada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyaları inşa ediləcək. Naxçıvandan çox böyük həcmdə elektrik enerjisinin ixracı da nəzərdə tutulacaq. Enerji təhlükəsizliyinin digər mühüm komponenti qaz təminatıdır. Naxçıvanın qazlaşma səviyyəsinin 100 faizə çatdırılması əhalinin sosial rifahı və iqtisadi fəaliyyət üçün mühüm nəticədir.
Çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malik Naxçıvanın Azərbaycanın tarixində və dövlətçilik ənənələrində xüsusi rolunu vurğulayan Prezident qeyd edib ki, “Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir.”
Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət yetirdiyi məsələlərdən biri Zəngəzur dəhlizi və Naxçıvanın gələcək nəqliyyat imkanları ilə bağlı fikirləridir. Dövlət başçısı bildirib ki, Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü Azərbaycana məxsusdur və Azərbaycanın əsas hissəsinin ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirilməsi çoxdankı hədəfdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda bu məsələnin əks olunması üçün göstərilən siyasi səyləri xatırladan prezident İlham Əliyev 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Zirvə Görüşünün bu məsələdə dönüş nöqtəsi olduğunu bildirib.
Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır olduğu, dəmir yolunun tikintisinin də sürətlə davam etdiyi diqqətə çatdıran prezident İlham Əliyev Naxçıvan istiqamətində Ordubad və Sədərək rayonları ərazisində mövcud olmayan dəmir yolu hissələrin yenidən tikiləcəyini bildirib. Ölkə başçısı vurğulayıb ki, “Azərbaycan öz vəsaiti hesabına bu dəmir yolunu tam işlək və 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan vəziyyətə çatdıra bilər və çatdırmalıdır.”
Bir çox beynəlxalq qurumların, bəzi ölkələrin bu yola maraq göstərdiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, “Təbii ki, nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə beynəlxalq konsorsium investorlardan ibarət ola bilər və biz buna açığıq.”
Prezidentin sözlərinə görə, bu yolun əhəmiyyəti təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Çünki bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq.
Beləliklə, Zəngəzur layihəsi nəqliyyat dəhlizindən daha geniş anlayışa çevrilir. Bu, enerji, rəqəmsal kommunikasiya, logistika və iqtisadi inteqrasiyanı özündə birləşdirən çoxfunksiyalı regional bağlantıdır.
Bununla yanaşı, Naxçıvanın inkişafında xarici investisiyaların cəlb edilməsidə mühüm istiqamət kimi müəyyənləşdirilir. Prezident artıq müxtəlif istiqamətlərdən investisiya təkliflərinin daxil olduğunu və Naxçıvanın potensialından daha geniş istifadə olunacağını bildirib. Bu isə muxtar respublikanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaradır.
Müsahibədə Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarə etmə modelinin üstünlüklərinin Naxçıvanda da nəzərə alınacağı bildirilib. Prezident qeyd edib ki, “kadr islahatları ilə paralel olaraq, bu struktur islahatları da, əlbəttə, əsas hədəfə istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar.”
Beləliklə, Prezident İlham Əliyevin AzTV-yə müsahibəsi yalnız Naxçıvanın inkişafı haqqında deyil, Azərbaycanın gələcək regional modelinin konturlarını göstərir.

Kamran Məmmədov
Zaqatala RİHBA-nın Sosial-iqtisadi məsələlər,
informasiya təminatı və təhlili sektorunun baş məsləhətçisi

14/08/2026

Texnologiyanın sürətli inkişafı, informasiya resurslarının çoxalması və biliyə çıxış imkanlarının genişlənməsi kitabxanaların qarşısında yeni vəzifələr qoyur.

03/08/2026

Ortaq mədəni və tarixi köklərə, ümumi türk kimliyinə əsaslanan Azərbaycan-Qırğızıstan əlaqələri artıq strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri, səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan çoxsaylı sənədlər, qəbul olunan Çolpon-Ata Bəyannaməsi, qarşılıqlı ali dövlət təltiflərinin təqdim edilməsi və dövlət başçılarının mətbuata bəyanatları Azərbaycan–Qırğızıstan münasibətlərinin artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda səsləndirdiyi “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikri əsas siyasi mesaj kimi xüsusi əhəmiyyət daşıyır. Bu fikir göstərir ki, Azərbaycan və Qırğızıstan münasibətləri artıq qarşılıqlı etimada, siyasi həmrəyliyə və ortaq strateji maraqlara əsaslanan müttəfiqlik mərhələsinə qədəm qoyub. Dövlət başçısının vurğuladığı kimi, iki ölkə bütün təşəbbüslərdə-həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birini bundan sonra da dəstəkləyəcək.
Səfər iqtisadi sahədə də mühüm nəticələrlə yadda qalıb. Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılıq əldə edildiyini vurğulayan dövlətimizin başçısı əmin olduğunu bildirib ki, “bu da son hədd deyil, çünki Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir.”
Səfər çərçivəsində İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa olunan “Bakı Resort & Spa” hotelinin istifadəyə verilməsi də xüsusi diqqətə layiq hadisədir. İlk beşulduzlu hotelin məhz “Bakı” adını daşıması Azərbaycanın Qırğızıstana münasibətdə səmimi dostluğunun və uzunmüddətli əməkdaşlıq niyyətinin rəmzidir.
Prezident İlham Əliyev bəyanatında Qırğızıstanın Qarabağın bərpasına verdiyi dəstəyi xüsusi minnətdarlıqla qeyd edib. Dövlətimizin başçısı həmçinin Qırğızıstan Prezidenti Sadır Japarova və Mərkəzi Asiya ölkələrinin digər prezidentlərinə Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunmasına görə təşəkkürünü bildirib.
Səfər çərçivəsində Prezident İlham Əliyevin Qırğızıstanın ali dövlət mükafatı – birinci dərəcəli “Manas” ordeni ilə təltif edilməsi, Prezident Sadır Japarovun isə Azərbaycanın ən yüksək dövlət təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülməsi iki ölkə arasında qarşılıqlı etimadın və qardaşlığın ən yüksək səviyyədə olduğunu göstərən mühüm siyasi hadisədir.
Bəli, Bakıda Çingiz Aytmatovun abidəsinin ucaldılması və adını daşıyan parkın salınması, Bişkekdə Qırğızıstan–Azərbaycan Dostluğu Parkının yaradılması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi ortaq köklərə malik və bir neçə beynəlxalq strukturda birləşmiş xalqlarımızın necə yaxın olduğunu bir daha nümayiş etdirir. Bütövlükdə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və mətbuata verdiyi bəyanatı təkcə iki qardaş ölkə arasında mövcud münasibətlərin yüksək səviyyəsini deyil, həm də gələcək əməkdaşlığın strateji mahiyyətini nümayiş etdirir.

Raqif Qasımov
İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent,
UNEC Zaqatala filialı direktoru

03/08/2026

Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd etdiyimiz bu gün milli şüurumuzun, dövlətçiliyimizin və mədəni irsimizin təntənəsidir. Azərbaycan dili dövlətimizin müstəqilliyini, xalqımızın milli birliyini və mənəvi bütövlüyünü ifadə edən ən mühüm amillərdən biridir. Yüzilliklərin sınağından keçərək bu günümüzə qədər gəlib çatan, zəngin leksik tərkibi, yüksək ifadə imkanları, ahəngdarlığı və bədii-estetik xüsusiyyətləri ilə dünya dilləri sırasında özünəməxsus yer tutan Azərbaycan dili hər bir azərbaycanlının ən böyük dəyərdir.
Tarixə nəzər salsaq görərik ki, SSRİ dövründə milli dillərin sıxışdırılması prosesi həyata keçirilirdi. SSRİ Konstitusiyasının qəbulundan sonra bu proses daha da gücləndirildi. Belə bir şəraitdə hətta milli respublikaların rəhbərləri belə ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Lakin, yaranmış əngəllərə baxmayaraq, dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyev ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etdi. 1978-ci il aprelin 2-də Heydər Əliyevin təkidi ilə yeni konstitusiyaya dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirən maddə əlavə olundu. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.
Müstəqillik illərində də respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkə rəhbərinin təşəbbüsü və fəal iştirakı ilə Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən müzakirələr nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. 1995-ci ilin noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit olundu.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmiləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərman və 2002-ci il 30 sentyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir.
Bəli, Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə də ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, diplomatiya aləminə yol açması, zənginləşməsi və dünyanın mötəbər kürsülərindən səslənməsi məhz Heydər Əliyevin yorulmaz fəaliyyəti və müdrik dil siyasətinin nəticəsidir. Müasir dövrdə Azərbaycan dilinin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan dilinin saflığının qorunması, dövlət idarəçiliyində və informasiya məkanında düzgün tətbiqi istiqamətində mühüm addımlar atılır. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı, 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.
Dil yalnız ünsiyyət vasitəsi deyil, xalqın varlığını qoruyan ən mühüm dayaqlardan biridir. Tarixi keçmişimizi, milli kimliyimizi və milli-mənəvi dəyərlərimizi yaşadan, bizlərə ulu babalardan miras qalan ən qiymətli milli sərvətimizi-ana dilimizi qorumaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

Kəmalə Əhmədova
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin
Zaqatala üzrə Təhsil sektorunun müdiri

01/08/2026

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Dil xalqın yaddaşı, mədəniyyəti və kimliyidir. Onu yaşadan hər gün doğma dildə sevə-sevə danışan insanlardır.

Bu gün Azərbaycan dili bayramını birlikdə qeyd edirik. Bayramınız mübarək!

Address

Zaqatala

Website

Alerts

Be the first to know and let us send you an email when Zaqatala rayon MKS-nin Kəpənəkçi kənd kitabxana filialı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category